Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:41

Qarlı havada mağazalar, yeməkxanalar


Ərzaq mağazası
Ərzaq mağazası
- Səhərdən qəzet axtarıram. Qəzet yoxdur. Deyirlər ki, çıxmayıblar.
Arif Məmmədrzayevdir qarda qəzet axtaran. Xəbəri yoxdur ki, bəzi qəzetlər çapa ara veriblər. Daha doğrusu, buna inanmır. Bu zarafatcıl oğlan fevralın 2-dəki çovğunda elektrik kəsiləndə, su donanda və mağazalarda çörək qıtlığı yarananda tapdığı çıxış yolundan da danışır. Özü də gülə-gülə.
«AXŞAM 6-YA KİMİ ÇÖRƏK OLMADI»
- Dünən saat 12-də mağazaya pul vermişəm ki, çörək gələndə xəbər eləsin. Axşam 6-ya kimi çörək gəlməyib. Bəlkə də başa düşmək olar. Hava soyuqdur. Məcbur dözməliyik.
- Bəs uşaqlara yeməyə nə verdiz?
- Evdəkiləri… Sözün açığı göndərdik qohum evinə, kimin işığı varsa ora. Bir günlük yola verdik.
Məhəllədəki dükanlardan birinə girəndə mən də gözümə inanmadım. Mağazanı silib-süpürmüşdülər. Su rəfi tamam boş idi. Çörək də onun kimi. Satıcı gülüb «bəlkə yuxa alasız» dedi. Deyəsən, alveri pis getməmişdi.
«NƏ QƏDƏR SUYUM VARDI SATDIM»
Fevralın 2-də Bakıdakı çovğunda qazanan da oldu, ziyana düşən də. Xidmət müəssisələrinin çoxu qapısını açmadı: bərbərxanalar, gözəllik salonları, bəzi hədiyyə və geyim mağazaları, turizm şirkətləri. Kafe və yeməkxanalardan da riskə getməyənlər tapıldı.
Qapısı bağlanmayan ərzaq dükanlarıydı. Bakının mərkəzindəki mağazalardan birinin satıcısı Təzəgül Talışxanova deyir ki, ən çox tələbat çörəyə, suya və şama olub. Hava proqnozunu əvvəldən izləyən satıcı su və şam tədarükü görüb:
- Maşallah nə qədər suyum vardı satdım. Su donur deyə camaat çay qoymağa alırdı. Ehtiyatda şam vardı. O da qurtardı.
Ərzaq mağazası
Ərzaq mağazası
Amma Təzəgül xanım deyir ki, alıcılara çörək çatdıra bilməyib. Çörəkbişirmə sexləri onları alıcı yanında üzüqara qoyub. Səbəb də ya işıqların kəsilməsi, ya da yolların bərbad halda olması olub:
- Çörək səhər çağı 20 dənə verdilər, axşama da 20 çörək də gətirdilər. Alıcılar deyirlər ki, qar yağandan rahat çörək ala bilmirik. 2-3 gündür mal gəlmir. Siqaret gəlməliydi, gəlmədi. Şirniyyat, şokolad gətirməliydilər. Firmalara zəng vurdum. Dedilər ki, yol yoxdur.
ÇÖRƏK OLMAYANDA MAKARON, XƏNGƏL DƏ SATILIR
Əhmədlidəki mağazalardan birinin satıcısı Südabə xala deyir ki, bəzi alıcılar çörəyi normadan artıq alırlar.
- Adi gündə 1-2 çörək alan 4-5 çörək alır. Makaron, hazır xəngəl, yumurta, süd, bir də suyu çox alırlar.
Südabə xalanın sözlərinə görə, alveri bu günlərdə yaxşı gedib, gəliri də pis olmayıb. Amma qar yağandan göyərti, meyvə, tərəvəz bahalanıb deyə alıcılar bir az narazıdırlar.
«250-300 MANAT ZİYANA DÜŞDÜK»
«Hacıqabul» firmasının əməkdaşı Elçin Məmmədov mağazalara yumurta daşıyır. O deyir ki, fevralın 2-də 250-300 manat ziyana düşüb:
«Dünən bir az çətin oldu. Həm mala görə, həm maşına görə, həm canımıza görə risk eləmədik. Bu gün yol pis deyil. Yumurta gətiririk, bir az ehtiyatlı olmaq lazımdır. Bizi də başa düşürlər ki, çətindir. Qarın yağmağı cibimizə ziyan vurdu».
