Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:35

Rafiq Tağının ölümünə siyasi çevrələrdən gələn reaksiyalar


Rafiq Tağı
Rafiq Tağı

MÜSAVAT PARTİYASININ BAŞQANI İSA QƏMBƏR:
İsa Qəmbər
İsa Qəmbər

- Bu hadisənin nəticələrinə gəldikdə tarix sübut edir ki, belə hadisələr cəmiyyətdə qısamüddətli şok yaratsa da, insanların mövqeyini dəyişmir. Qorxanlar onsuz da qorxurlar, qorxmayanlar isə əvvəllər necə düşünürdülərsə, necə yazırdılarsa, elə o cür də fəaliyyətlərini davam etdirirlər, həqiqətləri yazırlar.

Bu baxımdan mən cəmiyyətimizə, yazarlarımıza, intellektuallarımıza inanıram. Onların cəsarətli, həqiqətləri söyləməyə meylli hissəsi, öz düşündüklərini azad şəkildə ifadə eləməyə meylli hissəsi əvvəlki mövqelərində qalacaq və yenə də düzgün bildikləri həqiqətləri yazmaqda, deməkdə davam edəcək. Bu mənim bütün intellektual kəsimə aid proqnozumdur. Heç bir qatil, heç bir qətlin sifarişçisi Azərbaycan cəmiyyətini, onun ziyalılarını, intellektuallarını susdurmağa nail ola bilməyəcək.

AXCP SƏDRİ ƏLİ KƏRİMLİ:

Əli Kərmli
Əli Kərmli

- Biz öz mövqeyimizi rəsmən ifadə etmişik. Həmin mövqe mənim də bölüşdüyüm mövqedir. Amma bir daha vurğulamaq istəyirəm ki, Rafiq Tağının öldürülməsi ilə bağlı bir çox versiya var. Bu mərhələdə onların heç birini istisna etmək olmaz.

İstənilən halda Azərbaycan hakimiyyəti, hökumət hər şeyi etməlidir ki, bu cinayət tezliklə açılsın. Əgər bu cinayət də tezliklə açılmayacaqsa, o zaman Azərbaycan hökumətinə qarşı yönələn ittihamlar daha da artacaq.

Çünki indiyə qədər ictimai-siyasi zəmində baş vermiş olayların, qətllərin üstü açılmayıb. Bu sırada jurnalist Elmar Hüseynovun, general Rail Rzayevin qətlini xatırlatmaq olar. Bu cinayətlərin açılmamısı Azərbaycan hökumətinə qarşı ittihamları, qınaqları daha da artırır. Ona görə də Azərbaycan hökuməti özü bu qınaqlardan, məsuliyyətdən yaxa qurtarmaq üçün tezliklə Rafiq Tağıya qarşı sui-qəsd də daxil olmaqla bütün qətllərin üstünü açmalı və cəmiyyətə bu barədə məlumat verməkdə maraqlı olmalıdır.


HAKİM YAP-IN İCRA KATİBİNİN MÜAVİNİ, MİLLƏT VƏKİLİ SİYAVUŞ NOVRUZOV:
Siyavuş Novruzov
Siyavuş Novruzov

- Biri qonşusu ilə dalaşacaqsa, başqa biri ilə dava edəcəksə, ümumiyyətlə kim hansı fəaliyyətlə məşğul olacaqsa bunun məsuliyyəti niyə hakimiyyətin üzərində olmalıdır? Mən bunu başa düşə bilmirəm.

Mən istənilən qəsdi pisləyirəm və Rafiq Tağıya qarşı qəsd də pislənməlidir. Ancaq hüquq mühafizə orqanları məsələni araşdırır və nəticələr barədə cəmiyyətə məlumat veriləcək. Əgər hər hansı bir şəxsə bu və ya digər formada xəsarət yetirilibsə bunun həmin şəxsin hansı əməlinə görə edildiyi araşdırılmalıdır. Hüquq mühafizə orqanları da bununla məşğul olur.

Nəyə görə hakimiyyət məsuliyyət daşımalıdır? Təbii ki, hər bir vətəndaşın təhlükəsizliyini qorumaq Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir. Ancaq cəmiyyət mövcuddursa orada bu və ya digər formada cinayətlər də olur.

Onun özü hamıdan yaxşı bilərdi ki, ona təhlükə haradan gəlir. Çünki hər bir insan hiss edir ki, ona qarşı edilən hərəkət nə ilə bağlıdır. Mən Rafiq Tağının yazılarını oxumamışam, ona görə də bir söz deyə bilmərəm.

