Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:37

50 yaşlı cavan, «Qaya» kimi möhkəm...


"Qaya" qrupu yubileyə hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00
Direct-ə keçid

"Qaya" qrupu yubileyə hazırlaşır

«Sabah yubileyimizdir. Raufa deyirəm ki, gəl sabah səninlə bir mahnı oxuyaq, istəmir. Ancaq mən oxuyacağam. Məşqimi də elə indi edirəm».

Oxuyur:
«Aparır, məni vaxt aparır, könlümdən əlimdən qoparır,
Ay ana, gözlərim qapanır, gələcəm, buludlar keçəndə,
Bəlkə, bəlkə bəlkə də, bəlkə ... ey, həyat sən nə qəribəsən».

7 il əvvəl Bakıdan İsrailə getmiş məşhur «Qaya» qrupunun yaradıcısı və bədii rəhbəri Teymur Mirzəyev noyabrın 17-də Bakıda idi. «Qaya»nın 50 illik yubiley gecəsinə gəlib. Deyir ki, sabahkı gecədə «Qaya»nın ilk solistlərindən biri Rauf Babayevə birlikdə oxumaq təklif edib. Ancaq deyəsən özü tək oxuyacaq:

«Rauf ciddidir, çox ciddidir, ancaq mən oxuyacağam...»

O MƏŞHUR KVARTET

1961-ci ildə ilk dəfə peşəkar səhnəyə çıxanda 4 nəfər idilər. Bu gün isə 50 illik yubileydə məşhur dördlükdən ikisi – Teymur Mirzəyevlə Rauf Babayev iştirak edir. Lev Yelisavetski ürəyində əməliyyat aparıldığından ABŞ-dan gələ bilməyib. Arif Hacıyev isə 4 il əvvəl vəfat edib.

Rauf Babayev deyir ki, yubileyə görə çox həyəcanlıdırlar:

«Əlbəttə, həyəcanlıyıq. Fikirləşdik ki, çətin ki, 75 ilə çataq. Heç olmasa 50 illiyimizi keçirək. Təəssüf ki, ikimizik. Lyova ürəyindən əməliyyat olunduğu üçün gələ bilmir. Arif də 4 ildir dünyasını dəyişib».

Rauf Babayev və Teymur Mirzəyev
Rauf Babayev və Teymur Mirzəyev
Bəs Rauf Babayev yubileydə niyə oxumaq istəmir:

«Biz neçə illərdir bir yerdə oxumuruq. İstəmirəm ki, oxumağım səhnədən pis səslənsin».

SAHİLBOYU GƏZİRƏM O GÖZƏLİ...

Teymur Mirzəyev isə söz verir ki, oxuyacaq. Elə AzadlıqRadiosu üçün də «Qaya»nın məşhur mahnılarından bir neçəsini oxudu:

«Axşamçağı, Sahil bağı, bürünəndə işıqlara gördüm onu, alagözlər, baxdı keçdi, ürəyimi aldı keçdi,

Sahil boyu gəzirəm o gözəli, gözəli, Sahil boyu gəzirəm o gözəli, hardasan, hardasan ay yar?

Axtarıram onu, tapa bilmirəm də, elə ömür boyu onu axtarıram...»

Teymur Mirzəyev deyir ki, Bakıya hər gələndə məşhur dördlüyün küçələrində oxuduğu qədim şəhəri gəzir:

«Əsas köhnə küçələrdə gəzirəm, İçərişəhəri gəzirəm. Gedib evimizə, həyətimizə baxıram...»

Teymur Mirzəyev danışır ki, 60-cı illərdə əlimizdə kamerton bulvarın skamyasında, xəlvətcə filarmoniyada, konservatoriyanın otaqlarında məşqlər edirdik: «1961-ci ildə professional səhnəyə çıxmağa başladıq. Ona görə də məhz həmin il «Qaya»nın yaranma ili hesab olunur».

NİYƏ «QAYA»?

Qaya qrupu fotolarda
Qaya qrupu fotolarda
Bəs, 50 yaşlı cavanın - «Qaya»nın adı necə yaranıb? Suala belə cavab verirlər, Rauf Babayev:

«Bir gün filarmoniyada məşq edəndə bir səs eşitdik: «Ö-zü-nü-zə Qaya adı-nı ve-rin». Ora-bura baxdıq. Gördük heç kəs yoxdur. Fikirləşdik ki, bu adı özümüzə verək. Əlbəttə, zarafatdır. Mənə elə gəlir ki, bunu Teymur demişdi. Teymur da deyir ki, «yox, sən demişdin». Ancaq çox xoşumuza gəldi».

Teymur Mirzəyev:

«Çünki bizim Xəzər dənizinin kənarlarında gözəl qayalar var. Hava küləkli olanda, ləpələr vuranda, oradan musiqili səslər gəlir. Ona görə dedik ki, elə «Qaya» olsun. Həm də biz «Qaya» kimi bir yerdə olmalıydıq».

Teymur Mirzəyev isə sonda «Qaya»nın məşhur «Almanı atdım xarala» mahnısı oxudu:

Axırda isə bunu dedi: «Lap solo konsert verdim ki...»
XS
SM
MD
LG