Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:37

Kamal Abdulla "Köhnə məhlə" (Hekayə)


Kamal Abdulla


KÖHNƏ MƏHLƏ

("Bilgə əhvalatları" silsiləsindən)

Günlərin bir günü bizim bağda Rüstəm kişi bərk içkili idi. Dili-ağzı söz tutmurdu. Nə ayaq üstə dura bilirdi, nə də oturduğu yerdə oturub qala bilirdi. Hamımız axşamçağı oturub yemək zamanı bir qədər araq içdik. Rüstəm kişi ciyəri yanırmış kimi, qədəh qədəh dalıycan dalbadal içdi. Çox keçmədi, az keçdi, içki onu tutdu. İçkili olduğu zaman adətən xeyli sakit olardı, indi isə dil boğaza qoymurdu. Onu sakitləşdirmək istəyən hər kəsə güclə də olsa gülümsəyib belə deyirdi:

-- Sən elə bilmə, mən içkili deyiləm. Qətiyyən! Məni içki tutmur, bunu bütün Bilgə bilir…

-- Bilirik, əlbəttə, biz də bilirik…-- Hərəmiz bir tərəfdən, onu qucaqlayıb heç cür divana oturda bilmirdik.

-- Yooox!.. Oturmaq istəmirəm mən. Mən şəhərə, köhnə məhləmizə getmək istəyirəm!!

-- Hara, hara?? – Biz təəccüb içində qaldıq.

-- Köhnə məhləmizə. Məni Petra Montinə aparın daaa, nolar? – Bütün uşaqlığını, gəncliyini həmən Petra Montində, Təzə Pirin altındakı məhlədə keçirmiş Rüstəm kişi gözləri axa-axa bizə az qala yalvarırdı. Artıq gecə düşmüşdü. Bir-birimizin üzünə çiyin çəkib təəccüblə baxmaqdan başqa nə edə bilərdik?! Nəhayət, biz onu divana otuzdura bildik.


-- Ay Rüstəm, gecənin bu vaxtı? Nə itirmisən sən o köhnə məhlədə? -- Əbülfəz məqama qəti dəxli olmayan məntiqi tərəfdən məsələyə yanaşmağa çalışdı, keçib Rüstəm kişinin sağ tərəfində oturdu.

-- Həri, Əbülfəz, həri. Gecənin bu vaxtı!

-- Otur, sən hələ bir otur, bu çayı iç…-- Muxtar əli əsə-əsə Rüstəm kişiyə tünd bir çay gətirdi.

-- Muxtar, bunlar bilməsə də sən ki, bilirsən. Sən axı bilirsən, Muxtar, məni içki tutmur…-- Rüstəm kişi Muxtara qınaqla baxıb başını buladı, kövrəlib ağlamsınandan sonra həzin-həzin sözünü tamamlamağa çalışdı.– Sən axı bilirsən, ay Muxtar, sən axı bilirsən…


Uşaqlıqdan ta ki külfət sahibi olana qədər Muxtar Rüstəm kişini nəhəng bir maqnit kimi özünə çəkən həmən köhnə məhlədə onların qapıbir qonşuları olmuşdu. Uşaqlıqları, demək olar ki, bir keçmişdi. İndi Rüstəm kişinin bu halına biz məzələnib zarafata salsaq da, Muxtar bizdən fərqli ürəkdən dilxor olmuşdu. Rüstəm kişinin durmadan dediyi "sən axı bilirsən…" sözlərinin əsl mənasını anlayan deyəsən, elə təkcə Muxtar idi, çünki bu sözlərin artıq içki ilə heç bir əlaqəsinin olmadığını hamımız, kimi tez, kimi Əbülfəz kimi gec, biz də anladıq.


-- Bu çayı iç, Rüstəm… – Muxtar özü də artıq hansısa kədərli xatirələrin içindən güclə boylanırdı.

-- Elə çıxır ki, Muxtar, mən bu dünyada ən avam adam olmuşam…

-- Heç elə çıxmır, nöyçün elə çıxmalıdır?! – Muxtar onunla bir uşaqla danışan kimi danışırdı. Hardansa bir adyal da çıxarıb çiyinlərinə atdı. – Bu adyalı sal çiynivə…

-- Muxtar, Muxtar… Mən məhləyə getmək istəyirəm. Mən avam deyiləm, Muxtar.

