Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

Abbas Lisaninin yeri bilinmir


2007-ci il. Abbas Lisani həbsxanada ailəsi ilə görüşərkən.
2007-ci il. Abbas Lisani həbsxanada ailəsi ilə görüşərkən.
«DUSTAQ YOLDAŞLARI ONUN ÇIĞIRTILARINI EŞİDİBLƏR»

İranda milli fəallardan biri olan Abbas Lisani bir aya yaxında tutulub, amma onun harda saxlanıldığı məlum deyil. Həyat yoldaşı Ruqəyyə Əlizadə AzadlıqRadiousuna belə deyib:

«İki-üç gün əvvəl onu Tehrana yollayıblar. Bilmirəm niyə yollayıblar, xəbər tuta bilməmişik. Tehrandakı Evin zindanına aparılsaydı Abbas hökmən evə zəng vurardı. Yeri məlum deyil. Bilmirik haradadır, vəziyyəti necədir».

Ruqəyyə Əlizadə həyat yoldaşına həbsdə işgəncə verilməsi haqda xəbərlər gəldiyini də söyləyir:

«Dustaq yoldaşları deyirdilər ki, onun çığırtılarını eşidiblər, halı yaxşı olmayıb. İlk günlər telefonda mənimlə danışanda halı yox idi. Amma mənə də heç nə demədi».

Ruqəyyə Əlizadə sonuncu dəfə Abbas Lisani ilə ötən həftə danışıb.

Sentyabrın 28-də həyat yoldaşı özü ona həbsxanadan zəng vurubmuş. 5 dəqiqəlik telefon söhbətində Abbas Lisani 18 gündür davam edən aclığı dayandırdığını bildirib:

Urmiyədə etiraz aksiyaları zamanı
«Dedi ki, aclığı dayandırmışam, yoldaşlarıma söylə, mənə bir şey olsa, səbəbi aclıq deyil. Amma bunu da dedi ki, halı xarab olub, mədəsi ağrıyıb, dərman istəyib, verməyiblər».

Abbas Lisani 27 gündür həbs olunub. O yoldaşları ilə Urmiyə gölünün qurumasına etiraz aksiyası keçirməyi planlaşdırırmış. Amma aksiyadan dörd gün öncə həbs edilib. Abbas Lisani ilə bərabər 20 nəfər saxlanıb.

Onların hamısı buraxılsa da, iki nəfər hələ də həbsxanadadır: Abbas Lisani və Əsgər Əkbərzadə.

«21 GÜN CAVAN ADAM DAMDA TƏK QALA...»

Oktyabrın 3-də isə Əsgər Əkbərzadənin azadlığa çıxması üçün 80 milyon tümən (təxminən 6 min manat) miqdarında girov istənib. Anası Həmayıl Əzizi belə deyir:

«Bu gün pul istəyiblər. Amma həmin pulu tapa bilmədim. Görüm dostdan-tanışdan tapa biləcəmmi. Vallah mənim evim bir pula getmir. Demişəm ki, yüngül qiymət deyin, verə bilim».

Anası oğlu ilə sonuncu dəfə oktyabrın 3-də danışdığını deyir:

«21 gün cavan adam tək damda qala, bədən əlbəttə geriləyəcək».

İranda azərbaycanlıların yaşadığı bölgədə Urmiyə gölü qurumağa başlayıb. Hakimiyyətin buna göz yummasına etiraz olaraq İranın müxtəlif şəhərlərində bir neçə dəfə aksiyalar keçirilib. Onlarla həbs olunan və yaralanan olub. Növbəti aksiya Ərdəbildə keçirilməliydi.
XS
SM
MD
LG