Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:36

Astaranın «qocalar evi»nə dönən kəndləri...


Kərim Eyvazov
Kərim Eyvazov
Astaranın Artuba, Səncərədi, Sovaş, Alaşa kəndlərindən keçirik. Bu yol Züngüləş, İstisu, Bəndəsər kəndlərinə gedir. Hər üç kənd dağ ətəyində yerləşir. Dağlar arasında İstisu ərazisindən axan Astaraçayın üstündə mini su elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Bu ilin aprelində prezident İlham Əliyev stansiyanın tikintisinin açılışında olub. Prezidentin keçdiyi yollara asfalt döşənib.

PREZİDENT GETDİ, STANSİYANIN TİKİNTİSİ YARIMÇIQ QALDI...

Stansiyanın açılışından sonra burada işlər dayanıb. Gözətçinin dediyinə görə, tikintinin davam etdirilməsi barədə hələ ki, göstəriş yoxdur. Bundan sonra gələn Bəndəsər kəndinin yolu isə bərbad vəziyyətdədir. Azərbaycan-İran sərhədi də burdan keçir. Yolun keçdiyi hündür yerdən İran ərazisində olan evlər, Ərdəbilə gedən yol aydın görünür.

Bəndəsər kəndinə aparan dağ yolun yarısını maşınla getdik. Yolun qalan hissəsini piyada getməli olduq. Yol quru olsa da, dərin çala yerləri də var. Sərt külək də yolu getməyə mane olurdu.

İlk qarşılaşdığımız kənd sakini Kərim Eyvazov oldu. O, kənddə qazın olmadığını deyir:

QAZ, İŞIQ YOXDUR...

«Qazımız yoxdur. İş yoxdur . Odundan istifadə edirik. Odun da vermirlər, bura Hirkan qoruğudur. Məktəbə qonşu Züngüləş kəndinə gedirlər. Oğlumun 3 uşağı var, sosial yardım alırdı, sonra kəsdilər. Bizdə evdə 7 nəfərdir, heç işləyən yoxdur. Bir dənə arvad pensiya alır. Sosialı da kəsdilər, qalmışıq belə».

Kərim Eyvazovun deməsinə görə, torpaqla da işləmək əl vermir. Nə əkirsən xərcini çıxartmır. O deyir ki, kənddə ən çox əkilən Naringi ağaclarının hamısını da şaxta vurub.

NƏ TİBB MƏNTƏQƏSİ VAR, NƏ DƏ MƏKTƏB...

Azərbaycan-İran sərhədi
Azərbaycan-İran sərhədi
Kənddə nə tibb məntəqəsi, nə məktəb, nə də həkim var. Rayon mərkəzindən 15-16 kilometr uzaqda yerləşən Bəndəsər kəndi dağların ümidinə qalıb.

Evlərin çoxu köhnə dədə-baba qaydası ilə gildən tikilib. Kəndin yeganə mağazasının yanındayıq. Əslində buna mağaza da demək olmaz. Gildən hörülmüş balaca bir otaqdan ibarətdir. Satıcı Rövşən:

4 KƏNDİN BİR MAĞAZASI...

«Dörd kənd gəlir də bura. Çayağzıdır, Dilmədidir, Siyuovdur. Bir dənə də Pikənavi deyirlər. Ərzaq üçün gəlirlər. Qənddir, undur, düyüdür, yağdır. O kəndlərdə mağaza yoxdur. Birinci kəndə 5 kilometr olar. Qarda gəlmirlər, indi qar dayanıb, yollar açılıb, gəlirlər».

Rövşən deyir ki, 5 kilometr yolu gəlmək üçün yarım gün vaxt lazım olur. Dağlar arasında olan bu kəndlərdə bütün qışı işıq olmur. Təbii qazdan heç söhbət gedə bilməz. Ətrafda olan onlarla kənd qazın nə olduğunu bilmir. Heç kim inanmır ki, haçansa buralara qaz xətti çəkiləcək.

PƏNCƏRƏSİ PARÇADAN, DÖŞƏMƏSİ TORPAQDAN OLAN EV...

Yeniyetmə bir oğlan bizə yaxınlaşıb evlərinə baş çəkməyi xahiş edir. Deyir ki, çayın o tayında olan evlərin yerləşdiyi ərazidə torpaq sürüşür. Onunla dağa dırmaşırıq. Ev gildən hörülüb. Pəncərələrə parça vurulub. Qapı deyilən yerdən keçmək üçün yerə uzanıb içəriyə daxil olmalısan. Evin nə döşəməsi, nə də tavanı var. Demələrinə görə, torpağın üstündə yatırlar. Evin sahibəsi Nəsibə Ağayeva deyir ki, torpaq sürüşdüyünə görə burda yaşamaq qorxuludur:

Gildən hörülən ev
Gildən hörülən ev
«Üç dəfə gəlib baxıblar. Bakıdan da gəlmişdilər . Heç əhəmiyyəti yoxdur. Evimiz pis vəziyyətdədir. Qorxu var».

O deyir ki, əri Qaradağ daş karxanasına fəhləliyə gedib:

«İş yoxdur, karyerə gedir, un alır ev üçün. İş yoxdur, gedirlər. Sosial yardım alırdıq, təzə sənədləri vermişik, 3 aydır ki, almırıq. Vəziyyətimiz pisdir, dolana bilmirik. Evimiz də pis gündədir. Qışdır, bunun küləyi var, qarı var...».

KƏND YOXSA QOCALAR EVİ...

Dağ yamacında yerləşən bu evin ətrafında xırda yarğanlar əmələ gəlib. Torpağın sürüşdüyü yerlər aydın görünür. Evdən aralanıb eyni yolla geri qayıdırıq. Kənd yolunda ancaq yaşlı adamlara, qocalara rast gəlirik. Kənd sakinləri deyir ki, dağ kəndlərinin əksəriyyəti qocalar evini xatırladır. Cavanlar imkan tapan kimi kəndən gedirlər.

Bəndəsər kəndinin daxil olduğu Suparibağ ərazi nümayəndəliyinə baş çəkdik. Nümayəndəlikdən bizə bildirdilər ki, Bəndəsər daxil olmaqla qonşu kəndlərin hamısı Hirkan qoruğun ərazisi hesab olunur. Ona görə də ərazidə onlar heç bir iş görə bilmirlər.
XS
SM
MD
LG