Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:41

«Qarabağ münaqişəsinin həllində bu illər ərzində heç bir metr də olsun irəliləyiş olmayıb»


Thomas de Waal
Thomas de Waal
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında britaniyalı ekspert Thomas de Waal deyib. Onun sözlərinə görə münaqişənin həlli üçün demokratikləşmə əsas meyarlardan biri olsa da hərdən bu proses uzun zaman ərzində başa gəlir.

«Demokratikləşmə hər bir ölkə üçün arzu olunan hadisədir. Belə bir təcrübə də var ki, iki demokratik ölkə bir-biri ilə müharibə aparmır. Hərdən bu qayda pozulsa da, adətən belə olur. Digər tərəfdən demokratikləşməni gözləsək, ola bilsin onda 40-50 il gözləməli olduq. Mən düşünürəm ki, Qarabağ münaqişəsi bu qədər gözləməyə dəyməz».

Thomas de Waal bildirib ki, adətən totalitar rejimlərdə avtoritar liderlər öz hakimiyyətlərinin sarsıdılmasından qorxduqları üçün münaqişələrin həlli ilə bağlı hansısa addımları atmaqdan qorxurlar. Ekspertin fikrincə münaqişələr çox zaman hakimiyyətlərin əlində bir alətə çevrilir:

«Qarabağ məsələsi bir siyasi alətdir. Bu alətdən həm hakimiyyət, həm də müxalifət istifadə edir. Əlbəttə həmişə bu alətdən bizi tənqid etməyin bizim Qarabağ kimi konfliktimiz var kimi istifadə edirlər. Həmçinin bu arqumentdən daxili siyasətdə də istifadə edirlər ki, prezidenti tənqid etmək olmaz. Çünki biz müharibə şəraitində yaşayırıq. Amma onu da demək lazımdır ki, Mütəllibov, Elçibəy, eləcə də Ter-Petrosyan öz hakimiyyətlərini Qarabağ məsələsinə görə itiriblər. İlham Əliyev də yaxşı bilir ki, əgər Qarabağ məsələsinə belə yanaşmasa o da öz hakimiyyətini itirə bilər».

Thomas de Waal iki ölkə hakimiyyətlərində təmsil olunan şəxslər barədə deyib ki, Azərbaycan müharibədə məğlub olduğu üçün bu müharibə siyasi karyera üçün əsasa çevrilə bilməyib. Onun fikrincə Ermənistanda isə bu qalibiyyət onların siyasi elitalarının ciddi siyasi arqumentinə çevrilib. Ona görə də Ermənistan hakimiyyətində birbaşa Qarabağ münaqişəsinə aidiyyatı olan, bu münaqişədə iştirakı olan şəxslər cəmlənib. ​
Serj Sarkisyan
Serj Sarkisyan
Ekspert Ermənistan prezidenti Serj Sarkisyanın «Azərbaycanlılar elə bilirdilər ki, biz zarafat edirik və heç vaxt mülki əhaliyə əl qaldırmarıq. Amma Xocalıdakı əməliyyatdan sonra başa düşdülər ki, biz kifayət qədər ciddiyik»”- fikrinə də aydınlıq gətirib.

«Əlbəttə ki bu çox dəhşətli bir cümlədir. Bununla Serj Sarkisyan necə qalib gəlmələrinin və Ter-Petrosyanın nəyə görə hakimiyyətdən uzaqlaşdırmalarının səbəbini izah edirdi. Cümlə bu kontekstdə deyilmişdi».

Thomas de Waalın qənaətincə münaqişənin həllinə doğru ilk addım hər iki tərəfin öz addımlarını analiz edə bilməsindən sonra olacaq.

«Bu o zaman olacaq ki, hər iki tərəf baxsın və həqiqətləri görə bilsin. Erməni tərəf baxıb desin ki, biz Xocalıda insanları öldürmüşük və biz doğru addım atmamışıq. Azərbaycan tərəfi baxsın desin ki, biz Sumqayıtda erməniləri qətlə yetirmişik və bu düzgün addım olmayıb. Nə zaman ki, cəmiyyətlər bunu deyəcəklər və bu addımları hansısa qrupların adına yazmayacaqlar, onda bu münaqişə sülhə doğru hərəkət edəcək».

Ekspertin fikrincə hazırda Qarabağ münaqişəsinin həllində sülh üçün perspektivlər çox azdır. O bildirir ki, indi faktiki olaraq danışıqlar dalana dirənib və tərəflərin mövqeyi bir-birindən olduqca uzaqdır.

«Prosesdə irəliləyiş yoxdur. Proses bu illər ərzində heç bir metr də olsun irəli getməyib. Hətta Azərbaycan tərəfinin təklif etdiyi ən yüksək muxtariyyat statusu belə sözdən başqa bir şey deyil. Çünki indiyə qədər hələ Azərbaycan hökuməti bu muxtariyyatın nədən ibarət olacağı ilə bağlı heç bir sənəd ortaya qoymayıb. Bəlkə də QHT-lərin belə bir təşəbbüsləri olub. Amma Azərbaycan hökuməti hələ elə bir şey etməyib. Eyni zamanda hər iki tərəf bu münaqişənin həllində olduqca inadcıllıq göstərir. Tərəflərin davranışları mənə intihar paktını xatırladır ki, hər iki tərəf zəhər içərək özünün ölməsi və eyni zamanda qarşı tərəfə də pis olması ilə razılaşır. Bu yanaşma var ortalıqda. O ki qaldı demokratikləşmənin sürətlənməsinə əslində demokratikləşmənin sürətlənməsinin sülhə bir az ziyanı da ola bilər. Əgər partiyalar hakimiyyət uğrunda bir-biri ilə mübarizə aparsalar onda daha çox vətənpərvər şüarlarla meydana çıxanlar qələbə qazansa və bu da müharibəyə gətirib çıxarsa, bu sülhə mane olacaq».

Thomas de Waal iki ölkə başçılarının Qarabağ münaqişəsi ilə bağlı apardığı danışıqlar barədə yarızarafat, yarıgerçək fikir bildirib.

«Bir amerikalı dostum mənə yarızarafat-yarıgerçək deyib ki, belə bir təəssürat var ki, həmsədrlər ölkə rəhbəri ilə danışandan və müəyyən razılığa gələndən sonra ölkə rəhbərləri ikisi bir otaqda qalanda həmişə masanın üstündə viski şüşəsi olur. Bundan sonra onlar razılığa gəlirlər ki, gəl heç nə etməyək, elə status-kvo qalsın. Bu bir zarafatdır, təəssüratdır. Amma hər zarafatın içində bir az da gerçək var. Məsələ bundadır ki, hər iki lider dəqiq bilir ki, vəziyyət belə qaldıqca onların hakimiyyətlərinə heç bir zərbə yoxdur. Onlar yeni qeyri-müəyyən vəziyyətdən çəkinirlər. Vəziyyət dəyişərsə bu onlara nə vəd edir onu bilmirlər. Ona görə də heç bir qərar qəbul etmirlər».

Verilişi tam olaraq buradan dinləyin:


XS
SM
MD
LG