Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:20

Həbs olunan AXCP-çi xəstəxanaya düşdü


Foto: Arxiv
Foto: Arxiv
Zeynal Bağırzadə axşam saatlarında diaqnostika mərkəzindən təcridxanaya qaytarılıb.

Bu haqda onun qardaşı Yaşar Bağırsoy məlumat verib:

«Qardaşımı həkimlərin dediyi kimi, gündüz yox, axşam saat 20:00-da təcridxanaya qaytarıblar. Xəstəxanadan çıxarılarkən heç kimə onunla görüşməyə icazə verilməyib. Ona görə də, Zeynalın hazırkı vəziyyətindən xəbərsizik».

DİAQNOSTİKA MƏRKƏZİNƏ YERLƏŞDİRİLDİ

Dekabrın 26-da Naxçıvan şəhər məhkəməsinin qərarı ilə həbs olunan AXCP yerli təşkilatının fəalı Zeynal Bağırzadə ağır vəziyyətdə diaqnostika mərkəzinə yerləşdirilib.

Bu haqda AzadlıqRadiosuna Zeynal Bağırzadənin qardaşı, AXCP Naxçıvan şöbəsinin sədr əvəzi Yaşar Bağırsoy məlumat verib. Yaşar Bağırsoy deyir ki, məhkəmənin qərarından sonra Zeynal Bağırzadə Ədliyyə Nazirliyinin Kəngərli rayonunda yerləşən Böyükdüz təcridxanasına aparılıb. O, həmin təcridxanada qardaşına işgəncə verildiyini iddia edir:

«DEMƏK OLAR Kİ, ÖLÜMCÜL VƏZİYYƏTDƏDİR»

«Məndə olan məlumata görə, gətiriləndən bir gün sonra ona işgəncə verməyə başlayıblar. Dekabrın 28-də isə Naxçıvandakı diaqnostika mərkəzinə yerləşdiriblər. Hazırda reanimasiya şöbəsindədir. Həkimlər müdaxilə edib, vəziyyəti hədsiz ağırdır. Demək olar ki, ölümcül vəziyyətdədir».

Yaşar Bağırsoy bildirir ki, həkimlər Zeynal Bağırzadəyə mədə xəstəliyi diaqnozu qoyublar:

«MƏDƏ XƏSTƏLİYİ BƏHANƏDİR»

«Məhkəmə günü yanında olmuşam. Sağ-salamat təcridxanaya yola salmışam. Heç bir problemi yox idi. Ümumiyyətlə, Zeynal heç vaxt mədəsindən şikayət etməyib. Ona ağır işgəncə veriblər. Mədə xəstəliyi bəhanədir».

Yaşar Bağırsoy
Yaşar Bağırsoy
Yaşar Bağırsoy yaxınlarının qardaşının yanına buraxılmadığını bildirir. Deyir ki, qardaşının həbsi və ona işgəncə verilməsi siyasi sifarişdir:

«Yerli hakimiyyət dəfələrlə bizə siyasi fəaliyyətdən əl çəkməklə bağlı xəbərdarlıq vermişdi. Biz onlarla razılaşmadıq. İndi bu yolla bizdən qisas alırlar».

Deyilənlərə münasibət öyrənmək istəsək də, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən məlumat ala bilmədik.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsindən isə bu barədə məlumatsız olduqlarını bildirdilər.

XƏSTƏXANA: ZEYNAL BAĞIRZADƏ HƏBSXANADADIR

Naxçıvan şəhər Diaqnostika Mərkəzindən Zeynal Bağırzadənin reanimasiyada olmasını təkzib etdilər. Mərkəzdən bildirdilər ki, Zeynal Bağırzadə xəstəxanaya gətirilib, ancaq heç bir xəstəliyi olmadığından geri qaytarılıb.

Yaşar Bağırsoy isə deyir ki, qardaşı hələ də xəstəxanadadır və geri qaytarılmayıb:

«Qohumlarımızı xəstəxanadan uzaqlaşdırıblar. Onlar hazırda xəstəxananın həyətində gözləyirlər. Zeynalın vəziyyəti haqda məlumat ala bilmirik».

Zeynal Bağırzadə barəsində CM-nin 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurma) maddələri ilə cinayət işi qaldırılıb. Dekabrın 26-da isə Naxçıvan şəhər Məhkəməsi Zeynal Bağırzadə haqqında 3 aylıq həbs qərarı verib.
XS
SM
MD
LG