Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:26

Hərbi komissarlıqların ləğvi nəyi dəyişəcək?


Emin Həsənli
Emin Həsənli
Bundan sonra hərbi komissarlıqların işini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirəcək. Prezident İlham Əliyev bu barədə fevralın 13-də fərman imzalayıb. Fərmana əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan respublika, şəhər və rayon hərbi komissarlıqları ləğv edilir və onların əsasında yeni dövlət xidməti yaradılır.

Prezidentin başqa bir sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov yeni Xidmətə rəis təyin edilib.

«SOVET DÖVRÜNDƏN QALAN KOMİSSARLIQLARIN LƏĞVİ ZƏRURİ İDİ»

«Ordunun Dostları Mətbuat Klubu»nun sədri Emin Həsənli hesab edir ki, yeni Dövlət Xidmətinin yaradılması səfərbərliyin və çağırışın təşkilində müsbət dəyişikliklərə səbəb olacaq:

«Komissarlıqlar sovet dövründən qalmışdı və onu ləğv edib yeni xidmət yaratmaq zəruri idi. Bundan sonra indiyə qədər yol verilmiş qüsurlar da aradan götürüləcək. Bu, ümumilikdə ölkədə ordu quruculuğuna müsbət təsir edəcək».

«DƏYİŞƏN ADLA OLACAQ»

Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, bu yenilik korrupsiya və çatışmazlıqların aradan qaldırılmasına hesablanıbsa, bunu köhnə sistemdə də bəzi islahatlar aparmaqla etmək olardı, qurumların adını dəyişməyə ehtiyac yox idi. Ekspert bu işin Müdafiə Nazirliyindən alınmasını da müsbət
Üzeyir Cəfərov
Üzeyir Cəfərov
qarşılamır:

«Elə Müdafiə Nazirliyinin tərkibində belə bir qurum yaratmaq olardı. Nazirliyin bu sahədə təcrübəsi də var. Yeni qurumun əvəzində bu işi təkmilləşdirmək olardı».

YENİ XİDMƏTİN YARADILMASINI ZƏRURİ EDƏN 2 AMİL

«Doktrina» Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli isə deyir ki, komissarlıqların ləğvi, bunun əvəzində yeni mülki qurumun yaradılması əslində ordunun NATO standartlarına uyğunlaşdırılması ilə bağlıdır:

«Bu qurumun yaradılmasında əsas məqsədlərdən biri çağırış sistemini hərbi nəzarətdən çıxarıb daha çox mülki bir struktura çevirməkdir. İkincisi, bu Xidmətin yaradılmasının əsas hədəflərdən biri hərbi çağırış sistemində tüğyan edən korrupsiya və rüşvəti aradan qaldırmaq olmalıdır və buna ümidlər var».

Ekspert deyir ki, bu məsələ həm də 2005-ci ildə Azərbaycanla NATO arasında imzalanan Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planında (IPAP) öz əksini tapıb. Gürcüstanda da komissarlıqlar ləğv olunub,
Cəsur Sümərinli
Cəsur Sümərinli
Türkiyədə də analoji qurum fəaliyyət göstərir.

«NÖVBƏTİ 2 İLDƏ HƏRBİ ÇAĞIRIŞ SİSTEMİNDƏ KORRUPSİYA OLACAĞINA İNANMIRAM»

Cəsur Sümərinli yeni yaradılan Xidməti daha çox Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) bənzədir:

«TQDK yaradılandan sonra tələbə qəbulunda mövcud olan rüşvət və korrupsiyanın xeyli məhdudlaşdırılması prosesi baş verdi. Xidmətin yaradılmasını da mən bununla eyniləşdirirəm. Ən azından növbəti 2 ildə hərbi çağırış sistemində hər hansı rüşvət və korrupsiya hallarının olacağına inanmıram. NATO ekspertlərinin bu məsələyə rəy və təklifləri olub. Bu səbəbdən də proses nəzarət altındadır».

Müdafiə Nazirliyi isə prezident fərmanını şərh etmir. Nazirlikdə komissarlıqların ləğvi və yeni xidmətin yaradılmasını müsbət addım adlandırırlar.
XS
SM
MD
LG