İran məsələsinə gəlincə, bu ola bilər. Akademik Ziya Bünyadovun qətlə yetirilməsində İran motivi ortaya çıxdı. Ola bilər. Amma mənim əlimdə hər hansı konkret faktım yoxdur deyim ki, Rafiq Tağını İran öldürtdürüb. Onun yazılarını oxumamışam, yazılarının mahiyyətini bilmirəm ki, buna əsaslanıb fikir söyləyim.

Bunlar siyasətçilərin «Media forum» saytına verdikləri müsahibələr idi.


ANA VƏTƏN PARTİYASININ SƏDRİ FƏZAİL AĞAMALI:

Fəzail Ağamalı
Fəzail Ağamalı

- Mən dərin təəssüfümü bildirirəm, allah rəhmət etsin. Tamam fərqli düşüncə sahibi, fərqli bir yazar idi. Söhbət ondan getmir ki, mən onun yazdıqları ilə həmfikirəm. Bölüşürəm, ya bölüşmürəm – bu tamam ayrı məsələdir.

Hər halda cəmiyyətdə müxtəlif fikirli insanlar ola bilər. O da öz orijinal fikirləri və düşüncələri ilə fərqlənən bir insan idi, baxmayaraq ki onun yazıları ilə, fikirləri ilə, bir çox cəhətləri ilə bölüşmürdüm.

Allah rəhmət etsin, təəssüf edirəm ki, onu vəhşicəsinə qətlə yetirdilər.

Bu, kimdisə, düşünürəm ki, hər halda xüsusi sifarişlə, məqsədlə həyata keçirtdi. Mən əminəm ki, Azərbaycanın hüquq-mühfizə orqanları bu məsələyə, yəni, Rafiq Tağının həyatına qəsd edənin tapıntısı üçün çox təcili tədbirləri həyata keçirəcəkdir. Çünki bu çox önəmli və vacib məsələdir. Bundan sonra bu və buna bənzər qətillər davam edə bilər.

İstəmirəm gümanımı fakt kimi ortalığa qoyum. Lakin mənim gümanım bundan ibarətdir ki, bunu edən, Azərbaycanda vəziyyəti mürəkkəbləşdirməyə çalışan, hansısa qüvvənin atmış olduğu addımdır. Bunun gələcəkdə davamı da ola bilər. Ona görə də çox arzulayardım, əminəm belə də olacaq, çevik, operativ və təsirli tədbirlər görməlidir ki, buna bənzər qətllər olmasın.

Hər halda, Rafiq Tağının qatili tez üzə çıxarılarsa, onun və ya onların kimliyi bəlli olarsa, o zaman gələcəkdə bu tip qətillərin qarşısını almaq olar.

RAFİQ TAĞI DƏFN EDİLDİ
RAFİQ TAĞI KİM İDİ?
RAFİQ TAĞI HAQQINDA AZADLIQRADİOSUNUN VİDEO REPORTAJI
RAFİQ TAĞININ ÖLÜMÜNƏ REAKSİYALAR


EKSPERT RƏYLƏRİ:

«İNSAN SADƏCƏ QƏTLƏ YETİRİLDİ»

Ərəstun Oruclu
Ərəstun Oruclu
«Rafiq Tağını bıçaqlayıb öldürə bilməyənlər nədənsə istifadə edərək onu xəstəxanada qətlə yetirdilər... Bunu tədqiqat göstərəcək».

Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu yazıçı-publisist Rafiq Tağının bıçaqlandıqdan 4 gün sonra xəstəxanada qəfil ölüm xəbərini belə şərh edir.

10 il reanimotoloq işləmiş Ərəstun Oruclu yazıçının ölümü ilə bağlı həkimlərin açıqladığı ilkin rəyləri əsassız hesab edir:

«Huşu üstündə olan adamın, yəni normal durumda olan adamın – dərin içkili vəziyyətdə olmayan, əməliyyatdan bir neçə saat əvvəl çıxmayan adamın – göstərilən səbəbdən, yəni boğulub ölməsi tibbi praktikada rast gəlinməyən hadisədir. Məncə, insan sadəcə qətlə yetirildi».

Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev noyabrın 23-də deyib ki, bıçaq zərbəsi Rafiq Tağının qarın boşluğunda dalağı və mədəaltı vəzinin quyruğu zədələndiyinə görə, yazıçının vəziyyəti ağırlaşıb. Bir gün sonra isə Musayev yerli mediaya Rafiq Tağının kəskin ağciyər iltihabından öldüyünü deyib:

«Bu, aldığı travmanın - bıçaq yarasının nəticəsidir. Bu, bizim ilkin diaqnozumuzdur. Hərtərəfli yoxlanandan sonra son diaqnoz veriləcək», Şakir Musayev bildirib.

