Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:18

Human Rights Watch: «Bakıda evlərin sökülməsi «Eurovision»a kölgə salır»


Jane Buchanan
Jane Buchanan
«Biz bu hesabatı Azərbaycanın tərəfdaşlarına, ABŞ, bəzi Avropa Birliyi ölkələrinin hökumətlərinə göndərəcəyik. Artıq Avropa Yayım Birliyinə bu hesabatı çatdırmışıq. Çünki bu qurum «Eurovision» mahnı yarışmasının təşkilatçısıdır və Azərbaycanla birgə bəyanat imzalayıblar ki, yarışma ərəfəsində Azərbaycanda insan hüquqları pozulması halları müşahidə olunmasın».
TƏDQİQAT NECƏ APARILIB?
Bunu «Human Rights Watch» təşkilatının Avropa və Mərkəzi Asiya Bölməsinin aparıcı tədqiqatçısı Jane Buchanan fevralın 29-da keçirdikləri mətbuat konfransında deyir. O. Azərbaycanda mülkiyyət hüquqlarının pozulması ilə bağlı hazırlanan tədqiqatın müəllifidir:
- Tədqiqat 52 ev sahibi, müxtəlif hüquqşünaslar, bir neçə qeyri-hökumət təşkilatının nümayəndəsi ilə müsahibələr əsasında aparılıb.
Təşkilatın təqdim etdiyi tədqiqat son illərdə Bakıda şəhərin yenidən qurulması zamanı baş verən mülki hüquq pozmalarından bəhs edir.
«HƏR ŞEYİMİ ƏLİMDƏN ALDILAR»
«Hər şeyimi əlimdən aldılar: Azərbaycan paytaxtında məcburi köçürülmələr, mülklərin qeyri-qanuni özgəninkiləşdirilməsi və sökülməsi» adlı yeni hesabatda deyilir ki, yerli dövlət qurumları Bakının 4 müxtəlif ərazisində bəzən heç bir xəbərdarlıq etmədən və ya gecə yarısı sakinləri evlərindən zorla çıxarıb, onların əmlakını qeyri-qanuni özgəninkiləşdirib.
Jane Buchananın sözlərinə görə, tədqiqat zamanı onlar bir sıra dövlət qurumuna məktub göndərib bəzi məsələlərə aydınlıq gətirilməsini, qəbul edilmələrini istəyiblər. Ancaq onlara yalnız bir cavab gəlib, 2 fakt aydınlaşdırılıb.
Jane Buchanan deyir, nəhayət bu həftə Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov, millət vəkili Səməd Seyidovla və Xarici İşlər Nazirliyində insan hüquqları ilə bağlı məsul əməkdaşla görüşüblər:
RƏSMİLƏR RAZILAŞMIR
- Bizim araşdırmamızın nəticələri ilə razılaşmadıqlarını söylədilər, amma razılaşdıq ki, məcburi köçürülmələr qanuni çərçivədə baş verməlidir, evin sökülməməsi ilə bağlı məhkəmə qərarı olduğu halda evləri sökmək və sakinləri köçürmək qanunsuzdur və bağışlanmazdır.
Hesabatda göstərilir ki, evlərindən çıxarılan sakinlərə yetərincə kompensasiya ödənilməyib, onların əmlakı zədələnib və bu zərər qarşılanmayıb. O cümlədən, çoxmərtəbəli binadakı mənzillərdə yerləşdirilən bəzi sakinlərə bu mənzilin mülkiyyət hüququ verilməyib, daha doğrusu, yeni mənzilə mülkiyyət hüququnun verilməsi qeyri-müəyyən müddətə qədər təxirə salınıb.
Tədqiqatda o da vurğulanır ki, bəzi sökülmələr zamanı sakinlər onlara təklif edilən məbləğlə razılaşmayıb və məhkəməyə müraciət ediblər. Ancaq qarşı tərəf məhkəmə mübahisəsinin sonunu gözləmədən ev sahiblərini zor gücünə mənzilindən çıxarıb. O cümlədən bildirilir ki, sakinlərin evləri özgəninkiləşdirilərkən müstəqil qiymətləndirmə aparılmayıb, mənzillərin 1 kv. metrinə 1500 manat qiymət qoyulub.
AVROPA YAYIM BİRLİYİ TƏLƏB ETMƏLİDİR
Human Rights Watch bildirir ki, «Eurovision» yarışması Bakıda köçürmələri intensivləşdirib və onlar bu yarışmanı təşkil edən Avropa Yayım Birliyindən istəyirlər ki, qurum Azərbaycan hökumətinə aydın şəkildə bildirsin ki, müsabiqənin keçiriləcəyi yerin yaxınlığında insanlarla, evlərlə və mülklərlə bağlı ciddi hüquq pozulmalarının baş verməsi bu yarışmaya kölgə salır.
Təşkilat deyir ki, Avropa Yayım Birliyi müsabiqənin keçiriləcəyi Bakı Crystal Hall-ın yaxınlığında evləri sökülən sakinlərlə bağlı problemin ədalətli həllini tələb etməlidr.
Human Rights Watch-un nümayəndəsi Jane Buchanan bildirir ki, indiyədək təşkilatın Çin, İndoneziya, Türkmənistan, Tacikistan və Rusiyada mülki hüquqların pozulması ilə bağlı hesabatları olub. Onlar Azərbaycan hökumətinə yaranmış problemin çözülməsi üçün bir sıra təkliflər veriblər.
RƏSMİ BAKI TƏKZİB EDİR
Rəsmi Bakı isə bəzi yerlərdə aparılan söküntünün «Eurovision» yarışmasına dəxli olmadığını bəyan edir. Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov yerli mediaya deyib ki, Bakıda aparılan yenidənqurma işləri şəhərin baş planına uyğun, qanun çərçivəsində həyata keçirilir və evləri söküntüyə məruz qalanlara kompensasiya ödənilir.
Bayraq meydanı yaxınlığındakı sonuncu doqquzmərtəbəli binanın sakinləri isə artıq evlərindən çıxarılıblar. Onlardan bəziləri hələ də kirayədə qalır. Rəsmilərin təkzibinə baxmayaraq həmin binanın sakinləri özlərini məhz «Eurovision-2012»-nin qurbanı hesab etdiklərini deyirlər.
XS
SM
MD
LG