Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:31

Prezident Administrasiyasından şikayətçi: «Quzunu qurda tapşırırlar»


Camalə Məlikova
Camalə Məlikova
Günorta saat 1-2 arasıdır. Prezident Administrasiyasının qəbul otağı qarşısında təxminən 20-yə yaxın şikayətçi var. Administrasiyanın veb-səhifəsindəki məlumata görə, bu gün – oktyabrın 28-i İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimovun qəbul günüdür. Amma şikayətə gələnlər deyir ki, içəridə onların qeydiyyatını aparan qadın hər kəsin şikayətinə uyğun olaraq kiminlə görüşməli olduğunu deyir. Bəziləri isə elə buradanca yola salınır ki, «sənin işin buralıq deyil». Elə 56 yaşlı Bakı sakini Camalə Məlikova kimi:

«2 aydan sonra «Sovetski»ni sökürlər. Deyirlər sənədi olmayanı atacaqlar bayıra. Bilmirik hara gedəcəyik. Prezident televiziyada deyir ki, sənədi olmayan evləri sənədləşdirin. O, bunun üstünə atır, bu, onun. Ev üzü görmürəm, bütün günü süründürməçilikdir».

Camalə Məlikova deyir ki, dərdinə əlac tapmaq üçün Prezident Administrasiyasına neçənci dəfə gəldiyinin sayını da itirib. Deyir burada vətəndaşları cədvəldə adları yazılan şöbə müdirləri yox, onların nümayəndələri qəbul edir:

«Zəng edirlər, tapşırırlar, o, buna deyir, bu, ona deyir. Xeyri yoxdur. Quzunu qurda tapşırırlar. Bilmirəm dərdimi hara, kimə deyim? Dərdimizə qalan yoxdur».

«DEYİRLƏR Kİ, HÖRMƏT HÖRMƏTƏ BAĞLIDIR»

28 yaşlı Əlimurad Şəfiyev isə iki gün öncədən qəbula yazıldığını deyir. Onunla söhbətdə də məlum olur ki, bundan öncə də bir neçə dəfə qəbulda olub. Hər dəfə kor-peşman qayıtsa da, yenə «ümid sonda ölər» deyib Prezident Administrasiyasına üz tutub. Deyir 6 aylığından epilepsiya xəstəsidir. Bura gəlməkdə məqsədi isə 1-ci qrup əlillik statusu ala bilməməsidir:

«Get-gedə vəziyyətim ağırlaşır, həftədə 4 dəfə «sudurqa» tutur məni. Mənə 1-ci qrup əlillik verilməlidir.
Əlimurad Şəfiyev
Əlimurad Şəfiyev
​Getmişəm, mənə deyirlər ki, hörmət hörmətə bağlıdır. Dövlət ayda mənə 85 manat təqaüd verir. Bir dərmanımın qiyməti isə 60 manatdır. Aldığım pensiyalar ərizəyə, poçta gedir, ortada heç nə yoxdur».

Prezident Administrasiyasının qəbul otağı qarşısında 10-a yaxın yaşlı da var, həm də qrup halında gəliblər, dərdləri eynidir. Təxminən 70 yaşlı İsmayıl Zeynalov:

«Heydər Əliyev bizə fitrə pulu verirdi ki, dolanaq, indi onu kəsiblər, yaşaya bilmirik. Çıxış yolumuz yoxdur, ümid bircə prezidentədir, onun da yanına buraxmırlar».

«YAŞAMAQ İSTƏYİRİK»

İsmayıl Zeynalov deyir ki, qaçqındırlar, vaxtı ilə müəllim işləyiblər. Qaçqın statusu alandan sonra dövlət başçısının göstərişi ilə onlara orta aylıq məvacib təyin olunub və onlar uzun illərdir ki, hər ay təqaüdlə yanaşı, işləmədikləri halda maaş da alıblar. Amma indi Əmək Məcəlləsinə edilən dəyişiklikdən sonra məlum olub ki, onların da yaşı 65-i keçib deyə, bu məvacibdən məhrumdurlar, yəni işdən çıxarılan müəllimlər sırasındadırlar. Ələsgər Əliyev:

«Hörmətli prezidentimizin bizə verdiyi əməkhaqqını pensiyaya qatıb bir təhər dolanırdıq. İndi onu kəsiblər. Mənə 160 manat təqaüd verir. Mən bu 160 manatla xeyrə gedim, şərə gedim, özüm dolanım? Üstəgəl də dərmanlarım.
Prezident Administrasiyasının qəbul otağı qarşısında şikayətçilər
Prezident Administrasiyasının qəbul otağı qarşısında şikayətçilər
Axı biz heyvan deyilik ki, bizi çoban apara otara, sonra da tövləyə sala, ağzımızı bağlaya. Axı biz insanlarıq, yaşamaq istəyirik. Dava-dərman bahadır. Kapitalizmdir, aptekçiyə deyə bilmirsən ki, bu dərmanı niyə 40 manata satırsan».

HƏMİŞƏKİ CAVAB: MƏSƏLƏ MÜZAKİRƏ OLUNUR

Telman İsmayılov:

«Bizi təqaüdə çıxarırlar ki, yerimizə cavan kadr təyin etsinlər ki, təhsilin keyfiyyəti artsın. İndi mənə desinlər ki, hansı cavan kadrı göndəriblər Qubadlı rayonuna. Onu mənə göstərsinlər, deyim halal olsun gedib mənim əvəzimə dərs deyir».

Telman İsmayılov da deyir ki, bu şikayətlə bundan əvvəl də Prezident Administrasiyana, dövlət qurumlarına müraciət ediblər. Görüşdən sonra məlum olur ki, bu dəfə də fərqli söz eşitmirlər. Onlara deyilən budur ki, məsələ hələ ki, nazirliklər səviyyəsində müzakirə olunur.

Evini özəlləşdirmək istəyən Camalə Məlikova da Administrasiyadan çıxıb deyir ki, bu dəfə onu heç qəbula da yazmayıblar. Deyiblər ki, onun şikayətinə burada baxılmır.
XS
SM
MD
LG