Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:38

Partiyalara yardım edəndən adını açıqlamaq tələb edilir


Milli Məclisin binası.
Milli Məclisin binası.
-

SƏNƏDİ «GÖRDÜM» DEYƏN OLMADI
Partiyalar dövlət qurumlarına göndəriləcək maliyyə sənədlərində ianə verənlərin adlarını da göstərməli olacaqlar. İşdi əgər siyasi partiyalar haqda qanuna yeni dəyişiklik və əlavələr olduğu kimi qəbul edilərsə.
Həmin layihəni müzakirə etmək üçün parlamentin bir neçə üzvünə müraciət etdik. Ələlxüsus da Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvlərinə. Telefonumuza cavab verənlərin çoxu sənəddən xəbərsiz olduqlarını, görmədiklərini söylədilər. Ya da başqa deputatlarla danışmağı məsləhət bildilər.
Sənəd hələ parlament üzvlərinə paylanmasa da, İnsan Haqları Komitəsinin üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadə layihə barədə ətraflı məlumat verməyə razılaşdı.
Yeri gəlmişkən, sənədin parlamentdə nə zaman müzakirəyə çıxarılması ilə bağlı da ziddiyyətli fikirlər var. Prezident Administrasiyasında şöbə müdiri Əli Həsənov deyir ki, sənəd yaxın günlərdə Milli Məclisdə müzakirə olunmalıdır. Parlamentin vitse spikeri Bahar Muradovanın sözlərinə görəsə, bu sənəd Milli Məclisinə yaz sessiyasının gündəliyinə bəlkə salına.
«HEÇ KİM NƏ İANƏ VERSİN, HƏTTA ÜZVLÜK HAQQI KEÇİRMƏSİN»
Beləliklə, başlayaq qanun haqda əldə etdiyimiz məlumatlardan. Deputat İqbal Ağazadə deyir ki, yeni sənədə görə, partiyaya ianə vermiş şəxs haqqında məlumat maliyyə hesabatlarına daxil edilməlidir:
«Adının hallanmasını istəməyən şəxsin partiyaya maliyyə yardımı göstərməsi mümkün olmayacaq. Hökmən adlarını göstərməlidirlər. İanənin miqdarı, ianə verən şəxs haqda məlumatlar maliyyə hesabatlarında göstərilərək dövlət qurumlarına verməlidirlər. Bu da olduqca neqativ haldır. Bu da o deməkdir ki, heç kim nə ianə versin, nə pul versin, hətta üzvlük haqqı keçirməsin».
3 FAİZLİK BARAJI AŞA BİLMƏYƏNLƏRİN İŞİ FƏNADIR
Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi də əlavələr arasındadır. Amma necə? Dövlət büdcəsindən ayrılacaq vəsait əsasən parlamentdə təmsil olunan partiyalar arasında bölüşdürüləcək. Parlamentdə təmsil olunmayanlar üçünsə həmin pulun vur-tut 10 faizi verilməlidir. O da yalnız son parlament seçkilərində səslərin ən az 3 faizini alanlara. İqbal Ağazadə:
İqbal Ağazadə
İqbal Ağazadə
«Burda parlamentdən kənar, amma seçkilərdə iştirak edən partiyalar nəzərdə tutulur. O partiyaların sayı da 7-dir: Xalq Cəbhəsi, Müsavat, Demokrat, Liberal, Vətəndaş İnkişaf, Klassik Xalq Cəbhəsi və Milli İstiqlal partiyaları. Bu partiyalara 3 faizlik baraj müəyyən olunur. Son seçkilərdə 2 milyondan artıq seçici iştirak edib. Onun da 3 faizi 60 min səs edir. Mövcud şərtlər daxilində parlamentdən partiyaların heç biri həmin 60 min səsi almayıb, 3 faizlik barajı aşmayıb. Deməli, həmin vəsaitin 10 faizi avtomatik büdcəyə dönür».
BƏS 90 FAİZ?
Amma bu hələ hamısı deyil. Partiyalara ayrılacaq dövlət vəsaitinin 90 faizi hara xərclənəcək bəs? Deputat deyir ki, 40 faizi Milli Məclisdə təmsil olunmuş partiyalar arasında bərabər bölüşdürülməlidir.
Bu günkü reallığa baxanda parlamentdə bu partiyaların sayı 8-dir. Yəni Yeni Azərbaycan, Ana Vətən, Ümid, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Vətəndaş Həmrəyliyi və Ədalət partiyaları arasında.
Bəs yerdə qalan 50 faiz hara gedir? Yerdə qalan 50 faiz isə deputatların sayına uyğun olaraq proporsional bölünəcək:
«Yəni burda vəziyyət başqadır. YAP-dan 77 deputat seçilib. 3 deputat Vətəndaş Həmrəyliyi Partiyasından, 2 deputat Ana Vətən Partiyasındandır, 5 partiya isə hərəsi bir namizədlə təmsil olunub. 50 faiz bölgüdə siyasi partiyalara həmin vəsaitdən 1 və ya 1,2 faiz pay düşəcək».