-- Bir az dincəl, gedərik. Çayı iç amma.


Muxtarın son sözlərini Etibar birbaşa başa düşdü. Həmən gün bağda bir maşın vardı, o da Etibarın maşını idi. Gediləcəkdisə, onunla gediləcəkdi.

-- Gecənin bu vaxtı şəhərə getmək olar? Bir də ki, mən özüm də axı içkiliyəm. Mən gərək yatım, başım ayılsın…

Rüstəm dili dolaşa-dolaşa Etibarın bu son sözlərindən tutmadımı, tutdu, yenə də ağlamsındı:

-- Etibar, ay Etibar, nolar, məni köhnə məhləmizə çatdır. Üç dəqiqə, çox yox, üçcə dəqiqəlik işim var…

Etibar dilxor oldu:

--Mən bu halda şəhərə gedə bilərəm, Rüstəm? – Çox "məntiqli" bir sual verdi.

-- Yaxşı, sonra, sonra… -- Muxtar gizlicə Etibara göz vurdu ki, bu söhbətin yeri deyil.

-- Bu yatmalıdır. Çalış, yat, ay Rüstəm… – Əbülfəz elmi kəşf edən adamlar kimi ciddi idi.


Məlik Validlə otağın ortasındakı stolun ətrafında oturub nərdə başları möhkəm qarışmışdı. Qulağının ucu ilə Əbülfəzin son sözlərini eşidib istehza ilə:

-- Ay Rüstəm, nə istəyirlər, qardaş, bunlar səndən?! Sən bəyəm içkilisən? Mən bir şey hiss eləmirəm, -- başını nərdtaxtadan ayırmayan Məlik nərdə davam edə-edə biz tərəflə də söhbət eləməyə başladı.

-- Ay Məlik, sən ki, bilirsən məni içki tutmur.

-- Bunu kim bilmir?! Bilgədə hamı bunu bilir ki... – Məlik zərləri əlinin içində əməlli-başlı cütləyib "atdı". Validi hirsləndirirdi. Bilirdi ki, Valid bu atışı saymayacaq, onu təzədən atmağa məcbur edəcək, bu dəfə heç nərdtaxtaya tərəf baxmadı, çönüb Rüstəmlə "söhbətinə" davam etdi:

-- Hara getmək istəyirsən sən?

-- Sən niyə zər atırsan?! -- Valid əsəbiləşib bununla Məliki şadlandırmağı özünə rəva bilmədi, daxilən bir qəzəb içində olsa da, üzdə sakit-sakit dedi. -- Elə götür bu zərləri, əlinnən necə istəyirsən qoy da.

-- Rüstəm, demədin axı sən, ürəyin hara getmək istəyir? – Məlik etinasız bir halda Validin dediklərinə fikir vermədi. Onun öz adam hirsləndirmək üsulları var idi.


Yatanın yadına bilə-bilə daş salırdı. Muxtar əməlli-başlı Məlikə hirsləndi:

-- Görürsən alçağı?! Yatanın yadına daş salır.

-- Məlik…-- Rüstəm yalvarış dolu səsiylə indi də Məliki yumşaltmağa çalışdı .

-- Buyur, Rüstəm. Niyə siz bunu belə bərk-bərk tutmusuz, qaçacaq bəyəm bu?! Qoyun bir görək nə istəyir də?! -- Məlik yalançı bir canyananlıqla bizə təpindi. – Buyur, Rustam bek.

-- Sən nərdini oyna. Buraynan işin yoxdu. Qoy bir hövr dincəlsin. – Muxtar çay stəkanını Rüstəmin heysiz barmaqlarının arasına heç cür yerləşdirə bilmirdi.

-- Məlik, ay Məlik. Məni apar da öz maşınınla köhnə məhləyə. Mən köhnə məhləyə getmək istəyirəm, axı, Məlik. Nolar?! -- Rüstəmin gözləri süzülür, süzülür, baxışları axırdı.

-- Getmək istəyirsən, aparrıq. – Məlik bu sözləri elə inamla dedi ki, mən elə bildim, bu saat hamımız minirik Məlikin maşınına, bir yerdə gedirik köhnə məhləyə. Amma, onu tanımaq lazımdı, Məlik maşınsız idi, onunçün belə ürəkli danışırdı. Hərgah maşını burda olsaydı belə, içkili halında bu adam rulun arxasına ömründə keçməzdi.

