Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:37

İmkansızlıqdan evlənə bilməyən balıqçı


Sarı adası
Sarı adası
Sarı adasına gedən yol 1956-cı ildə salınıb. Bu adanı böyük torpaqla bağlayan yeganə yoldur. Yerli sakinlər bu yola «həyat yolu» da deyirlər. Lənkəran şəhərinin 17 kilometrliyində yerləşən Sarı adasında heç vaxt külək əskik olmur. Adanın 6 min sakini olsa da, yolda saatda bir maşın gözə dəyirdi...

NƏRİMANABAD QƏSƏBƏSİ...

Ada Nərimanabad qəsəbəsi ilə başlayır. Qəsəbənin girəcəyində, yol kənarında duran bir nəfərlə tanış olub, söhbətləşməli olduq. Oqtay Əhmədoğlu Nərimanabad qəsəbə orta məktəbinin müəllimidir. Oqtay müəllim deyir ki, adanın sakinləri əsasən balıqçılıqla məşğul olurlar. Onlar yağışlı, küləkli havada ya evdə istirahət edir, ya da rayon mərkəzinə gedirlər:

«OĞURLUQ HƏDDİNDƏN ARTIQ ÇOXALIB...»

«Qəsəbədə qaz yoxdur. Qaz xətti var, bunu bərpa etmək üçün imkan da var. Bunu eləmirlər, baxmırlar. Qazı başqa ölkələrə satmaqdansa öz əhalilərinə versələr daha yaxşı olar. Qəsəbədə işsizlik baş alıb gedir. Camaat ev-eşiyini bağlayır, çıxıb gedir Bakıya. Oğurluq da həddindən artıq çoxalıb».

Oqtay Əhmədoğlu qışa hazırlığın qayğılarından da danışır:

«2 MİLDƏN ARTIQ DƏNİZƏ GİRMƏYƏ İCAZƏ VERMİRDİLƏR»

«İmkanı olan bir maşın alır tökür həyətinə. Bizlər də 1-2 metr doğranmış odun alırıq . Birtəhər yola veririk. 10-12 manata satılır doğranmış odunun bir metri. Əhalinin dolanışığı balıqçılıqladır. Keçən il qoymadılar balıq ovuna. 2 mildən artıq dənizə girməyə icazə vermirdilər. İndi dəniz də çəkilib, heç olmasa, 2 mili 18 mil eləsələr yaxşı olardı».

Nə çayxanada, nə də qəsəbənin özündə bir kəslə rastlaşdıq. Sanki burda olan evlərdə heç kim yaşamır.

Yerli sakinlər bu yola «həyat yolu» da deyirlər.
BALIQÇILAR QƏSƏBƏSİ...

Adanın sonunda yerləşən Balıqçılar qəsəbəsinə üz tuturuq. Yoldaca balıqçı Raqif Fəttayevlə söhbətləşirik:

«Dənizə baxırıq da. Qazanc ayda 200 manat da olur, 300 manat da. Lap 100 manat da. Qiymət balığa görə dəyişir. Qayığı hökumət verib, qanunu sənədlə».

«SOVXOZ»

Yolun bir tərəfi dəniz, digər tərəfi isə üzüm bağlarıdır. Bizə deyilənə görə, vaxtı ilə bu üzüm bağları sovxozun olub. Burada 1000 nəfərdən yuxarı ada sakini işləyib. Sovxoz ləğv olunandan sonra sahələr özəlləşdirilib. Bu ərazilər də «sovxoz» adlanır. Həmin ərazidə yaşayan, adının çəkilməsini istəməyən yaşlı bir qadın yaşayışdan giley-güzar etdi:

«Nə qazımız var, nə də işimiz. Düzdür, işıq yaxşıdır, bərpa ediblər. Bura dənizin qırağıdır. Şərait yoxdur, imkanımız yoxdur. Əsasən qaz bura lazımdır. Nəmişlik yeridir. Necə ki, işığın pulunu vaxtlı vaxtında veririk, qaz olsa, onun da pulunu ödəyərik. Odun tədarük etmək çətindir. Meşə də xarabalığa qalıb».

Sahilboyu tikilmiş balaca daxmaların həyətlərində olan ağacları çıxsaq, adada yaşılıq yoxdur. Sarı adasını balığın vətəni adlandırsalar da, nə yol kənarında, nə də balaca dükanlarda balıq satan gördük. Sakinlər deyir ki, əvvəlki illərə nisbətən dənizdə balıq azalıb.

Adanın sakini, balıqçı Hikmət Vəliyevin deməsinə görə, onları uzağa qoymurlar, yaxında da balıq yoxdur:

«GÖZÜMÜ AÇANDAN DƏNİZİ GÖRMÜŞƏM»

«Gözümü açandan dənizi görmüşəm, 6 yaşından dənizə çıxıram. İndi balıq çıxmır, fevralda, martda çıxır. Dənizə çıxanda günə 5-10 manat olur».

Hikmət Vəliyevin 27 yaşı var, orduda, Füzuli bölgəsində xidmət edib. 27 yaşlı balıqçı imkansızlıqdan evlənə bilmədiyindən də gileylənir:

Balıqçı Hikmət Vəliyev
«Güclə özümü saxlaya bilirəm, bir də qoca anamı. Ailəni neçə saxlamaq olar?».

Söhbət əsnasında o balıqçılığın riskli peşə olmasından da danışır:

«QAYITDIN, QAYITMADIN. ÇOX ÇƏTİNDİR»

«Uzağa gedirik. Riskə gedirik. Qayıtdın, qayıtmadın. Çox çətindir».

«Balıqçılar arasında dənizdə ölüm hadisəsi olubmu» sualına isə belə cavab verdi:

«Ötən il olub. Onlar dərinə gedirlər. Çox dərinə gedirlər. Biz 1-2 saat gedirik, onlar çox gedir. İndi külək əsir, sabah da dənizə girə bilmərik. Nə edəcəyik, onu Allah bilir. Alverçilər məndən balığı 1 manata alıb, bazarda 3 manata satırlar. Bizdən çox qazanırlar».

O deyir ki, balıqçı olsa da, qara kürü yemək ona qismət olmayıb:

BALIQÇI OLASAN, QARA KÜRÜ YEMƏYƏSƏN?

«Qara kürü indiyə kimi yeməmişəm. «İkra» deyirsən? Yox, yeməmişəm. Adamın ürəyi gəlməz axı. Onun filan qədər qiyməti var. Qara kürünün 1 kilosu 1000 manatdır. Ağbalığın 1 kiloqramı isə 20 manatadır».

Nərimanabad qəsəbə icra nümayəndəliyinə də baş çəkdik. Nümayəndəliyin qapısı bağlı olduğundan geri qayıtmalı olduq.

Lənkəran rayon İcra Hakimiyyətinin müavini Möhübbət Babayev isə Nərimanabad qəsəbəsinə təbii qazın verilməsi üçün Nazirlər Kabineti və «Azəriqaz»a müraciət etdiklərini bildirdi. Onun deməsinə görə, hələ ki, hər iki qurumdan cavab almayıblar.
XS
SM
MD
LG