Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:31

Hamarmeşə kəndində sürüşən evlərin çarəsiz sakinləri…


Hamarmeşə kəndi
Hamarmeşə kəndi
Hamarmeşə kəndində sürüşən evlərin çarəsiz sakinləri…

Hamarmeşə Lerik rayonun 157 kəndindən biridir. Lənkəran-Lerik yolunun 30 kilometrliyində, dəniz səviyyəsindən 600 metr hündürlükdə, dağlar arasında yerləşir. Bir neçə il bundan əvvəl əsaslı təmir olunmuş Lənkəran-Lerik yolu təhlükəlidir. Hər an başımızın üstündə ucalan qayalardan çınqıl və daş parçası yola tökülə bilər. Yolboyu adamlarla söhbətimizdən məlum oldu ki, bu ərazidə yerləşən kəndlərin heç birində təbii qaz yoxdur. Qar yağan kimi elektrik enerjisinin verilməsində də fasilələr yaranır. Adamlar yay-qış odun tədarük edirlər.

HAMARMEŞƏ KƏNDİ…

Gəlib Hamarmeşəyə çatırıq. Evlər enişli-yoxuşlu ərazidə yerləşir. Lənkəran çayı da buradan axır. Bu kənd hər il sürüşməyə məruz qalır. Bu ilin noyabrın 24-də növbəti sürüşmədə 15 ev təhlükə altına düşüb. Bir ailəni köçürtməli olublar. Kənd çayxanasında daha çox hansı ərazidə sürüşmə baş verdiyini soruşuruq. «Oraya maşınla gedə biməzsiniz, piyada gedin» deyirlər. Həmin istiqamətə üz tuturuq. İstənilən evin həyətində təndir var. Kəndlilər deyir ki, burada qış uzun çəkir, yollar keçilməz olur. Buna görə də evdə çörək bişirməyə məcburdurlar.

Kənd yolunda çiynində ağac parçası daşıyan birinə rast gəldik. Tanışlıq zamanı özünü Saleh Bağırov kimi təqdim edən bu adam deyir:

«MƏN MEŞƏYƏ GEDİRƏM…»

«Qazın olmaması ilə əlaqədar meşə dağıntıya gedir. Camaatdır da, gərək birtəhər dolansın. Meşədə tör-töküntü var. Şəxsən mən meşəyə gedirəm, harada quru var gətirirəm. O qədər tör-töküntü var ki, ağaclar qocalıb. Onu yığışdırsan bəlkə də bir rayonu saxlamaq olar. Şərait yoxdur, sıldırımlıdır. Getmək olmur. İndi qış fəslidir. Qışda heç nə olmur. Yazda hər şey əkirəm. Kartofa pul vermirəm, noxuda pul vermirəm, göy-göyərtisinə pul vermirəm».

O, torpaq sürüşdüyü üçün kənd adamlarının qorxu içində yaşadıqlarını deyir:

Seyrəddin Salayev
Seyrəddin Salayev
«Təbiətlə mübarizə aparmaq olmaz. Yuxarıdan gələn qurunt sulardır, yuyub aparır. Sürüşüb, evə 2-3 metr məsafə var. Bir də sürüşsə, ev gedəcək. Bundan yuxarıda da ev var. Onun divarları partlayıb».

HƏR EVİN YANINDA YƏHƏRLƏNMİŞ AT GÖZƏ DƏYİR

Kənd yolu ilə daha sıldırımlı yerə, torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş evə doğru hərəkət edirik. Demək olar ki, hər evin yanında yəhərlənmiş at gözə dəyir. Burda hər işi atla görürlər. Odunu da, ərzağı da atla daşıyırlar. Kənd sakinləri deyir ki, qar yağandan sonra maşınların hərəkəti dayanır. İmkanı olmayan ailələr birləşib bir at alırlar. Növbə ilə atdan istifadə edirlər.

Kənd sakini 26 yaşlı Seyrəddin Salayev də atını həmişə yanında saxlayır. Seyrəddin Salayev deyir ki, onların evi də sürüşmə nəticəsində qəza vəziyyətinə düşüb:

«TORPAQ SÜRÜŞÜB, EV ÇATLAYIB»

«Torpaq sürüşüb, ev çatlayıb, 200 metrə yaxın sürüşüb. Ev də partlayıb. Ordan köçüb həyət evində yaşayırıq. Qorxuludur da. Fövqəladə Hallar Nazirliyindən gəlib baxıblar, elə-belə. Bir aya yaxın olar bu vəziyyətdədir. Yağış oldu, sürüşmə davam edir. Sudandır. Torpaqdır da… Təsərrüfatla məşğulam. Əkib becərirəm».

