Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:18

Rasim Balayev: «Biz adamları kinoteatrdan qaçırtdıq»


Rasim Balayev
Rasim Balayev
Aktyor Rasim Balayev AzadlıqRadiosuna müsahibə verib. Müsahibəni sizə təqdim edirik:

- Rasim müəllim, sizcə nəyə görə Bakı sakinlərinin kinoteatrlara marağı getdikcə azalır?
- Uzun müddət bizdə filmlər çəkilmədi, indi də camaatın xoşuna gələn filmlər azdır. Biz adamları kinoteatrdan qaçırtdıq. Bunun yeganə çıxış yolu yenidən yaxşı filmlər çəkməkdir ki, camaat gəlsin baxsın, maraq olsun.
«YİYƏSİZLİKDİR»
- Sizcə nəyə görə, bu gün Azərbaycan kinosunun vəziyyəti 30-40 il bundan əvvəlki ilə müqayisədə geri qalır? Lazımi qədər pulmu ayrılmır?
- Pul ayrılır. Sadəcə bizim rejissorlarımız var idi ki, çoxu dünyasını dəyişdi, bəziləri yaşlaşıb. Yeni nəsil isə mənə elə gəlir ki, obyektiv və subyektiv səbəblərdən yetişmədi. Eşidirəm ki, «klipmeyker»lər klip çəkir, yəni bir yiyəsizlik var. Bu sənəti bilməyənlər bu işlərlə məşğuldurlar. Amma hər halda bu da yəqin çözüləcək, zaman öz işini görəcək.
- «Azərbaycan» kinoteatrının bağlanması xəbərini necə qarşıladız, sizcə buna səbəb nə oldu?
- Bu kasadlıqda, kinoteatrın barmaqla sayılan vaxtında bir kinoteatrın bağlanmağını əlbəttə ki pis qarşıladım. Mən də sizin kimi bunu kənardan eşitmişəm, səbəbini, mənasını mən də bilmirəm. Yəqin bunu da nə məqsədlə etdikləri bilinəcək.
- Rasim müəllim, səhv etmirəmsə həmin binada həm də Kinematoqrafçılar İttifaqının da ofisi var idi.
- Hə, ofisi var idi, amma fəaliyyəti yox idi. Kinoteatr özü əvvəllər bizim balansımızda idi. Sonra iş adamları oranı təmir etdi, biz isə onlardan kirayə pulu alırdıq, amma sonradan bu da ləğv olundu. Kinoteatr tam bizim balansımızdan çıxdı.
«ELƏ ÇIXIR Kİ, BU PUL BİZİM ÖZÜMÜZƏ LAZIMDIR»
- Kinematoqrafçılar İttifaqının planında varmı ki, yaxın gələcəkdə özü bir kinoteatr açsın?
- Bu gün ittifaqın öz vəziyyəti heç o qədər də yaxşı deyil, fəaliyyətimiz iflic vəziyyətdədir. Bir neçə ittifaqlar var – yazıçılar ittifaqı, bəstəkarlar ittifaqı, rəssamlar ittifaqı – bunların hər birinə az da olsa dövlət tərəfindən maliyyələşdirilir. Biz isə bu imkandan məhrumuq. Ona görə də öz fəliyyətimiz o qədər də ürəkaçan deyil.
- Niyə dövlət sizə dəstək olmur?
- Bilmirəm, vallah niyə belə bir vəziyyət yaranıb. Təsəvvür edin ki, illik bizə 90 min manat pul lazımdır ki, ittifaq səmərəli fəaliyyət göstərsin. 90 min Azərbaycan üçün çox kiçik, hətta kiçikdən də kiçik bir rəqəmdir. Bunu da bizə çox görürlər. Elə çıxır ki, bu pul guya bizim özümüzə lazımdır. Şəxsən mənə lazım deyil, təqaüdə çıxan vaxtımdır, aradabir ya çəkilərəm, ya yox. Real vəziyyət odur ki, bu gün Kinematoqrafçılar İttifaqının fəaliyyəti iflic vəziyyətindədir. Respublikanın bu qədər tədbirləri üçün imkanlar var, amma bizə qayğı yoxdur.
- Bu gedişlə, Rasim müəllim, Azərbaycan kinosunun sabahını necə görürsüz?
- Proqnoz vermək istəmirəm, hər halda bu ölkə bütün atributlarını, o cümlədən kinosunu qorumalıdır. Hesab edirəm ki, kinoya da qayğı və diqqət olmalıdır və o arzu ilə yaşayıram ki, olacaq.
XS
SM
MD
LG