Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:38

Çernobıl əlili: «Deyirdilər Qazaxıstana taxıl biçininə gedirsiz»


Xələf Həsrətov
Xələf Həsrətov
Çernobıl Əlilləri İttifaqı Nəsimi rayon şöbəsinin sədri Xələf Həsrətov 26 il əvvəlki hadisələr barədə AzadlıqRadiosuna danışıb.

- Xələf müəllim, necə oldu ki, Çernobıla getməyə qərar verdiniz?

- O zaman respublika hərbi komissarı general Qasımov əmr verdi. Ehtiyatda olan hərbçi kimi, heç həkim müayinəsindən keçmədən Salyan kazarmasına apardılar. Orda hərbi forma geyindirdilər. Dedilər ki, bizim qəhrəman övladlarımızsınız, siz ehtiyatda olan hərbçilər təcrübəli olduğunuz üçün köməyiniz lazımdır. Demədilər ki, Çernobıl faciəsi ilə əlaqədar gedirsiz, dedilər gedib Qazaxıstanda işləyəcəksiz, filan yerdə hərbi xətlə. Əməkhaqqınız burda da qalacaq, orda da əməkhaqqı alacaqsınız.

- Neçə nəfər idiniz?

- Bir çağırışda 500-dən çox olardı.

- Və heç kəs bilmirdi ki, hara gedir...

- Yox, deyirdilər Qazaxıstana taxıl biçininə, taxıl daşımağa gedirsiz. Mən dedim axı bizim hərbi vəzifələrimiz başqadır. Dedi, sən sürücü işləyəcəksən. Mənim hərbi vəzifəm sürücü olub o zaman. Getdik. İvankova çatanda gördük ki, rus dilində yazılıb «Ehtiyatlı olun, radiasiya». Onda başa düşdük ki, bizi Çernobıl faciəsi ilə əlaqədar göndəriblər. Ancaq o zaman SSRİ Səhiyyə naziri Yevgeni Çazov və Müdafiə naziri Dmitri Yazovun birgə qərarı var idi. Onların əmrində göstərilir ki, SSRİ vətəndaşlarından yaşı 40-ı ötmüş, 2 övladı olanlar könüllü surətdə ezam olunur. Qafqaz respublikalarından ən çox azərbaycanlıları ora səfərbər ediblər. Burdan ehtiyatda olan hərbçiləri, subayları göndəriblər. Əksəriyyətinin də övladlarında indi fiziki qüsurlar var, anormal doğulmuş övladları var.

- Belə başa düşdüm ki, Siz düşmürdünüz o siyahıya...

- Düşmürdüm əlbəttə ki. 38 yaşım var idi. Bir də ki, o zaman mənim 1 övladım var idi.

- Çoxları getmişdimi ora? Hər kəs cavan idi, yoxsa o şərtlərə uyğun olanlar da vardı?

- Getmişdi deyəndə...Getmək yox, məcburən göndərilmişik biz. Heç kəs könüllü getməyib. O vaxt hərbi komissar Qasımov Moskvada hesabat verəndə deyirdi ki, bizdə könüllülər çoxdur. Axırda o barədə biz iddia qaldırdıq. Heç bir hərbi komissarlıqda özü ərizə yazıb gedən könüllü tapılmadı.

- Azərbaycandan orda iştirak etmiş 7257 nəfərdən heç bircə nəfər də könüllü getməyib?

Çernobıl, 26 aprel 1986
Çernobıl, 26 aprel 1986
- Yoxdur belə biri. Könüllü yoxdur. Könüllü yalnız müəyyən tikinti təşkilatları vasitəsilə gedənlər ola bilərdi. Onlar da mülki vətəndaşlardır. Mülki vətəndaşları isə Çernobıla yox, başqa şəhərlərə yaşayış massivləri inşa olunmaq üçün aparırdılar.

- Nə qədər müddət işlədiniz orda?

- 78 gün. Ancaq artıq saxladılar. Qərarda göstərilmişdi ki, 6 aylıq ezam olunsun. 1 gün orda 3 gün sayılırdı. 2 aya buraxılmalıydıq, amma əlavə 18 gün də saxladılar.

- Sizinlə birlikdə orda başqa xalqların da nümayəndələri çalışırdı. Onlar da azərbaycanlılar kimi məcburi gətirilmişdi?

- Yox, onlarda könüllü gələnlər çox idi. Bizdən çox yaşlı idilər. Ətrafımdakı şəxslərdən ən çox bizimkilər idi.

- Bəs necə oldu ki, Azərbaycan hökuməti sizi məcburi göndərdi, amma başqa respublikalardan hər kəs könüllü və şərtlərə uyğun olaraq seçildi?

- SSRİ Çernobıl İttifaqının prezidenti Qrişin Moskvada özü etiraf etdi ki, respublika hərbi komissarı Qasımov öz vəzifəsinə, rütbəsinə hörmət üçün edib bunu.

Çernobıl faciəsi

1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də nüvə partlayışı baş verib.

Hadisə zamanı 7000-ə yaxın insan həlak olub, 25000 insan radiasiya nəticəsində ömürlük şikəst qalıb.

Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.
XS
SM
MD
LG