Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:25

Şəhriyar Del Gerani. Sonuncu sevgi şeiri


"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin şeir onluğundan


Şəhriyar Del Gerani


sonuncu sevgi şeiri...

sənnən mənə bircə küçə qaldı
çıxıb getməyə bu şəhərdən,
bircə dəniz qaldı unutmağa,
bircə pişiyimiz qaldı darıxmağa,
sən bilmədin,
bir oğlan gələrdi hər axşamçağı
avtobus dayanacağına,
sən olmazdın,
sənsizlik yaşardı bütün dayanacaqlarda...
siqaret közərərdi barmaqlarında,
saçları pırtlaşığdı, çəkməsi deşikdi, pencəyi inişilkidi...
təkcə unutmağı təzədi,
bəstəboydu, gözləri qonurdu,
sol yanağında batığı var unutmağının...
sən bilmədin,
bu şeir barışmaq üçündü,
hamıyla, tanrıyla,
yaşamınla da.
yəni gülümsə qucağlayıbən bütün gileyi...
anamın canında dolaşan ağrıları kimi,
səhərəcən veyildənirdi Təbriz küləyi...
indi yığışıb təkadamlıq yatağıma,
nigaranlığıma toxunuram.
gecələr ağlamaq, düşünmək romantiklərin işidi,
mənsə gecələr gülümsüyürəm.
uşaqlığım səadətli keçib,
bunu özümsüzlüyümdə bilmişəm.
oyuncaqlarım olmuyub,
anamın əlləriylə oynamışam,
saymağ öyrənmişəm,
əl tutmaq, əl öpmək, əl sığallamaq öyrənmişəm uşaqlığımda,
bir də
oyuncaqsızlığımda.

***

sənnən mənə bircə küçə qalmışdı
çıxıb getməyə bu şəhərdən,
bircə dəniz qalmışdı unutmağa,
bircə pişiyimiz qalmışdı darıxmağa...
sən bilmədin,
bu şeir barışmaq üçünüydü,
hamıyla, tanrıyla,
yaşamınla da,
yəni gülümsə qucağlayıbən bütün gileyi...
anamın canında dolaşan ağrıları kimi,
səhərəcən veyildənirdi Təbriz küləyi...
indi, yığışıb təkadamlıq çarpayıma,
gülümsüyürəm,
məktəb vaxtlarım da yaxşı keçib.
bunu da dünən xatırladıb böyük bacım...
yox, bufet tanımamışam,
çantamda iki dilim çörək olub həmişə.
sinif şəkillərində kənarda dayanmağım
bir az müharibə sonrasıydı,
bir az atamın borcuydu,
sələmçilərin döyməsiydi darvazamızı bazar günləri.
anam deyirdi:
onsuz da sonralar maraqsız görünür
aşağı sinif şəkilləri,
amma sonra boynumu qucaqlayıb
yenə nəsə də demək istəyirdi,
və heç vaxt demədi...
indi boylanıb qalmışam
anamın əllərinə,
o iki dilim çörəyə,
bir də, aşağı sinif şəkilllərinə...

***

sən bilmədin,
sənnən mənə bircə küçə qalmışdı
çıxıb getməyə bu şəhərdən,
bircə dəniz qalmışdı unutmağa...
hüznlüydü türkülər,
hüznlüydü filmlər,
istəklər də, ayrılıqlar da həminkiydi...
qayıda bilirsən qayıt, bacarırsan gəl...
gəl unutdur şəkillərdəki səadəti,
gəl unutdur özünsüzlüyü,
dözümsüzlük yaşar otağımda, dözümsüzlük –
divara yumruq vurmaq kimi,
səhərə yaxın yatmaq,
günorta oyanmaq kimi səliqəsiz yaşantılar...
unutma:
sənə olan sevgimdə,
içib küçədə yıxılmaq da var...
Bu şeir barışmaq üçünüydü,
Hamıyla, tanrıyla, yaşamınla da,
yəni gülümsə qucaqlayıbən bütün gileyi,
canımda dolaşan ayrılığlar kimi səhərəcən veyildənir Təbriz küləyi...
XS
SM
MD
LG