Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:45

Bu qış Bakı necə isinəcək?


İstilik sistemi
İstilik sistemi
Belə getsə bu qış da Bakının Müşfiqabad qəsəbəsində istilik sistemi olmayacaq. Çünki bu qəsəbədə yay aylarından başlanan iş yarımçıq qalıb. Bu səbəbdən sakinlər 10-15 günə mənzillərinin istiliklə təmin olunacağına az ümidlidirlər.

Qəsəbə sakini Gülər Əliyeva deyir ki, xətlər binaların zirzəmisinə qədər çəkilib və daha sonra iş dayanıb. Niyə dayanıb, bilən yoxdur:

«ELEKTRİK PLİTƏSİ VƏ QAZ PEÇİ...»

- Nə bilim, yaydan qazıb, töküblər, boruların üstünü örtüblər ki, evlərə istilik sistemi çəkiləcək, amma hələ bir şey yoxdur.

-İndi evləri necə isidirsiz?

- Elektrik plitəsi, bir də qaz peçini yandırırıq.

Gülər Əliyeva deyir ki, otaqları bu yolla isitmə də onlara xeyli baha başa gəlir.

Amma qəsəbədə sakinlər arasında belə söz-söhbət də gəzir ki, iş pula görə yarımçıq qalıb. Sakinlərin iddiasına görə, xətləri binaların zirzəmisinə qədər çəkib gətirən iş icraçıları işin mənzillərdə davam etdirilməsinə görə hər evdən 20-30 manat pul istəyirlər.

«NAZİRLİK YOLUN QAZILMASINA İCAZƏ VERMİR»

Qəsəbədəki 123 saylı Mənzil İstismar Sahəsinin (MİS) mühəndisi Əbülfəz İsmayılov isə işlərin başqa səbəbdən dayandığını deyir:

«Müşfiqabad qəsəbəsinin girəcəyindəki əsas qaz xətlərindən qazanxanalara ayrıca xətt çəkilməlidir. Xətt magistral yolun altından keçdiyinə görə, deyəsən Nəqliyyat Nazirliyi ilə iş icraçıları arasında bu məsələ ilə bağlı problem yaranıb. Nazirlik yolun qazılmasına icazə vermir. Mənim bildiyim budur».

Əbülfəz İsmayılov qalan yarımçıq işlərin tezliklə başa çatdırılacağına inanmır. Deyir noyabrın 15-nə qədər yarımçıq qalan işləri çətin tamamlamaq olsun.

İSTİLİK SİSTEMİ İLƏ BAĞLI TƏDBİRLƏR PLANI

Bir müddət əvvəl Sənaye və Energetika Nazirliyində 10-dan artıq dövlət qurumunun iştirakı ilə «İstilik təchizatı sistemlərinin müasir tələblər əsasında səmərəli inkişafına dair Tədbirlər Planı»-nın hazırlanmasına dair geniş müşavirə keçirilib. Amma hələ ki, bu sahədə konkret bir iş görülməyib.

Kommunal məsələlər üzrə ekspert Ələkbər Ağasıyev mənzillərin istilik sistemi ilə təchizatında bu il köklü dəyişikliklər olacağına inanmır. Deyir çünki ötən il üzə çıxan problemlərin əksəriyyəti hələ də həllini tapmayıb:

Arxiv foto: Elektrik plitəsi olan bağça
Arxiv foto: Elektrik plitəsi olan bağça
«İstilik təchizat idarəsinin balansında olan kommunikasiya xətləridir, binadaxili, mənzildaxili xətlər hələ də yararlı hala gətirilməyib. Düzdür istilik təchizat idarəsinin nümayəndələri televiziyada, mətbuat səhifələrində bu il ötən ilkinə nisbətən xeyli binaların istiliklə təmin edilməsindən danışırlar. Amma çoxdankı təcrübə göstərir ki, deyilənlərin çoxu reallaşmır. Bu da istehlakçıların haqlı narazılığına səbəb olur».

RƏSMİLƏR NİKBİNDİR

«Azəristiliktəchizat» ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə narahatlığa əsas görmür. Deyir hər halda vəziyyət ötənilkindən xeyli fərqlənəcək:

«Bu il həm keyfiyyət, həm də kəmiyyət baxımından əhalinin, məktəblərin, xəstəxanaların, uşaq bağçalarının istiliklə təminatı xeyli yaxşı olacaq. Ümumilikdə bu il Bakıda 2400 yaşayış binasına istilik veriləcək».

Müşfiqabad qəsəbəsinə gəlincə, Rafiq Əliyev deyir qəsəbə bu qış istiliklə təmin olunacaq.

Xidmət rəisi yeni istilik sistemlərinin qurulmasına və bərpasına nə qədər vəsait xərcləndiyi barədə məlumatsız olduğunu deyir.

5 İLDƏ 77 MİLYON MANAT

2012-ci il büdcə layihəsində ölkə ərazisində istilik sistemi üzrə yaranan zərərin ödənilməsinə, istilik sistemi və su təchizatı obyektlərinin istismarına və təmirinə 31,6 milyon manat vəsait proqnozlaşdırılıb. Ötən il isə bu sahəyə ayrılan vəsait 19 milyon manat olub.

Ümumilikdə, 2005-2010-cu illərdə isə istilik sisteminə üst-üstə təxminən 77 milyon manat ayrılıb.

İndi Azərbaycanda istilik təchizatından istifadəyə görə, 1 kvadratmetr mənzil sahəsi üçün qiymət 5 qəpikdir. Büdcə təşkilatları 1 kvadrata 12, təsərrüfat hesablı idarələr isə 22 qəpik ödəyir.
XS
SM
MD
LG