-- Məlik!.. Bəsdı! – Muxtar səsini qaldırdı.

-- Rüstəm, qoy mən bu tası da udum qurtarım… həll edəcəyəm. Edəcəyəm dedim, deməli, edəcəyəm. Mən yoruldum bu adamı udmaqdan, bu uduzmaqdan yorulmadı. – Məlik başını onun zəvzəməsinin bitməsini səbrlə gözləyən Validə tərəf döndərdi, -- düz oyna, hardaydı sənin bu daşın?..

Nərdin şaqqıltısı yenidən qulaq deşdi.

-- Məlik… ay Məlik…


-- Bir az gözünü yum, yat. – Muxtar az qala Rüstəmə yalvardı.

-- Yatmaq istəmirəm, Muxtar. Mən məhləyə getmək istəyirəm. Mən o adamdan bir kəlmə söz soruşacağam, Muxtar. O adamdan… mən yatmaq istəmirəm… -- Rüstəm kişi sözləri bir-birinə qatıb qarışdıra-qarışdıra dodaqaltı yenə nələrsə dedi. Biz bir şey anlamadıq.

Əbülfəz Etibara baxdı, Etibar mənə, mən də təzədən Əbülfəzə. Əlbəttə ki, Muxtarın bildiyi elə şey vardı ki, biz bilmirdik. "O adam" kim idi və Rüstəm kişi ondan nə soruşacaqdı?! Nərdtaxta oynayanların fikri nərddə idi, onlar bir şey duymadılar.


-- Nə soruşacaqsan ondan, ay Rüstəm? – Hiyləgər Əbülfəzin səsi həlimdən həlim çıxdı.

-- Nə alçaq-alçaq danışırsan sən?! Nəyinizə lazım nə soruşacaq?!

Iki daşın arasında Əbülfəzin bicliyi işə düşmüşdü, Rüstəmdən söz çəkmək istəyirdi. Adətən sakit və həlimtəbiətli Muxtar lap hövsələdən çıxdı. Boyca və cüssəcə özündən iki dəfə böyük olan Əbülfəzin az qala nəfəsini kəsəcəkdi. Bu məqamda Muxtar öz balaca boyu ilə özündən üç dəfə böyük olan Etibarın da üstünə gedər, bir an belə düşünməzdi. Heç kim Muxtara söz qaytarmadı.

-- İşiniz yoxdu bununla, qoyun bir özünə gəlsin. – Muxtarın bu dəfə səsində anlaşılmaz kədərli çatlar duyuldu. – Heç nə soruşmayacaq, siz arxayın olun. Bu, bir az yatsa, yaxşı olar.


-- Muxtar, sən məni düzgün başa düş, qardaşım. Bu vaxtı şəhərə maşın sürmək… olmaz. – Etibar, nədənsə, başladı Muxtara izahat verib bəraət qazanmağa.

-- Başa düşürəm, heç ehtiyac da yoxdu maşın sürməyə. Siz danışmayın, sakit olun, bir azdan yadından çıxacaq.

-- Muxtar! Məni deyirsən? Mənim yadımdan çıxacaq?! Mənim hər şey yadımdadı, Muxtar. Heç nə, heç zad… mənim yadımdan… əsla!.. Mən məhləyə getmək istə… -- Sözünün axırını yenə başa düşmək olmadı. Rüstəmin başı yana əyildi, əlindəki çay stəkanı yerə düşüb sındı, ləzzət elədi, çay Əbülfəzin üstünə töküldü. Hamı səksəndi və gülüşdü.

Valid başını nərddən ayırmadan bir əlini yuxarı qaldırıb muradına çatmaq istəyən, amma çatmayanlar kimi peşimanşılıq çırtığı çaldı. Zər verməmişdi.

-- Uşaqlar… nolar, biriniz məni… məhləyə çatdırın daa, nolar, uşaqlar… – Rüstəm kişi onun-bunun üzünə üzüntülü bir yalvarışla baxa-baxa artıq tutuquşu kimi ancaq bu sözləri deyirdi.


