Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:39

Eldar Namazov: «Rusiya əvvəlki kimi olmayacaq»


Eldar Namazov
Eldar Namazov
«Rusiyada başlayan dalğanın Azərbaycana da təsiri olacaq».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Azərbaycan naminə» İctimai Forumun prezidenti Eldar Namazov deyib:

«Rusiyada başlayan dalğa həqiqətən də Azərbaycana aid olan dalğadır. Tunisdə başlayan dalğa isə ilk növbədə qonşu ərəb ölkələrinə birbaşa təsir etdi. Rusiyada baş verənlərin isə birbaşa Azərbaycana, ən azı Gürcüstana, Ermənistana, eyni zamanda yəqin ki, Ukrayna, Moldova, Belarusa da təsiri olacaq».

E.Namazov düşünür ki, Rusiyada baş verən hadisələr ciddi hadisələrdir, daha Rusiya əvvəlki kimi olmayacaq:

«O mitinqə qədər bir Rusiya var idi. O mitinqdən sonra isə tamam başqa, vətəndaş cəmiyyəti kifayət qədər fəal olan, öz hüquqlarını müdafiə edən Rusiya var. Bu hadisələr Putin hakimiyyəti üçün də çox gözlənilməz oldu. Onlar özlərini itirdilər və çox ciddi səhvlərə yol verməyə başladılar. Bu o demək deyil ki, sabah Rusiyada hər şey dəyişəcək. Ancaq dəyişikliklər artıq başladı. Bu elə bir prosesdir ki, onun qarşısını da almaq çox çətindir».

E.Namazov son zamanlar Ziyalılar Forumu ətrafında baş verən hadisələrə də toxundu. O bildirdi ki, bu hadisələr Azərbaycanda yenidən ictimai rəyi oyatdı:

«ZİYALILAR FORUMU İCTİMAİ RƏYİ OYATDI»

Ziyalılar Forumu
Ziyalılar Forumu
«Ziyalılar Forumu Azərbaycanda ictimai rəyə bu proseslər zamanı ciddi təsir etdi. İctimai rəydə müəyyən müsbət dəyişikliklər baş verməyə başladı. Ümumiyyətlə, ictimai rəy yaranmağa başladı, ictimai rəyi nəzərə almağa başladılar. Əvvəllər bu, yox idi. İndi bu, bərpa olunur. Bu çox vacibdir».

Son vaxtlar ölkə daxilində baş verən hadisələrə də toxunan E.Namazov yazıçı-publisist Rafiq Tağının qətlinə diqqət çəkdi:

«Bu, təkcə Rafiq Tağıya qarşı deyil, Azərbaycanda dünyəvi dövlətin əsaslarına, vətəndaş cəmiyyətinə qarşı olan terror aktıdır. Təhlükə var. Amma mən əminəm ki, Azərbaycan cəmiyyətində məhz dünyəvi demokratik prinsipləri seçən insanlar əksəriyyət təşkil edir. Azərbaycanda azad, ədalətli seçkilər keçirilsə, sərbəst toplaşmaq hüququ bərpa olunsa, biz Azərbaycan cəmiyyətinin potensialının, seçiminin necə olduğunu görərik».

Politoloq özünü demokrat adlandıran müxalifətçilərə müraciət etdi:

«Azərbaycanda özünü «demokrat» adlandıran, «demokratik müxalifət» adlandıranlar gərək Rafiq Tağının qətlini savab iş sayanların səsləri haqda düşünməsinlər. Bu haqda düşünməyə başlasalar, bu, artıq siyasət deyil, tamam başqa bir şeydir…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG