Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:37

Bayraq nə vaxt ruha çevrilir?


Nəsiman Yaqublu
Nəsiman Yaqublu
«Səhər-səhər televiziyalara baxdım, Bayraq Günündə bayrağı yaradanlardan başqa hamının adını çəkdilər».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Bayraq nə vaxt ruha çevrilir?» mövzusunda açdığı müzakirəyə qoşulan tarixçi alim Nəsiman Yaqublu söylədi.

DİQQƏTLİ OLMALIYIQ!

Onun fikrincə, telekanallar bu bayrağın yaranma tarixinin üstündən sükutla keçib: «Heç elə bil belə bir hadisə tarixdə baş verməyib. Dövlət bayrağımıza, onu yaradan şəxsiyyətlərə qarşı diqqətli olmaq lazımdır. Bizim bayrağımızın çox zəngin tarixi vardır və onu yaradan fikir sahibləri vardır. Bayrağımız yoxdan yaranmayıb. Düzdür, Rəsulzadə deyib ki, yoxdan bir bayraq yaratdıq. Amma bu yoxun içində bir varlıq, hərəkət, bir savaş, bir mücadilə var idi, yoxsa bu bayraq yaradıla bilməzdi».

ƏVVƏLCƏ BAYRAĞIMIZ QIRMIZI OLUB

Nəsiman Yaqublu Cümhuriyyətin ilk dövlət bayrağının 1918-ci il iyunun 21-də qəbul olunduğunu dedi: «O zaman bayrağımız qırmızı rəngdə idi. Üçrəngli bayraq haqqında qərar 1918-ci il noyabrın 9-da verildi. Cümhuriyyəti quranlar türk mədəniyyətinə, türk tarixinə, türk varlığına əsaslanırdı. Əsas istiqaməti də Osmanlı ilə əlaqələrdə görürdülər. İlk müqaviləni də Osmanlı dövləti ilə bağladılar. Azərbaycan torpaqlarının, xüsusən də Bakının işğaldan azad edilməsi üçün Osmanlı dövlətindən kömək istədilər. O dövrdə Osmanlının bayrağı qırmızı rəngdə və beşguşəli idi, bizim bayrağımız isə 8 guşəli».

NƏDƏN QIRMIZI?

Tarixçi alim bu məsələnin başqa bir tərəfinə də diqqət çəkdi: «O dövrdə Nuru Paşanın ətrafına bir sıra ilhaqçılar qrupu yığışmışdı. Bu qrup Türkiyə ilə konfederativ əsaslarla birləşmə xəttinə üstünlük verirdi. Amma Rəsulzadə müstəqil Azərbaycan xəttini irəli sürürdü. Bu qrup Nuru Paşaya təsir göstərmişdi. Nəticədə Nuru Paşa hökumət kabinəsinin və Milli Şuranın buraxılmasını tələb etmişdi. Gərginliyi zəiflətmək üçün Nuru Paşanın istədiyi bir kabinet formalaşdı və Cümhuriyyət Türkiyəyə uyğun siyasi xətt yeritməyə başladı. Bunun əsas göstəricisi bayrağın eyniliyi idi».

BİR İLDƏ İKİNCİ DÖVLƏT BAYRAĞI?! NİYƏ?

Nəsiman Yaqublu bu məsələyə də aydınlıq gətirdi: «Bunun da səbəbləri var idi. 1918-ci il oktyabrın 30-da Mudros müqaviləsinə əsasən,
Bakıda osmanlı qoşunları - 1918
Bakıda osmanlı qoşunları - 1918
Osmanlı Türkiyəsinin qoşunları Azərbaycandan çıxmağa məcbur oldu. Bakı və bəzi ətrafı ingilislərin nəzarətinə verilmişdi. Ənzəlidən Bakıya gəlməyə hazırlaşan general Tomson «mən Türkiyə intriqası ilə yaradılmış bir dövləti tanımıram və qəbul etmirəm» demişdi. Odur ki, Tomsonu qarşılamağa hazırlaşan Cümhuriyyət Türkiyə bayrağına oxşar bir bayraqla onun qarşısına çıxa bilməzdi. Müstəqillik sual altındaydı. Osmanlı getmişdi. Qoruyan qüvvə yox idi. Yeni yaradılan ordu ingilislərə müqavimət göstərmək gücündə deyildi».

ÜÇRƏNGLİ BAYRAĞI KİM SEÇDİ?

Qonağımız belə bir vəziyyətdə Milli Şuranın iclasında M.Ə. Rəsulzadənin fəal iştirakı və təklifi ilə hökumət komissiyasına yeni bir bayrağın yaradılmasının tövsiyə edildiyini söylədi: «Beləliklə, 1918-ci il noyabrın 9-da Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üçrəngli olması haqqında qərar qəbul edildi».

