Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:45

Yeni ilə hazırıqmı?


Bakının mərkəzində qurulan yolka
Bakının mərkəzində qurulan yolka
-

2012-ci ilin gəlişinə bir neçə gün qalır. Artıq şəhərin mərkəzində yolkalar bəzədilib, az qala hər addımbaşı bayram tədbirləri ilə bağlı elanlara rast gəlinir. Xırda ticarətçilər də iş başındadırlar. Küçələrdə yolkadan tutmuş Şaxta baba papağınadək müxtəlif yeni il aksesuarları satılan piştaxtalar saysız-hesabsızdır.

«QAŞQABAQLI İNSANLAR DA GÜLÜMSƏYİR»

Bəs, Bakı sakinləri Yeni ilə necə hazırlaşır? Bu sualı küçədə rastlaşdığımız sakinlərə verdik:

«Biz bayramı həm evdə, sonra da gəlib Milli Parkda ailəlikcə qeyd edirik».

«Artıq bəzi qaşqabaqlı insanlar da gülümsəyir. Şəhərdə insanların sayı çoxalıb. Mağazalarda daha çox alıcı var. Bayram əhval- ruhiyyəsi hiss olunur. Biz də öz növbəmizidə Yeni ili gözləyirik. İnşallah 2012-ci il daha da uğurlu olar».

«Yeni ili əvvəlki kimi səbirsizliklə gözləmirik. Elə bil ki, sadəcə il dəyişir vəssalam. Yəni xüsusi bayram əhval- ruhiyyəsi yoxdur. O qədər maddi mənəvi sıxıntılar var ki, bayram əhval-ruhiyyəsi hiss etmirik».

«HƏR YANDA BAYRAM ƏHVALI...»

Nəvələrini şəhərin mərkəzində yolkanın kənarında gəzdirən 75 yaşlı Vahid Həsənov deyir ki, bayramı imkanı çatdığı qədər maraqlı qeyd etməyə çalışacaq:

75 yaşlı Vahid Həsənov
75 yaşlı Vahid Həsənov
«Biz özümüz də uşaq olmuşuq. Çalışacam, imkanım nəyə çatır, uşaqlar üçün hər şey edim. Düzdür bizim vaxtımızda Yeni il belə təmtaraqlı qeyd olunmurdu. Bir ağacı kəsib bəzəyərdilər. İndi isə şəhərdə hər tərəfdə yolka bəzənib, hər tərəfdə bayram əhval ruhiyyəsi var».

«İKİ UŞAĞI TEATRA APARMAQ ÜÇÜN...»

«Cupbulu əjdaha», «Çəkməli pişik», «Zoluşka» və digər tamaşa və bayram şənlikləri ilə Bakıdakı teatrlar da yeni ilə hazırlaşır.

Bakı sakini Zümrüd Bəşirova:

«Mənim iki məktəbli uşağım var, çalışacam onlar üçün maraqlı olsun. Teatra gedək, konsertlərə gedək. Amma maraqlanmışam, orta qiymətlə biletlər 10 manatdır. Təkcə teatra getmək üçün 3 nəfərə 30 manat lazımdır. Bayramı istədiyimiz kimi qeyd etməyə maddi imkan yoxdur».

«RUS SİRKİNİN «QIŞ HƏDİYYƏSİ»»

Bakı Dövlət Sirki də dekabrın 23-dən yanvarın 9-na kimi «Rus Sirkinin «Qış hədiyyəsi» adlı proqrama hazırlaşır. Sirkin mətbuat katibi Mahir Hümbətov deyir ki, biletlər əhalinin alıcılıq qabiliyyətinə uyğun olaraq satılır:

Qabil Abdullayev
Qabil Abdullayev
«Yeni il bayramı və uşaqların qış tətili ərəfəsində Dövlət Sirki yeni proqrama hazırlaşır. 2 saatlıq proqramda qonur ayıların atraksionu, atlarla, itlərlə nömrələr, dünyanın ilk qadın klounlarının çıxışları və hava, turniklərlə və digər maraqlı çıxışlar olacaq. Qiymətlər isə sırasından asılı olaraq 4-6-8-10 manatdır».

«ORTA QİYMƏTLƏRLƏ YENİ İL AKSESUARLARI ALMAQ ÜÇÜN...»

Yeni il ərəfəsi şəhərdə bayram aksesuarları satılan mağazaların sayı da artıb. Belə mağazalardan birinin direktoru Qabil Abdullayev deyir ki, ötən illərlə müqayisədə alver zəifdir:

«Hələlik alver zəifdir. Ola bilər ki, camaat hələ maaş almayıb, maaşlarını alandan sonra alıcıların sayı arta bilər. Amma hələki ötən illərlə müqayisədə alver çox zəifdir».

Qalib Abdullayev orta qiymətlərlə yeni il aksesuarları almaq üçün ən azı 50 manat lazım olduğunu deyir.
XS
SM
MD
LG