Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:25

20 Yanvardan 22 il ötür


20 Yanvar qırğını qurbanları ziyarət olundu
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00
Direct-ə keçid
-
22 İL ƏVVƏL

- Atəş səsləri gəlir.

- Adamlara atırlar, görürsünüz?

- 12 tamamda ordu başladı əmri yerinə yetirməyə. Saat yarımdır ki, şəhərdə atəş gedir, ordu uşağa, böyüyə məhəl qoymadan hamını qırır. Hələ də avtomat, top səsləri gəlir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə AzadlıqRadiosunun dünyaya yaydığı bu səs həmin gecə Bakıda törədilmiş kütləvi qətldən xəbər verir. Sovet ordusunun Bakıda əliyalın adamlara qarşı hərbi texnika və silah tətbiq etməsi nəticəsində 137 nəfər öldürülüb, 744 nəfər ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Sovet ordusunun əməliyyatı nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağılıb.

20 YANVAR 2012

22-ci ildir ki, Bakıdan və bölgələrdən Şəhidlər Xiyabanını ziyarətə gəlir, burada yatanları yad edirlər. Bu ab-hava metronun «Elmlər Akademiyası» stansiyasından Şəhidlər Xiyabanı istiqamətindəki yolda xüsusilə hiss olunurdu. Metrodan çıxan əliqərənfilli adamlar Şəhidlər Xiyabanı istiqamətində addımlasalar da, 20 saylı məktəbin yaxınlığında polisdən çəkilmiş sədlə toqquşurdular.

Səhər saat 8:30. Ziyarətçilər və jurnalistlər Xiyaban tərəfə buraxılmır. Polislər adamlara alternativ yollar təklif etsələr də,
Bakı, yanvar 1990
Bakı, yanvar 1990
məlum olurdu ki, həmin yollarda da sədlər çəkilib. Polislər deyirdilər ki, ziyarətçilər Xiyabana saat 12-dən tez buraxılmayacaq. Çünki əvvəl Xiyabanı prezident, sonra isə nazirlik və dövlət idarəsinin işçiləri ziyarət edəcəklər. Bu isə onsuz da soyuq iliklərinə işləyən ziyarətçiləri narazı salmışdı.

«BURADA SƏNİN, MƏNİM OLMAMALIDIR»

20 Yanvarda həlak olanları ziyarət etmək üçün bir gün əvvəldən Ağcabədidən Bakıya gələn Könül Məmmədova deyir ki, səhər saat 8-dən polislərə dil-ağız edir. Bütün cəhdlərinə baxmayaraq, hələ də Xiyabanın həndəvərinə yetişə bilməyib:

«Buraxmırlar, düz eləmirlər, hamımız bir millətik. Burda sənin, mənim olmamalıdır».

Ancaq bununla belə, Könül Məmmədova günün sonunadək də olsa, Xiyabanı ziyarət etməkdə israrlıdır:

«Bizim, balalarımızın, qohum-əqrəbamızın yolunda şəhid olublar. Hamı gəlməlidir».

PREZİDENT KEÇSİN, SONRA...

Ülkər Cəbrayılova da ziyarətçilərə bərabər şərait yaradılmasını istəyirdi:

Bakı, yanvar 1990
Bakı, yanvar 1990
«20 Yanvar Azərbaycan xalqının ən böyük faciələrindən biridir. Hər il belədir - prezident xiyabana əklil qoyub gedir, sonra nazirlər keçir, ən axırda vətəndaşlara keçməyə icazə verirlər. Belə olmalı deyil, nazirliklər, müxtəlif təbəqələr arasında ayrı-seçkilik olmamalıdır. Şəhidlər Xiyabanında yatan şəhidlər hər birimizin övladıdır, bacısıdır, qardaşıdır. Yaxşı olardı ki, belə yağışın, qarın altında gözləməzdik, biz də onlar kimi gedib ziyarətimizi edərdik».

SƏHƏR SAAT 5-DƏN XİDMƏTDƏ

Bir nazirlik işçisi:

«Borcumuzdur ki, şəhidləri həmişə yad edək, gələk onları ziyarət edək. Mən də hər il olduğu kimi gəlmişəm şəhidlərimizi yad etməyə. Bu, bizim vətən yolunda canını, qanını vermiş şəhidlərimizə borcumuzdur».

Polis işçiləri isə deyirdilər ki, səhər saat 5-dən Xiyabanın ətrafında xidmətdədirlər. Onlara sıravi ziyarətçilərin Xiyabana saat 12-dən sonra buraxılması barədə tapşırıq verilib. Buna qədər isə yalnız nazirlik və dövlət idarələrinin işçiləri buraxıla bilər.

Saat 12:00-da 20 Yanvarda həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Rəsmi qurumların əməkdaşlarının ardınca polislər ziyarətçiləri hissə-hissə Xiyabana buraxmağa başladılar.

İCTİMAİ PALATA ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİ

İctimai Palatanın üzvləri Şəhidlər Xiyabanına gedirlər
İctimai Palatanın üzvləri Şəhidlər Xiyabanına gedirlər
20 Yanvarda həlak olanları ölkə müxalifəti də ziyarət etdi. Saat 14:00-da İctimai Palatanın üzvləri 20 saylı orta məktəbin qarşısına toplaşaraq Xiyabana ​gəldilər.

Müsavat başqanı İsa Qəmbər:

«Tanrı şəhidlərimizin ruhunu şad etsin. Bizə də qüvvət versin ki, həlak olmuş qəhrəman insanların ideyalarını yerinə yetirək».

Müxtəlif təşkilatları təmsil edən gənclər yaxalarına sancaqla 2011-ci ildə orduda müxtəlif səbəblərdən ölmüş əsgərlərin şəkillərini vurmuşdular.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı:

«Həm 20 Yanvarda, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgərlərimizin xatirəsini yad edirik».

Ötən ildən fərqli olaraq, bu il ziyarət vaxtı müxalifətçilərlə polis arasında insident yaşanmadı.

Gün ərzində Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı. Metronun «Elmlər Akademiyası» stansiyasından Şəhidlər Xiyabanı istiqamətində avtobusların pulsuz işləyəcəyi bildirilsə də, çoxunda bunu müşahidə etmədik.
XS
SM
MD
LG