Sinoptiklər gələn həftə havanın yenidən pisləşəcəyini deyirlər. Elçin Məmmədovun Bakı şəhər icra hakimiyyətindən bir ricası var:
Bazar
Bazar
«Zəhmət olmasa, çox xahiş edirəm. Bu qədər texnika buraxıblar yollara. Heç olmasa ara yollara diqqəti çox ayırsınlar».
TƏKƏR TƏMİRİ SEXİNİN İŞİ PİS GETMİR, AMMA...
Qar yağandan avtomobil sahibləri işə-gücə piyada gedib-gəlirlər. Amma avtomobilinə və sürücülük təcrübəsinə güvənənlər yenə də ustaya baş çəkirlər. Bu havalarda təkər təmir edənlərin işi lap yaxşı gedir. Təkər təmiriylə məşğul olan Abbas Qasımov:
- Gəlirlər, «sep» vurdurmağa, təkərin havalarını azaltmağa. Qarda sürüşməsin deyə.
- Xidmət haqqı artıbmı?
- Yox.
- Amma müştəri artıb yəqin.
- 20 faiz artıb. Amma çoxu sürmür maşını.
Qarlı havada ziyana düşənlərdən biri də taksi sürücüləridir. Piri Tağıyev:
Piri Tağıyev
Piri Tağıyev
- Hacıbala Abutalıbov deyir ki, o boyda texnika alıb, prezidentə nümayiş etdirir. Hanı o texnika? Camaat öz gücünə yolu təmizləyir. Prezidenti aldadırlar. Bir adam işləmir. Qum tökən, duz səpən yox. 4-5 gündü çıxa bilmirik işə.
- İndi müştəri olsa gedərsizmi?
- Yox. Gedə bilmərəm.
- Yaxşı qiymətə də?
- Qiymət söhbəti deyil axı, çıxmaq olmur.
Piri Tağıyev maşın sürə bilməsə də, özünə qarlı havada iş tapıb. Məhəllə yollarını qalaqlanmış zir-zibildən və qardan təmizləyir.
Onun qonşusu Səkinə xala da gileylənir ki, qar yağandan zibil də daşınmır. Həyətin önündə az qala zibil tayaları yaranıb.
«QARIŞQA KİMİ MİLYON ADAM TÖKƏSİ DEYİLİK Kİ…»
Bakı şəhər İcra Hakimiyyətində Şəhər Təsərrüfatı Şöbəsinin müdiri Xalid Ələkbərov isə Piri Tağıyevin iradları ilə razılaşmır:
- Taksi sürücüsü getsin təkərlərinə fikir versin, ayaqqabısına fikir versin. Bizim camaat 3 gündür gecə-gündüz yolları təmizləyir. Birinin qapısına gedən yol pisdirsə, o demək deyil ki... O da bel götürsün təmizləsin.
- Bəs ətraf qəsəbələr, məsələn Əhmədli?
Fuad Cəfərli
Fuad Cəfərli
- Mən onu dəqiq deyə bilmərəm. Onlarla icra hakimiyyəti məşğul olmalıdır. Biz arteriya küçələrini təmizləyirik. Tonlarla qar aparmışıq. Qar yağanda qarışqa kimi milyon adam tökək ki... Bu idarədir, 500-1000 əməkdaşı var. Bir gün biri təmizlənir, o biri gün başqası. əsas yollar təmizlənib, başqa yolları təmizləyirlər.
- Zibil də daşınmır.
- Hardasa ola bilər. Maşın gedə bilməyib yəqin apararlar. Bu gün apararlar.
«Bakıda həmişə qar, hətta güclü yağış yağan kimi problemlər üzə çıxır. Bu birinci dəfə deyil ki»
Şəhər İnkişaf Mərkəzinin rəhbəri Fuad Cəfərli söhbətə yarızarafat yarıciddi belə başlayır. O ABŞ-dan nümunə gətirir. Deyir ki, Amerikada qarlı-çovğunlu günlərdə əhaliyə xəbərdarlıq edilir. Bundan başqa, kommunal xidmətlər gecə saat 4-dən işə başlayırlar. Bir neçə saata yollarda hərəkət mümkün olur.
XS
SM
MD
LG