Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:28

Qələm yoldaşları Rafiq Tağı barədə...


Rafiq Tağı
Rafiq Tağı
«İşdən sonra» proqramında qələm yoldaşları Rafiq Tağının öldürülməsinə münasibət bildiriblər.

Günel Mövlud: «Yazıçının yazıçıdan başqa kimi var? Rafiq Tağı kim ola bilərdi ki, mənim üçün? Bioloji bağlarımız olan insan. Bizi onlara çox az şey bağlayır. Yazıçı idi. Ondan müqəddəs adam varmı dünyada? O insanlardan biri idi Rafiq Tağı…».

Qan Turalı: «100 il bundan qabaq Tiflis polisi bir azərbaycanlını həbs edir. Üstündən tapança tapırlar. Məlum olur ki, onu Bakıdan Cəlil Məmmədquluzadəni öldürmək üçün göndəriblər. Amma Tiflis polisinin səyi nəticəsində həmin qatil öz missiyasını yerinə yetirə bilmədi. 100 ildən sonra həmin o qatil oyandı. Həmin o qaragüruh qüvvənin sifarişini yerinə yetirdi. Bunu başqa cür adlandırmaq mümkün deyil. Hesab edirəm ki, bu gün ölən də Azərbaycan realist nəslidir, o 7 bıçaq da Azərbaycan ədəbiyyatına dəyib. Biz hamımız o bıçağın istisini, ağrısını hiss edirik. O qan hamımızın yaralarından axır…».

Pərviz Cəbrayıl: «Bıçaqlanmadan daha dəhşətli hadisədir Rafiq Tağının vəfat etməsi. Bu, daha böyük qətldir. Bu vətəndaşa, insana diqqətsizliyin nəticəsidir. Sözünü deyən adamlar heç vaxt geri çəkilmirlər. Biz bu yolun yolçularıyıq və axıra qədər də gedəcəyik. İndi hansımızı öldürəcəklər, növbə kimindir, bunu deyə bilmərəm…».

Rasim Qaraca: «Biz öz qiymətli adamlarımızı qoruya bilmirik. Dövlət də qoruya bilmir, millət də. Bu cür şəkildə belə qiymətli adamın aradan getməsinə söz tapa bilmirəm…».

Elmir Mirzəyev: «Rafiq Tağı müstəsna mədəniyyətə malik bir insan idi. Sırf estetik dünyagörüşü baxımından çox fərqlənirdik onunla. Bizim fikirlərimiz üst-üstə düşmürdü. Amma bunun insani mənada münasibətlərə heç vaxt təsiri olmayıb. Bu, böyük bir itkidir. Bu, tək yazar itkisi deyil. Mədəni insan münasibətlərini sərgiləmək mənasında Rafiq Tağı örnək idi hamı üçün…».

Zahir Əzəmət: «Bu, çox böyük itkidir hamımız üçün. Hesab edirəm ki, bu, Rafiq Tağı timsalında Azərbaycanın sağlam düşüncəsinə yönələn hadisədir. Onun ölümünün baş verməsi ilə bağlı çoxlu suallar var. Bu suallara məncə aydınlıq gətirilməlidir…».

Əli Əkbər: «Bunun arxasında dayanan kimdirsə, məqsədinə qismən nail olub. Çünki insanlar bədbinliyə qapılıb. Elə bil ölkədə hökumət deyilən şey də yoxdur. Boşluqdur. Bizə kim bir söz deyəcək? Kim bizi rahatladacaq? Əslində deyiləcək sözləri də yoxdur. Nə deyə bilərlər ki?..».

Nigar Köçərli: «Bizim cəmiyyət üçün böyük bir zərbədir. Gözlənilməz oldu. Gözəl bir insan idi, çox mülayim xasiyyəti var idi. Həm mənə, həm digər insanlara sevgi ilə yanaşırdı. Önəmli bir insan idi ədəbiyyatımız üçün…».

Seyran Səxavət: «Çox məlhəm, çox səmimi münasibətlərimiz olub həmişə. Son dərəcə istiqanlı, son dərəcə talantlı, son dərəcə özü olan bir adam idi. Elə bilirəm Azərbaycanda heç kəs Rafiq Tağı haqqında soyuq danışa bilməz. O, istilik qoyub getdi bizim canımızda. Onun haqqında danışanda nə qədər soyuqqanlı danışmaq istəsən də, o istilik imkan verməz ki, o sözlər soyuq olsun. Elə bil ki, Rafiq Tağının sözü boyda bir imarət uçub, onun altında qalmışam. Uçqunun altında qalmış adam vəziyyətindəyəm…».

Elçin Şıxlı: «Bir qələm adamını itirdik. Qeyri-adekvat düşüncə sahibini itirdik. Bu adamın ümumi çərçivəyə sığmayan baxışları var idi. Rafiq Tağı qeyri-standart düşüncə tərzinin, yazılarının qurbanı oldu. Elmar Hüseynovun qətli ilə bir halda paralel aparmayacağam ki, onun qatilləri tapılsın. Yox, tapılmasa, bu, uzun çəksə, düşünürəm ki, çox rahat şəkildə paralellər aparmaq olar…».

Sevinc Çılğın: «Kaş ki, Rafiq Tağı belə yazmayaydı. Düzdür, o, yazanda biz sevinirdik. Amma kaş ki, yazmayaydı. «Allah rəhmət etsin!» deyə bilmirəm. Elə bilirəm başqa paralelə, başqa bir dalğaya gedib. İnana bilmirəm ki, bir daha onu görməyəcəyəm, danışmayacağam. Doğrudanmı davam edir 37? Belə adama necə qıymaq olardı?..»

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG