Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:35

Öldürülmüş əsgərlərin valideynləri istintaqdan narazıdırlar


«Hadisə olandan bu yana zərərçəkmiş kimi bizi istintaqın gedişi ilə tanış etməyiblər. Biz 7-8 aydan sonra bilmişik ki, bizim uşaqlara ləkə yaxıblar. Prokurorluğa da getdik, məhkəmədə də dedik, bizə sənədləri vermirlər, yalandan böhtan atırlar uşaqlara».

Bu sözləri bu ilin fevral ayında Göygöldəki hərbi hissənin birində əsgər yoldaşlarını güllələyib sonda özünü də öldürdüyü bildirilən Zakir Quliyevin atası Etibar Quliyev deyir. O, istintaqın qapalı və qeyri-obyektiv aparıldığını iddia edir. Deməsinə görə, istintaq araşdırması gizli aparılıb. Dəlil və sübutlar araşdırılmadan ölüm epizodu üzrə işə xitam verilib:

«BİZİM UŞAQLARI TƏCRÜBƏLİ ADAMLAR VURUBLAR»

«Bir şahid tapıblar ki, heç o, orda olmayıb. Bizim uşaqları demək olar ki, təcrübəli adamlar vurublar. Professional şəkildə vurublar. Onların verdiyi tibbi ekspertlə uşaqların yaraları uyğun deyil. Mənim oğlum arxadan vurulub. Bunlar isə yazıblar ki, özü-özünü vurub. Ancaq yarası arxadandır. Snayperlə vurulub. O da başdandır. Zakir Qaralov çıxış edib dedi ki, hadisə 9:45 radələrində səhər olub. Sonradan bildik ki, hadisə gecə 4-də olub. Bizi materiallarla tanış etmirlər, sənədlərin sürətin vermirlər. Günahsız olan zabitləri bu işə, məhkəməyə cəlb ediblər. Bizim uşaqlar qardaş kimi idilər. Zəng edib danışırdıq. 1 ay olmurdu ki, bir valideyn orada olmasın. Şahid olan əsgər isə 1 ayın əsgəri idi».

7 əsgərin ölümü bu il fevralın 20-də Göygöldəki N saylı hərbi hissədə baş vermişdi. Həmin vaxt Müdafiə Nazirliyinin məlumatında bildirildi ki, əsgərlər arasında anlaşılmazlıq olub. Nəticədə Zakir Quliyev öz əsgər yoldaşları Naib Quliyevi, Cavid Cavadzadəni, Nurlan Suanverdiyevi, Ramazan Xocberovu, Əfqan Kərimovu və Əhməd Hüseynovu güllələyib, sonda özünü də öldürüb. Müdafiə Nazirliyinin bu məlumatının əksinə olaraq valideynlər hadisədə əsas günahkarların gizlədilməsi üçün uşaqlarına böhtan atıldığını, ləkə yaxıldığını deyirlər. Digər valideyn Rəsmiyyə Cavadzadə deyir ki, övladına və onun yoldaşlarına layiq olduqları status verilməlidir:

«VALİDEYNLƏRİ ÜZ-ÜZƏ QOYURLAR Kİ, BU İŞİN ÜSTÜNƏ DÜŞMƏSİNLƏR»

«Bizə verilən məlumat o oldu ki, uşaqlar bir birinə atıb. Mən ora çox gedib gəlmişəm, uşağın yanına. Orda narahatçılıq olsa, mənə deyərdi. Məndən söz gizlədən deyildi. Onlar haqqında deyilən sözlər ola bilməz, yalandır. İstəyirəm ki, heç olmasa uşaqlara ad verilsin, şəhidlik adı verilsin.
Foto: Arxiv
Foto: Arxiv
Onların üstündən götürülməlidir o ad. Yalandan uşağı ləkələyirlər. Valideynləri üz-üzə qoyurlar ki, bir-birləri ilə dalaşıb, bu işin üstünə düşməsinlər. Zülmlə uşaq böyüdəsən, baxmasınlar, ölüb gəlsin, hələ bir pis ad verilsin? Belə şey olar?»

2 oğlunu yoldaşı öldüyündən təkbaşına böyüdən Rəsmiyyə Cavadovanın digər narahatçılığı da indi ona həyan qalan yeganə övladının hərbiyə çağırılmasıdır:

«O BİRİ OĞLUMU DA ƏSGƏR ÇAĞIRIRLAR»

«2 oğlum var, biri şəhid olub, birini də çağırırlar. Mən kimlə qalım, neyləyim, ataları da ölüb. Deyirlər mümkün deyil, yuxarıdan çağırırlar. Məktub yazdıq, cavab gəlmədi. Mən necə dolanım neyləyim?».

Respublika Hərbi Prokurorluğunun istintaq şöbəsinin rəisi Cəfər Cəfərov isə bizə əsgərlərin ölüm epizodu üzrə istintaqa xitam verilməsinin səbəbləri barədə danışmaq istəmədi. Yalnız Gəncə Hərbi Məhkəməsində prosesin ümumilikdə davam etdiyini dedi. Məhkəmədə isə bunu qətlləri törətdiyi deyilən əsgərin də ölməsi ilə izah edirlər. İndi ancaq hərbi hissədəki zabitlərin rüşvət alma və nöqsanları üzrə araşdırma aparılır. Gəncə şəhər Hərbi Məhkəməsinin hakimi də deyir ki, iş başa çatmamış bir kəlmə belə danışa bilməzlər.

Hüquq müdafiəçilərindən Sahib Babayev isə cinayət işinin istintaqında qeyri-obyektivlikdən danışır:

«6 NƏFƏRİN QƏTLİ BAŞ VERƏN YER YERLƏ YEKSAN EDİLİB»

Foto: Arxiv
Foto: Arxiv
«Hadisə baş verən yer - o 6 nəfərin qətli baş verən yer nədənsə məhkəmə istintaqı başa çatmayana qədər yerlə yeksan edilib. Nədənsə ölüm üzrə işə xitam verib. Halbuki bütün epizodları araşdırmaq, versiyalar irəli sürmək olardı. Hamısı yoxlanılmalı idi və istintaq başa çatmalı idi. Bir versiya üzərinə qurulmuş istintaq aparılıb. Qərəzli olmasa da, qeyri-obyektiv istintaq aparılıb. İşə xitam verilib, öldürən şəxsin özünün də ölümü ilə əlaqədar».

Məhkəmə istintaqına 4 zabit cəlb edilib. Valideyn Etibar Quliyev deyir ki, ölüm işi qalıb bir yana, məhkəmədə zabitlərin nə vaxtsa bir əsgərə sillə vurması müzakirə edilir. Məhkəməyə cəlb olunmuş zabitlərdən biri - komandir Taleh Əhmədovun müdafiəçisi Hümbət Salahov da deyir ki, məhkəməyə təqsirləndirilən şəxslər kimi cəlb olunanların hadisə ilə heç bir bağlılıqları yoxdur:

RÜŞVƏT İTTİHAMLARI...

«Taleh Əhədov komandir olub. Ona rüşvət məsələsi veriblər. Əsgərlərin döyülməsi barədə şikayət irəli sürülüb. Ölənlərin yox e, əlavə əsgərlərin döyülməsi... O hadisə ilə heç bir əlaqəsi yoxdur, o güllələməyib, ölümdə iştirak etməyib».

Valideynlərin tələbi baş vermiş faciəli hadisənin yenidən araşdırılması və günahkarların cəzalandırılmasıdır.
XS
SM
MD
LG