PALATAYA KÖÇÜRMƏSƏYƏDİLƏR...

Rafiq Tağının ölümünə səbəb zədələnmədən törənən fəsadlar olub, yoxsa əməliyyatdan
Adil Qeybulla
Adil Qeybulla
sonrakı dövrdə hansısa ağırlaşmalar baş verib? Həkim Adil Qeybulla deyir ki, bu sualın cavabını ekspertizanın yekun rəyindən sonra detallaşdırmaq mümkündür. Onun fikrincə, xəstənin vəziyyətini nəzərə alıb reanimasiyadan palataya köçürməsəydilər, bəlkə də, ölümlə nəticələnməyəcəkdi:

«Mətbuat yazırdı ki, vəziyyəti yaxşılaşmışdı və s. Amma mən bunu yaxşılaşma hesab etməzdim. Yəni onun vəziyyəti kifayət qədər ciddi idi. Əvvəla, onun aldığı travmanın xarakteri ciddi travmadır. Belə olan halda, əməliyyatdan sonrakı dövrü xəstə elə də asan keçirmir. Əməliyyatdan sonrakı dövrdə xeyli fəsadlar ortaya çıxa bilər. Daha intensiv müalicədə olsa, daha yaxşı olardı. Amma biz ilkin vurulan zədələnmənin də ciddi olduğunu unutmamalıyıq».

RAFİQ TAĞI DƏFN EDİLDİ
RAFİQ TAĞI KİM İDİ?
RAFİQ TAĞI HAQQINDA AZADLIQRADİOSUNUN VİDEO REPORTAJI
RAFİQ TAĞININ ÖLÜMÜNƏ REAKSİYALAR

«HÖKUMƏT DAHA ÇƏTİN VƏZİYYƏTƏ DÜŞƏCƏK»

Hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, Rafiq Tağı ifadə etdiyi sözlərə görə həbs olunmuş şəxs kimi qeydiyyata düşən birisidir, onun təkrar bu tip müdaxiləyə məruz qalması suallar yaradır:

«Aradan 5 gün keçməsinə baxmayaraq dövlətin cani və ya caniləri tapa bilməməsi müəyyən mənada həm hökuməti sıxıntıda qoyur, həm də Azərbaycanın imicinə ziyan vurur. Hökumət daha çətin vəziyyətə düşəcək. Çünki istənilən açılmayan cinayət hökumətin üzərində qalır. Hər cür ehtimal var. Amma bütün bu ehtimallar hüquq-mühafizə orqanlarının qiymətləndirməsi üçün vacibdir. Və cəmiyyəti də bilgiləndirmək lazımdır ki, hər kəs bilsin ki, bu gündən sonra yazdığı, dediyi sözə görə, küçədə hansısa təcavüzə, bu cür müdaxiləyə məruz qalıb öldürülməyəcək».

İNANCLILARLA İNANCSIZLARIN QARŞIDURMASI

Yazıçı Əli Əkbər (Foto: Türkan Hüseynova)
Yazıçı Əli Əkbər (Foto: Türkan Hüseynova)
Rafiq Tağının həmkarı, yazıçı Əli Əkbər deyir ki, «Azad Yazarlar Ocağı bu ölümlə ilk şəhidini verib»:

«Azərbaycanda bir yazıçının ölümü ilk dəfədir baş verir. Bu, artıq bir qırılma nöqtəsidir. Məni ən çox narahat edən şey qarşıdurmadır. İlk növbədə dar anlamda demokratik düşərgə içərisindəki inanclılarla inancsızların qarşıdurması. Belə bir parçalanma yaşana bilər. Artıq biz «Facebook»da bunun ilk işarələrini görürük və bu məni narahat edir. Düzdür, toplumun xəbəri yoxdur – bu gün bir neçə adamla təmasda olmuşam, sürücüylə, satıcıyla, yol polisiylə. Heç kimin heç nədən xəbəri yoxdur. Bu da var. Azərbaycan vətəndaşları informasiya blokadasında yaşayır deyə, bütün kanallar bir ailəyə xidmət edir deyə, insanlar məlumatlanmır».

Rafiq Tağının ölümünə yerli partiya və təşkilatlar, beynəlxalq media və insan haqları qurumlarından da reaksiyalar gəlməkdədir.

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi, Sərhədsiz Reportyorlar təşkilatı, ATƏT bəyanatlar veriblər. Qurumlar Azərbaycan hakimiyyətini Rafiq Tağının ölümünə səbəb olan hücumu hərtərəfli araşdırmağa və ədaləti təmin etməyə çağırıblar.
XS
SM
MD
LG