Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:26

Mitinqdə tutulan gənclərin taleyindən narahatlıq artır...


17 mart mitinqi dava ilə bitdi
17 mart mitinqi dava ilə bitdi
-
GƏNCLƏR POLİSİN SAXLANMA TƏCRİDXANASINDA QALACAQLAR

Martın 17-də saxlanan Camal Əli, Natiq KamilovEtibar Salmanlı Müvəqqəti Saxlanma Məntəqəsinə aparılmayacaq. Onlar Səbail rayon Polis İdarəsində qalacaqlar.

Bunu AzadlıqRadiosuna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyib:

«Qanunun tələbi budur ki, sutkalıq cəza alanlar polisin müvəqqəti saxlama təcridxanasında qalırlar. Bunları cəzaçəkmə yerlərinə aparmırlar, ağır cəza törətməyiblər axı. İnzibati cəza alıblar, məhkəmənin qərarı ilə neçə sutka verilibsə, o qədər müvəqqəti təcridxanada qalacaqlar».

O ZAMAN BİNƏQƏDİDƏKİ İNZİBATİ QAYDADA HƏBS OLUNANLARIN MÜVƏQQƏTİ SAXLANMA MƏNTƏQƏSİ NƏ ÜÇÜNDÜR?

Bu sualı həmin gənclərin vəkili Anar Qasımlı verir. Deyir ki, məhkəmədən dərhal sonra hər 3 gənc həmin məntəqəyə aparılmalıydı. Vəkil onların hələ də polisdə saxlanmasını qanun pozuntusu sayır.

Gənclərin şənbə mitinqində «Bulistan» qrupu çıxış edərkən mübahisə yaranıb. Qrupun üzvlərindən birinin ifasında söyüş səslənib. Aksiya təşkilatçıları buna etiraz ediblər. İfaçı isə söyüşü prezidentə ünvanlayıb. Mübahisəyə polis və mülki geyimli şəxslər müdaxilə edib.

Anar Qasımlı
Anar Qasımlı
Səbail rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, «NİDA» Vətəndaş Cəmiyyətinin üzvü, bloqqer Etibar Salmanlı isə 5 sutka həbs cəzası alıb.

BU GÜN DƏ GÖRÜŞ VERİLMƏDİ

Həbsdən sonra nə valideynləri, nə də vəkil gənclərlə görüşə bilib. Camal Əlinin anası Gülşən Əliyeva AzadlıqRadiosuna deyib ki, oğlunun aqibətindən narahatdır:

«Səhhətinə görə çox narahatam, bircə döyüb şikəst eləməsinlər. Hər halda vurublar, dartışdırıblar ki, şalvarı cırılıb...».

VƏKİL: «ONLAR YENİDƏN DÖYƏ BİLƏRLƏR»

Vəkil Anar Qasımlı Camal Əli və Natiq Kamilovun çox pis döyüldüyünü deyir:

«Fakt ondan ibarətdir ki, tutulanda, polis bölməsində Camal Əli, Natiq Kamilov döyülüb. Onlar məhkəmədə də döyüldüklərini deyiblər. Şikayət veriblər. Məndə şübhə yaranır ki, onlar məhkəmədən sonra bölmədə də döyülə bilərlər. Ona görə görüşdən yayındırırlar. Ailəsinin narahatlığı da bununla bağlıdır».

EHSAN ZAHİDOV: «YALVAR-YAXARLA İŞ KEÇMƏZ»

Ehsan Zahidov isə narahatlığa əsas görmür. Gənclərin döyülmə ehtimalını isə yaxına belə buraxmır:

Camal Əli
Camal Əli
- Bu dəqiqə saxlama yerlərində elə hal yoxdur. Vətəndaşlarla kobud davranış, qanunazidd hərəkətlər yolverilməzdir. Bunu insan haqları ilə məşğul olan təşkilatlar da təsdiqləyə bilərlər. Dəfələrlə baş çəkiblər, şikayətləri yoxdur.

- Amma onların döyüldüyünü AzadlıqRadisounun kameraları çəkmişdi, vəkillər də xəsarət aldıqlarını bildirirlər.

- Ola bilsin, vətəndaş zərərsizləşdirilərkən polisin tələblərinə tabe olmayıb, polisə qarşı aqressiv olub. O halda polis sözsüz ki, güc tələb etməlidir. Yalvar-yaxarla iş keçməz axı...

- İndi onların vəziyyəti necədir?

- Lap yaxşı, lap yüksək səviyyədə. Cəzalarını çəkib çıxacaqlar.

«DÖVLƏT BAŞÇISINI DAŞA, YUMURTAYA BASIRLAR. SÖYÜŞƏ GÖRƏ İŞGƏNCƏ VERMƏK OLMAZ»

Martın 19-da həmin gənclərin hüquqlarının müdafiəsi ilə bağlı Koordinasiya Şurası yaradılmağa başlayıb. Həmin qurumun üzvü jurnalist Şahvələd Çobanoğlu deyir ki, onlar saxlanan gənclərin müdafiəsiz qalmasından və aqibətlərindən narahatdırlar.

Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu
O hətta deyir ki, siyasi qurumlar da, cəmiyyət də həmin gənclərin müdafiəsinə qalxmaqda çəkinirlər. Jurnalist hesab edir ki, prezidenti söydüyü üçün gənclərə işgəncə verilməməlidir:

«Dünyanın hər yerində vətəndaşlar, xüsusən də gənclər idarəçilərini sərt və emosional sözlərlə tənqid edə bilirlər. Biz söyüşü bəyənməyə bilərik, amma dünyanın hər yerində belə reallıqlar var. Bu əsas vermir ki, hakimiyyət vətəndaşı buna görə cəzalandırsın. Hökumət başçılarını daşa, yumurtaya basırlar... Xüsusən də Camal Əlinin taleyindən çox narahatıq. Ondan intiqam alına bilər, ona qarşı gözləmədiyimiz addımlar həyata keçirilə bilər».

Vəkil Anar Qasımlı gənclərə həbs cəzası verilməsini də qanunsuzluq sayır. O deyir ki, Camal Əli nalayiq ifadə işlətdiyinə görə məhkəmədə üzr istədi. Ona alternativ inzibati tənbeh verilə bilərdi: «O ki qaldı yerdə qalan 2 nəfərə, onların işinə mütləq xitam verilməli idi».

Vəkil gənclərlə bağlı apellyasiya şikayəti verib.
XS
SM
MD
LG