Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:37

Ucqar kəndə göndərilən müəllim


Arxiv foto
Arxiv foto
«Cəmi 110 manat əlavə pul verilir. 15 manatı ev kirayəsinə, qalanı da yol puluna çıxır».

«YARDIMLARI GÖRMÜRÜK»

25 yaşlı Coşqun Dadaşov Lənkəran Dövlət Universitetini bitirən kimi 3 illik təyinatla Astaranın ucqar dağ kəndinə, Əsxənəkərana göndərilib. Tarix müəlliminin deməsinə görə, yerli televiziyalarda ucqar kəndlərə göndərilən müəllimlərə xeyli güzəştlər olunduğu bildirilsə də, reallıqda heç də hər şey belə deyil:

«Şərait çətindir. Qışda bir maşın odun alırıq, 100 manat ora veririk. Yəni televiziyalarda deyirlər belə güzəştlər var, belə yardımlar var, amma biz onların heç birini görmürük. Yəni demək olmaz ki, ucqarlarda müəllimə belə çox pul verirlər, müəllimi belə yaxşı təmin edirlər».

İşlədiyi kənddə şəraitsizlikdən gileylənən müəllim adicə çörək və digər ərzaq məhsullarına görə ayda bir neçə dəfə Lənkərana, evlərinə getməyə məcbur olduğunu deyir:

- Mənin qaldığım kənddə çörək satılmır. Ona görə də həftədə bir dəfə evə gedirik. Hər dəfə gedib-gəlməyə həftədə 10 manat çıxır. Ayda 4-5 dəfə evə gedib-gəlməyə 50-60 manat pul çıxır.

- Ucqara göndərilən müəllimə başqa nə verilir?

- Başqa heç bir şey.

- Bəs maaşınız nə qədərdir?

- Məndə 22 saat dərs yükü var, ona görə də 180 manat maaşdır.

- Necə dolanırsız o pula?

- Belə, yaxşı demək olmaz...

- Ailəlisiniz?

«TORPAĞI ALIB NƏ EDƏCƏM?»

-Xeyr, ailəli olsam, mənə heç sərf etmir.

-Bəs, subay müəllim üçün necə, verilən maaş yetərlidirmi?

-Heç bu, subay müəllim üçün də yetərli deyil.

-Amma ucqarlara göndərilən müəllimlərə dövlət proqramına uyğun güzəştlər edildiyi, əkin üçün torpaq sahəsi verildiyini bildirilir.

-Sözün düzü, mən torpağı özüm istəməmişəm. O torpağı alıb nə edəcəm? Dərsə heç kifayət qədər vaxtımız çatmır, nəinki, torpaq əkib-becərməyə.

Coşqun Dadaşov peşəsini çox sevsə də deyir iş təkcə peşəyə sevgi ilə bitmir: «Müəllimlik səliqəli işdir, amma maaş qane eləmir».

GÖZLƏNİLƏN NƏTİCƏ

«Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri» haqqında Nazirlər Kabinetinin 2004-cü ilin noyabrında verdiyi sərəncamda ucqar kəndlərə göndərilən müəllimlərə bir sıra güzəştlər nəzərdə tutulub.

Nazirlər Kabinetinin binası
Nazirlər Kabinetinin binası
Bura aylıq əmək haqqının bir misli məbləğində birdəfəlik yol xərci, əmlakın daşınması və ilkin yaşayış şəraitinin yaradılması, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay kompensasiyanın verilməsi, mənzil-məişət şəraitinin yaradılması və s. digər güzəştlər daxildir.

Bu proqramdan gözlənilən nəticə isə odur ki, ölkənin bütün ümumtəhsil məktəbləri pedaqoji kadrlarla tam təmin olunacaq, keyfiyyət göstəriciləri yüksələcək, yerlərdə gənc mütəxəssislər üçün müvafiq iş şəraiti yaradılacaq, onların sosial-məişət problemləri həll olunacaq, kənd yerlərinə əhali axını artaraq demoqrafik göstəricilər yaxşılaşacaq. Və nəhayət yoxsulluq səviyyəsi aşağı düşəcək və s.

GÖZLƏNİLMƏYƏN NƏTİCƏ

Astaranın ucqar dağ kəndinə müəllim göndərilən Coşqun Dadaşov təyinat müddəti bitəndən sonra indiki şərtlərlə, indiki maddi təminatla işləmək istəmədiyini deyir.
Elə Təhsil naziri Misir Mərdanov da son kollegiya iclasında müəllim çatışmazlığın və elə müəllimlərlə bağlı problemlərin əsasən maaşların az olması ilə bağlı olduğunu etiraf edib:

«Bu gün Azərbaycanda əl üstə gəzdirməyə layiq olan çoxsaylı müəllimlərimiz var, amma biz onlara nə veririk, cəmi 200 manat. 200 manata kim gəlib kimin uşağını hazırlayar? Biz hazırlayarıq? Əlbəttə yox. Sən gəl müəllimə 2 min manat maaş ver, gör sənin uşağın repetitor yanına gedir ya getmir. Vermirik axı. Üzr istəyirəm bu sözümə görə normal, ağılı başında olan adam gedib 200 manata əsəblərini korlayarmı?».

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl hesab edir ki, müəllimə 100-110 manat əlavə pul verməklə ucqarlarda müəllim problemini həll etmək çətin məsələdir. İqtisadçının dediyinə görə, rayonlarda müəllim qıtlığının, gənc müəllimlərin ucqar kəndlərdə qalıb dərs deməsini yalnız müəllimlərə yüksək maaş verməklə həll etmək mümkündür.
XS
SM
MD
LG