«Bayrağın üçrəngli olmasını kim istədi» sualını qonağımız belə cavabladı: «Əsas təkidçi Rəsulzadə idi. Amma fikir kimi ilk dəfə olaraq 1907-ci il iyunun 10-da böyük mütəfəkkir Əli Bəy Hüseynzadənin nəşr etdirdiyi «Füyuzat» jurnalında səslənmişdi».

ZİYA GÖYALP: TÜRKLƏŞƏLİM, İSLAMLAŞALIM VƏ AVROPALAŞALIM!

İlk dəfə Əli Bəyin bu fikri «türk hissiyatlı, islam etiqadlı, firəng qafalı» kimi səsləndirdiyini vurğulayan N.Yaqublu bir qədər sonra bu ifadənin məşhur bir kəlama çevrildiyini də bildirdi: «Böyük türk mütəfəkkiri Ziya Göyalp bu fikri bir qədər də inkişaf etdirdi: «Türkləşəlim, islamlaşalım və avropalaşalım». Amma bizim dövlət bayrağında bu fikir dəyişik formada əksini tapıb. Birinci türkləşmək, ikinci müasirləşmək, üçüncü islamlaşmaq».

YERDƏYİŞMƏNİ KİM ETDİ?

Nəsiman bəy öz sualına özü də cavab verdi: «M.Ə. Rəsulzadə. Hələ 1915-ci ildə özünün «Açıq söz» qəzetində bir məqalə yazmışdı. Həmin məqalədə Rəsulzadə Əli bəy Hüseynzadə tərəfindən əsası qoyulan, Ziya Göyalp tərəfindən inkişaf etdirilən fikrə dəyişiklik etdi. Göstərdi ki, yaşadığımız əsr müasirləşmək əsridir. Biz hər vasitəylə müasirləşməyi önə çəkməliyik. Ona görə də, Rəsulzadə belə dedi—türkləşmək, müasirləşmək, islamlaşmaq.
M.Ə. Rəsulzadə
M.Ə. Rəsulzadə
Rəsulzadə 1918-ci ildəki müzakirələrdə vurğulayırdı ki, biz həm ingilislərə, həm də bütün dünyaya bildirməliyik ki, əsas məqsədimiz müasirləşməkdir, avropalaşmaqdır. Onlar necə cəmiyyət qurublarsa, biz də elə qurmalıyıq. Odur ki, bayrağımızdakı üç rəng Rəsulzadənin dediyi kimi sıralandı».

BAYRAQ HAZIRDIR. BƏS HİMN NECƏ OLSUN?

Nəsiman bəy bu sualı da cavabladı: «O vaxt himnimiz yox idi. Üzeyir bəy bir təklif irəli sürdü. Dedi, «Leyli-Məcnun»da Nofəlin səhnəyə gəlişi var. Coşqun bir musiqidir. «Heyratı» üstündə bəstələnib. Gəlin, himn əvəzinə onu səsləndirək. Himnimiz də o bir parçadan götürüldü. 1918-ci il noyabrın 17-də ilk dəfə olaraq Bakı Dəniz Vağzalında üçrəngli bayrağımız göylərə qaldırıldı və ingilisləri qarşılanma mərasimi keçirildi».

MƏRASİMDƏ HƏMİN MUSİQİ HİMN KİMİ ÇALINDI

N.Yaqublu əlavə etdi ki, Üzeyir bəyin bu musiqisi bir türk marşına çox oxşayır: «Türklər həmin marşla 1453-cü ildə İstanbulu fəth etmişdilər. Coşdurucu bir musiqidir».

TOMSONUN İKİNCİ BƏYANATI...

Nəsiman bəy Azərbaycana gələn ingilis generalı Tomsonun bir aydan sonra verdiyi fərqli bəyanatı da diqqətə çatdırdı: «Mən Şərqdə belə bir kültürlü xalqın olduğuna inanmazdım».

Tarixçi alim əlavə etdi: «Görün, bizim böyük mütəfəkkirlərimiz--dövləti quran insanlar—başda Məhəmməd Əmin Rəsulzadə olmaqla nə qədər düzgün siyasət yürütdülər ki, ingilislər silah işlətmədən bizim Avropa tipli dövlət qurduğumuzu qəbul etdilər və sakitcə çıxıb getdilər. Odur ki, biz böyük dövlət xadimi, Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M.Ə. Rəsulzadənin xidmətlərini heç vaxt unutmamalıyıq».
XS
SM
MD
LG