İqbal Ağazadəyə görə, normal seçki keçirilməyən ölkədə maliyyələşmə zamanı parlament seçkilərini əsas götürmək ədalətsizlikdir.
Sərdad Cəlaloğlu
Sərdad Cəlaloğlu
Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu deputatla həmfikirdir:
«Çünki parlament seçkiləri qanuni keçirilməyib. Onun nəticələri ölkə ictimaiyyəti tərəfindən də, beynəlxalq təşkilatlar tərəfindən də birmənalı qiymətləndirilmir. Avropa Məhkəməsi seçkilərdən narazı onlarla vətəndaşın şikayətini haqlı sayır. Ona görə də ədalətsizdir».
1000-DƏN 5000-Ə
Qanuna ediləcək dəyişiklikdən biri də qeydiyyatdan keçmək üçün tələb olunan imzanın 1000-dən 5000-ə qaldırılmasıdır.
İqbal Ağazadə:
«Hesab edirəm ki, bu mütərəqqi dəyişiklik deyil. Ümumiyyətlə, partiyaların qeydiyyat məsələsində çox ciddi basqılar və sərhədlər müəyyən etmək doğru deyil. Çünki siyasi partiya cəmiyyətdəki yerini seçkilərdə iştirak və seçkilərdəki nəticələrə uyğun müəyyənləşdirir. Bunun üçün də bəzi ölkələrdə partiyaların notarial qaydada qeydiyyatdan keçirilməsi vacib amillərdəndir, sonra onun seçkidə iştirakı qanunla tənzimlənir. Yəni neçə seçkidə iştirak edib, nə qədər səs alıb və sairə».
«CIRTDAN PARTİYA YARDIM ALACAQ, AMMA AXCP İLƏ MÜSAVAT YOX?»
Azər Rəşidoğlu
Azər Rəşidoğlu
Tənqidçilər partiyalar haqda qanuna bu dəyişiklik və əlavələri təkpartiyalı sistemə keçid kimi qiymətləndirirlər. Siyasi məsələlər üzrə ekspert Azər Rəşidoğlu deyir ki, qanun layihəsi siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmağa yönəlib:
«Tutaq ki, bu gün VHP parlamentdə 3 mandata malikdir. Amma ictimai rəydəsə belə fikir var ki, həmin partiya Müsavat ya da AXCP kimi nüfuza malik deyil. Yəni cırtdan partiyanın dövlət maliyyəsi alıb, nüfuzlu partiyaların kənarda qalması heç bir çərçivəyə sığmır».
Azər Rəşidoğlu deyir ki, inkişaf etmiş ölkədə partiyalar üzvlük haqları və ianələr hesabına dolanır. Azərbaycandasa 18 ildir ki, müxalifətçilər işsizlər ordusunun üzvlərinə çevriliblər. Onun sözlərinə görə, Azərbaycanda partiyaların ianə hesabına dolanması mümkün olmayacaq. Hər hansı iş adamı oliqarx müxalifət adamına yardım edərsə, cəza aparatı işə düşəcək: «Bu təkpartiyalı sistemin möhkəmlənməsi, aparıcı müxalifət partiyalarının sıradan çıxarılmasıdır».
«TƏKPARTİYALI SİSTEMİ HAKİMİYYƏT DƏ ARZU ETMƏZ»
Amma İqbal Ağazadə başqa cür düşünür:
«Təkpartiyali sistemə keçidi hakimiyyət özü də arzu eləməz. Amma partiyaların institut kimi fəaliyyətinə maksimum mane olmağa çalışır ki, daha geniş təbəqəni və ya arxasında daha geniş sosial qrupu birləşdirən institut halına gəlməsin. Amma onların görüntü olaraq fəaliyyətində maraqlıdır».
BAHAR MURADOVA: «BUNLAR ƏSASSIZDIR»
Bahar Muradova
Bahar Muradova
Parlamentin vitse-spikeri Bahar Muradova «Mediaforum» saytına deyib ki, qanuna ediləcək əlavə və dəyişikliklər partiyaların sıradan çıxarılmasına deyil, inkişafına imkan verəcək:
«Əlavə və dəyişikliklərin ölkədə təkpartiyalı sistemə səbəb olacağı haqda deyilənlər heç bir əsası olmayan fikirlərdir. Azərbaycanda çoxpartiyalı sistem mövcuddur, hər kəs özünün potensialına, sosial dayağına uyğun fəaliyyət göstərir. Ölkədə məqsədli formada təkpartiyalı sistemin yaradılması üçün indiyədək heç bir addım atılmayıb, bundan sonra da atılmayacaq. Sadəcə olaraq rəqabətə davamlı, dözümlü olmağa çalışmaq lazımdır. Siyasi partiyalar fəaliyyətlərində bir-birinə rəqibdirlər. Elə fəaliyyət göstərsinlər ki, gücləri azalmasın, getdikcə artsın».
Azərbaycanda siyasi partiyalar haqda qanun 1992-ci ildə qəbul olunub. Bir qədər əvvəl qanuna dəyişiklik və əlavələr işlənib hazırlanaraq Venesiya Komissiyasına göndərilib.
XS
SM
MD
LG