-- Qorxmayın, qorxmayın, xeyirliyədi! – Nərd oynaya-oynaya biz tərəfi də nəzarətdə saxlamağa çalışan Məlikin səsi guruldadı. -- Əbilinin köynəyi, gör, nə vaxtdı atılasıydı. Ay qardaşım, nə qədər yuyub geyərlər məktəbdən bu günə qədər bu kitayski bamazını, köynək süzülüb qalmışdı, indi atar onu, təzəsini alar qardaşım. Hələ bir dənəsini də mənimçün alar. – Kefinin kök olması səsindən, danışığından bilinirdi. Nərddə vəziyyəti, deməli, yaxşı idi. Əbülfəzdən çox, öz intonasiyası ilə Validə "əzab" verirdi.

-- Həri, bu saat, səninçün əla bir köynək alacaq qərdeşin. Razmerin yadımdan çıxıb amma. – Əbülfəz bir əski ilə üstünün çayını təmizləyə-təmizləyə Məlikə cavab verdi. Xasiyyəti belə idi. Hər atmacaya hökmən cavab verməliydi.


Muxtar əyilib sınmış stəkan qırıntılarını yerdən bir-bir götürməyə başladı. Mən mətbəxdən süpürgə gətirib ona kömək eləmək istədim.

-- Ver, ver bura, sən indi bu qırıntıları hər yerə yayarsan… -- Muxtar süpürgəni mənim əlimdən dartıb aldı. Hirsini süpürgəyə salıb stəkanın qırıldığı yeri az qala qaşıya-qaşıya süpürdü, qırıntıları xəkəndaza yığdı, aparıb zibil yeşiyinə tökdü.


Otağın havasında hər şey əriməkdə idi. Artıq biz özümüz də ayaq üstə güclə dururduq. İçkili idik, həm də gecədən xeyli keçmişdi. Divanda yarıuzanmış vəziyyətdə qalan Rüstəm kişi bizi əldən salıb özü əməlli-başlı xəyallar aləminə dalmışdı. Ləzzətdən yarıyumulu gözlərilə ancaq özünün gördüyü bir vaqeəni seyr edirdi. Səsi gəlməsə də, hərdən yanıqlı-yanıqlı inildəyirdi. Ona baxanda adamın ürəyi ağrıyırdı.


Muxtar daha dözmədi, səndələyə-səndələyə gəlib Rüstəm kişinin düz başı üstündə durdu. Ona tərəf baxmasa da, Rüstəm kişi, elə bil, bunu hiss elədi:

-- Muxtar, ay Muxtar… -- deyə zarıdı.

Muxtar nə mənə, nə sənə, birdən-birə qolunu Rüstəm kişinin boynuna keçirdi:

-- Qalx, qalxginən, gedirik.

Ən çox qorxan Etibar oldu. Çünki Muxtarın sözlərini həqiqət kimi qəbul elədi. Nəsə demək istəyirdi ki, Muxtar başı ilə ona işarə elədi: "Qorxma!"

Rüstəm kişi, üzündə yaralı bir təbəssüm, əli ilə Muxtarın çiynini qamarlayıb, heç kim gözləmirdi, dik ayağa qalxdı, qalib kimi bir-bir bizi süzdü.

-- Gəl, Rüstəm, gəl… Çiynimdən bərk yapış…


Muxtar başladı yavaş- yavaş, ehtiyatla Rüstəm kişini otağın ortasındakı uzunsov stolun ətrafında gəzdirməyə. Nərdoynayanlar da əllərini nərddən çəkib oynamaqlarını saxladılar. Biz hamımz lal-dinməz olub stolun başına fırlanan bu iki nəfərdən -- bütün ağırlığını cılız bədənli, gözləri yaşla dolu, dişini dişinə sıxmış Muxtarın çiyinlərinə salmış, bir-birinə dolaşan, ora-bura ilişən ayaqlarını arxasınca güclə sürüyən Rüstəm kişidən və onun ağırlığı altında ikiqat olub heç kimin üzünə baxmayan Muxtardan gözlərimizi çəkə bilmirdik. Muxtar hərdən dişlərinin arasından zorla bu sözləri çıxarıb, elə bil, uşaq başı aldadırdı:

-- Məhləyə gedirik, ay Rüstəm, az qalıb, çatırıq… Çatdıq, bax, bu da məhlə…

Görürsən, bu da köhnə məhləmiz… Bax, bax ora, görürsən, işıqları yanmır. Yəqin evdə yoxdular. Başqa bir vaxt gəllik. Qayıdaq bağa, uşaqlar gözləyir, nigaran qalarlar, gecdi, qayıdaq.


