Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:32

Gürcüstanda evsizlər şaxtadan necə qorunur?


Suliko Soziaşvili [solda] və Aleksandr Qelantiya
Suliko Soziaşvili [solda] və Aleksandr Qelantiya
Tbilisi üçün adət olunmayan aşağı temperatur ilk növbədə evsiz-eşiksiz insanlara problem yaradıb. Şaxta paytaxtda 2 nəfərin həyatına son qoyub. Xəstəxanaya soyuqdəymə və əl-ayaqların donvurması səbəbindən müraciət edənlərin sayı isə 10-dan çoxdur. Gecə temperatur mənfi 5-12 dərəcəyə düşüb. Paytaxt rəhbərliyi evsizlər üçün sığınacaq yaratmaq qərarına gəlib.

Paytaxtda bələdiyyələrin təsis etdiyi pulsuz yeməkxanalar fəaliyyət göstərir. Şaxta zamanı bu yeməkxana-sığınacaqlarda imkansızlara yemək verilir, istəyi olanlar gecəni də burada keçirə bilərlər. Tbilisidə artıq 6 belə sığınacaq var.

SƏRT QIŞIN ÇƏTİNLİYİ İLƏ ÜZ-ÜZƏ QALANLAR

Çaqareli küçəsindəki sığınacaqda gənc bir oğlanı odun doğrayan gördük. 23 yaşlı Suliko Sozaişvili 13 yaşına kimi uşaq evində böyüyüb. Daha sonra küçələrə sığınıb. Bu ilin sərt qışında isə çox çətinliklərlə üz-üzə qalıb:

«Mardjanişvili küçəsində tikintisi yarımçıq qalmış korpus var. Gecələri orda qalırdım. Lap elə də donmurdum. Şaxtalar başlayanda isə televizordan eşitdim ki, belə sığınacaqlar var və bura gəldim».

Sulikodan küçələrdə keçirdiyi 6 il ərzində başqa evsizlərlə də tanış olub-olmadığını soruşduq:

«Şəxsən mən tək olmağı xoşlayıram. Amma elələri var ki, qrup halında qalırlar, aralarında balaca uşaqlar da var. Mən onların yeraltı keçidlərdə necə gecələdiklərini görmüşəm».

Olduğumuz sığınacaqdakı 4 çarpayıdan birində bir kişi yatırdı. Oyananda, siqaret istədi. Siqareti görən kimi ayılıb özünə gəldi və danışmağa başladı. Adı Aleksandr Qelantiyadır. Suxumidən qaçqındır, 50 yaşı var. Dediyinə görə, 1 ildir ki, müxtəlif yerlərdə, daha çox da işlədiyi yerdə qalır. Fəhlə ya da kaşı ustası kimi işləyir. 3 ay əvvəl texniki spirtdən zəhərlənib və xəstəxanaya düşüb. Evsiz-eşiksiz olduğundan sağalandan sonra da xəstəxanada yaşamağa davam edib:

«Məni bir şöbədən o birinə köçürürdülər. Hər yerdə yeməklərin pis olmasından şikayətlənirdim. Qızardılmış kartof istəyirdim, onlarsa mənə deyirdilər ki, kartof gətir
4-5 dəfə yemək verilir
4-5 dəfə yemək verilir
qızardaq».

Aleksandr Qelantiya deyir ki, bir neçə gün əvvəl onu xəstəxanadan buraxıblar, o, isə küçədə huşunu itirib. Təcili tibbi yardım briqadası onu küçədən bu sığınacağa gətirib.

«İKİSİ SƏTƏLCƏM OLUB»

Sığınacağın direktoru Madona Qersamiya deyir ki, bura gətirilən 2 qadının vəziyyəti kritik olub, onları xəstəxanaya aparıblar:

«Dünən iki nəfəri xəstəxanaya apardıq, vəziyyətləri ağır idi. Hər ikisi sətəlcəm olmuşdu. Onların yerinə başqasını yerləşdirdik. Dünən daha iki nəfər gəlib. Hər gün 4-5 adam dəyişir. Yəqin bu axşam da gələcəklər. Cavanlar səhərlər gedir, gecələr qayıdırlar. Ancaq səhər və axşam yeməkləri yeyirlər. Bəziləri alver edir, bəziləri dilənirlər. Bir sözlə, hərə bir işlə məşğul olub gecələri bura qayıdırlar».

Evsizlər üçün sığınacaqlardan biri də Tbilisinin Vanski küçəsində qurulub. Onun direktoru Tamara Melitauri deyir ki, rayon bələdiyyəsi onların sığınacağını 3 çarpayı və yorğan-döşəklə təmin edib. Hazırda sığınacaqda 2 nəfər qalır. 1 qadın isə xəstəxanaya aparılıb:

«Bu insanları bura təcili tibbi yardım maşınında gətiriblər, onları don vurmuşdu. Biz onlara qulluq etmişik. Gün ərzində 3-4 dəfə təcili tibbi yardım gəlir. 1 qadının halı çox ağır olduğundan onu xəstəxanaya apardılar. Qalanlarının vəziyyəti yaxşıdır, gün ərzində 4-5 dəfə yemək veririk.
Tbilisidə evsizlər üçün sığınacaq
Tbilisidə evsizlər üçün sığınacaq
Bütün bunları edərkən biz onlara minnət qoymuruq. Onlar gecələri də burada qalırlar».

«QƏRAR VERMƏK ÜÇÜN HEÇ VAXT GEC DEYİL»

Şaxtalar 2 nəfərin həyatına son qoyandan sonra şəhər meri evsizlər üçün sığınacaq yaratmaq qərarını verdi. «Qərar qəbul etmək üçün heç vaxt gec deyil» – Tbilisi meriyasının əməkdaşı Mamuka Kaçarava belə deyir:

«Evsiz insanlarla dil tapmaq çox çətindir, onların mentaliteti və həyat tərzi qəlizdir. Çox vaxt onlar küçələrdə qalmağa üstünlük verirlər, bir yerə bağlanmaq istəmirlər. Buna baxmayaraq, onlar insandırlar və dövlət mümkün olan hər addımı atmalıdır ki, soyuq hava şəraiti onların həyatlarına təhlükə yaratmasın».

Sığınacaq rəhbərlərinin dediyinə görə, evsizlər burada istilər düşənədək qala biləcəklər. Sinoptiklər isə soyuq hava şəraitinin fevralın 20-dək davam edəcəyini proqnozlaşdırırlar.
XS
SM
MD
LG