Seyrəddin Salayevin dediyinə görə, kəndə adam başına 4 sot torpaq payı düşüb. Bu torpaqla yaxşı yaşamaq mümkün deyil. Ona görə də kəndin cavanları işləmək üçün Qaradağdakı daş karxanalarına gedirlər:

«BURDA GƏNC AZDIR…»

«Kəndə iş yeri olsa, yaxşı olar. Televizorumuz var, internet yoxdur. Burda gənc azdır. Nə işlə məşğul olsun? Özüm Bakıda işləyirdim. İndi gedə bilmirəm, ailə qurandan sonra
Torpaq sürüşüb, ev çatlayıb
Torpaq sürüşüb, ev çatlayıb
getmirəm».

Gəlib ən hündür yerdə yerləşən evə çatırıq. Evin sahibəsi Meyxanım Fərziyeva də torpaq sürüşməsindən danışır:

«AĞLAYA-AĞLAYA YATIRIQ…»

«Mənim həyətim sürüşüb, 3-4 metrə yer gedib. Evin qabağı da gedib. 2-3 yerdə də ev çatlayıb. Evin içi tamamilə yararsız hala düşüb. Həmin su gəlib qonşunun həyətini xaraba edib. Su bir gecədə gəldi, buranı bu günə qoydu. Mən yaşaya bilmirəm burda, balaca evə köçmüşəm. Ağlaya-ağlaya yatırıq. Qorxu içindəyik».

Evin divarlarında çatlar aydın görünür. Sürüşmüş torpaq evin 2-3 metrliyinə qədər gəlib. Ailənin bütün üzvləri həyətdə balaca daxmada gecələyirlər. Özlərinin dediklərinə görə, gecə növbə ilə keşik çəkirlər.

Meyxanım Fərziyeva: «Üç gəlinimin cehizi ordadır, bu mənə ağır gəlir. İndi o evdə 11 nəfər yaşayır. Hökumətdən istəyirəm ki, mənim balalarıma kömək etsin. Hərəsinin iki uşağı var».

Meyxanım Fərziyeva deyir ki, burdan köçmək istəyirlər. Kəndin digər ərazisində yer alsalar da, onlara ev tikməyə icazə vermirlər. Çoxlu sənəd istəyirlər. O, əyin-başını göstərərək deyir:

«XARİCİ MƏNİ ÇƏKSƏ, AZƏRBAYCANA NƏ DEYƏR?»

«Xarici məni çəksə, Azərbaycana nə deyər? Özün de. Bu dövrdə belə yaşayan yoxdur. Sən mənə bax. 10 uşağın anasıyam, 5 oğlum var. Hamısı belə dolanır».

Hamarmeşə kənd bələdiyyəsinin sədri Fərman Həşimov:

«3 AİLƏ TƏHLÜKƏDƏDİR»

Məktəblilər
Məktəblilər
«Bunları birİnci torpaqla təmin etməliyik. Fövqəladə Hallar Komissiyasından gəliblər, sənədləşdiriblər. Onlara nə kimi yardım ediləcək, o qaydanı dəqiq bilmirəm. Bir dənə ailəni köçürtmüşük başqa bir yerə, sığınacaq vermişik. Onlara torpaq sahəsi ayrılandan sonra o evi söküb bu tərəfdə yenisini inşa etməlidirlər. Bu dəqiqə 3 ailə təhlükəli vəziyyətdədir. Onlara mütləq kömək lazımdır. Bizim üçün dövlət proqramı ilə yaxşı bir məktəb tikilib. Bizim məktəb Bakı şəhərinin məktəblərindən fərqlənmir. ATS, bir də poçt binası var».

«BİZ ONLARI QOHUMLARININ YANINDA YERLƏŞDİRƏ BİLƏRİK»

Lerik rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Bilal Rzayev:

«İcra hakimiyyətində vətəndaşlara kömək üçün elə vəsaitlər ayrılmır. Biz onları qohumları yanında yerləşdirə bilərik. Başqa nə edə bilərik?».

«BUNUN AXIRI OLACAQMI?»

Dağlar arasında köməksiz qalan Hamarmeşə kəndindən çıxırıq. Bizi ötürən kənd sakini Seyrəddin Salayev kədərli gözlərini uzaqlara zilləyib deyir: «Bunun axırı olacaqmı?».
XS
SM
MD
LG