Bir dövrə, iki dövrə, üç dövrə… Rüstəm kişi stolun ətrafına fırlana-fırlana gözlərini dörd açıb bizə baxır, gülümsər, mülayim bir baxışla başını ehmalca tərpədib salam verir, bizim balaca otağımızı birinci dəfə görürmüş kimi diqqətlə nəzərdən keçirirdi. Nəhayət, Muxtar Rüstəm kişini yenidən həmən divanın yanına gətirib əvvəl-əvvəl üsulluca öz yerinə otuzdurdu, sonra da onu divana uzandırdı. Rüstəm kişinin səsində artıq inilti yox idi:

-- Muxtar, ay Muxtar, -- Rüstəm kişinin səsi sirli bir şəkildə astadan gəldi. – Mən gördüm, ikinci mərtəbənin işıqları yanmırdı. Sən də gördün, Muxtar?

-- Mən də gördüm. Yat, yat, Rüstəm.

-- Mən dəm deyiləm a, Muxtar.

-- Kim deyir ki, sən dəmsən?! Bütün Bilgə bilir ki, səni içki tutmur. –Üzü az qala maskaya dönmüş Muxtar hətta bu sözləri deyərkən dodaqucu təbəssümünü gizlədə bilmədi.

-- Həri… bunu bütün Bilgə bilir. Bunu düz dedin. Amma məhlə dəyişib, Muxtar. Məhlə çox dəyişib. Ay gidi dünya… – Bunu deyib Rüstəm kişi dərindən bir ah çəkdi, gözlərini yumdu və daha danışmadı. On saniyə keçmədi, onun yoğun xorultusu otağı başına götürdü.


-- Mane olmayaq. Qoy, yatsın. Durun, durun, çıxaq həyətə. – Məlik birinci ayağa qalxdı, əllərini yana açıb ləzzətlə gərnəşdi.

-- Hara qaçırsan? Oyunu qurtar, sonra! – Valid onu buraxmaq istəmirdi.

-- Sən necə gönüqalın adamsan?! -- Məlik "əsəbiləşdi", yalandan əsəbiləşməyi vardı. -- Gözüvün qabağında görmədin nələr oldu?! Görmürsən güclə yatızdırdılar bunu?! İndi biz durub tappatarap nərd oynayaq?! Guya ki, heç nə olmayıb?! Mən bacarmaram.
Aydın məsələ idi, zərin üzü dönmüşdü və Məlik oyunu uduzmaqdaydı, onunçün də əlinə fürsət düşmüşdü, cığallıq edib aradan çıxırdı.


Bir-birimizin dalınca həyətə çıxdıq. Səma artıq ağarır, ulduzlar orda-burda yavaş-yavaş əriyirdi. Payızın sonları olsa da hələ o dərəcədə soyuq deyildi. Tut ağacı axırıncı yaşıl yarpaqlarıyla sirli-sirli xışıldayırdı. Hamımız fikirli-fikirli siqaretə güc vermişdik. Nə o vaxt, nə də sonra bunu birimiz də boynumuza almadıq, amma ulduzların yavaş-yavaş əriməyə başladığı o səhər hər birimizin xəyalı öz köhnə məhləsinə uçub getdi. O məhlədə həyatımızin ən əziz günləri bir-birinə qısılmış balaca, əyri-üyrü evlərin qapısı ağzında qurulmuş zivələrdən ağ paltarlar kimi asılıb qalmışdı. Baxdıqca baxırdıq.

Əbülfəz qaşqabaqlı idi. Məlikin gözləri yol çəkirdi. Validin qaşları çatılmış, üzünə heç birimizə tanış olmayan təbəssüm qonmuşdu. Etibar dodaqaltı nəsə pıçıldayır, Muxtar siqareti sümürdükcə sümürürdü. Dinib-danışmırdıq. Rüstəm kişinin köhnə məhlədə kiməsə vermək istədiyi suallar barədə, işığı gəlməyən ikinci mərtəbə barədə nə biz Muxtardan bir kəlmə söz soruşduq, nə də o bizə bir kəlmə söz dedi.

İçəridə rahat-rahat yatmağında olan Rüstəm kişinin isə yoğun xorultusunun səsi zəifləmək bilirdimi, bilmirdi.

son
XS
SM
MD
LG