Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:27

2 aprelçilərə hökm oktyabrın 3-nə qaldı (VİDEO)


"2 aprelçilər"in məkəməsi önündə aksiya
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00
Direct-ə keçid

Sentyabrın 30-da Səbail rayon Məhkəməsində Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidli son sözlə çıxış ediblər.

Sentyabrın 30-da Səbail rayon Məhkəməsində 2 aprel aksiyasına görə təqsirləndirilənlərdən 4-nün Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidli ilə bağlı proses keçirilib. Təqsirləndirilənlərdən 3-ü son söz deyib.

«İNKİŞAF ÖZ-ÖZÜNƏ BAŞ VERMİR»

İlk çıxış edən Arif Hacılı indiyə qədər davam edən proseslərdəki çıxışlarını ümumiləşdirilmiş şəkildə bir daha diqqətə çatdırdı. Həbslərindən tutmuş, onlara qurulan məhkəmə proseslərinə qədər hər şeyin siyasi sifarişlə baş verdiyini bildirdi. Məhkəmənin də siyasi sifarişi həyata keçirdiyini deyən Arif Hacılı insanların azadlığı uğrunda küçələrə çıxdıqlarını və buna görə də özlərini təqsirli saymadıqlarını bildirdi:

«İnkişaf öz-özünə baş vermir, amma bəşəriyyət daim inkişafdadır və bu inkişafın da sürəti getdikcə artır. Bu da inkişaf uğrunda mübarizə aparan ayrı-ayrı insanların fəaliyyəti nəticəsində baş verir. Bu təqib və təzyiqlərə baxmayaraq ayrı-ayrı insanların apardığı mübarizə nəticəsində baş verir».

Dəfələrlə həbs olunduğunu və bundan üzülmədiyini bildirən Arif Hacılı hazırda həbsxanada da mübarizə apardığını bildirib.

ƏŞYAYİ-DƏLİLSİZ CİNAYƏT İŞİ

Hakim bir neçə dəfə onun mahiyyətdən kənara çıxdığını söyləsə də, Arif Hacılı nitqini davam etdirdi.

Daha sonra Arif Hacılı bildirdi ki, onları polisə xəsarət yetirməkdə, mağazaların şüşələrini sındırmaqda ittiham edirlər, amma ortalıqda bir dənə də olsun sübut kimi əşyayi-dəlil yoxdur:

«Cinayət işində bir dənə əşyayi-dəlil yoxdur. Mağaza şüşələrinə dəyən nə daş, nə dəmir var. Necə olur ki, polisə xəsarət yetirilir, amma polis bir nəfəri də görmür, tutmur».

Arif Hacılının deməsinə görə, postsovet məkanında iki dissident olduğu halda indi Azərbaycandakı vicdan məhbuslarının sayı 2 milyarda yaxın əhalisi olan Çindəki vicdan məhbuslarından çoxdur.

ƏL ÇALMAQ OLMAZ

Arif Hacılı çıxışını Məmməd Əmin Rəsulzadənin 1952-ci ilin mayın gənclərə etdiyi müraciət və «Azərbaycan» şeiri ilə yekunlaşdırıb.

İsa Qəmbər və Əli Kərimli
«Sən mənimsən, mənimsən
Durduqca bədəndə qan.
Yaşa, yaşa, çox yaşa,
Ey şanlı Azərbaycan».

Zaldakıların bu çıxışı alqışlamasından sonra hakim birinci cərgədə oturanların zal tərk etməsini tələb edib.

Amma birinci cərgədə oturan Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, keçmiş deputat Pənah Hüseynli zalı tərk etmədilər.

Təqsirləndirilənlərin «Bir daha əl çalma olmayacaq» vədindən sonra proses davam etdi.

AZƏRBAYCANIN ADI HANSI SİYAHILARDA ÇƏKİLİR?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da çıxışında hakimiyyəti tənqid edib. O, hakimiyyəti Misir, Liviya və Suriyadan nümunə götürməyə çağırıb:

«Bu gün Azərbaycanın adı hansı yerlərdə, hansı siyahılarda çəkilir? Bu gün Azərbaycanın adı rüşvətə, korrupsiyaya görə lider olan ölkələrin cərgəsində çəkilir. Bu gün Azərbaycanın adı insan hüquqlarının pozulmasına görə lider olan ölkələrlə birgə çəkilir. Bu gün Azərbaycanın nazirinin idmana görə ölkənin hüdudlarını aşan korrupsiya əməli beynəlxalq qalmaqala çevrilib. Niyə bunu araşdırmırsınız, niyə bu məsələləri hüququn təhqiqat predmetinə çevirmirsiniz? Çünki sizin cinayət anlayışı ilə, bizim cinayət anlayışları bir-birindən köklü sürətdə fərqlənir. Biz xalqın malını yeməyi, insanların səsini oğurlamağı cinayət hesab edirik. Sizsə bunları cavab verilməsini tələb etməyimizi, bunlara görə, meydanlara çıxmamızı cinayət hesab edirsiniz».

2 aprel aksiyasına görə təqsirləndirilənlərdən fərqli olaraq indiyədək ev dustağı olduğunu deyən Fuad Qəhrəmanlı hakimdən xahiş etdi ki, əgər məhkəmə onun azadlığa buraxılması ilə bağlı hökm versə, bu müddətdə həbsdə yatan yoldaşları da azad edin. Bu olmasa, onda onu da həbsxanaya göndərsinlər.

Arxiv foto: Fuad Qəhrəmanlı məhkəmə binasının qarşısında
Fuad Qəhrəmanlı çıxışını bitirən zaman İsa Qəmbər «cənab hakim, bu çox yaxşı çıxış idi. İcazə verin, əl çalaq»-deyə müraciət etdi. Hakim isə buna icazə vermədi. Bu zaman İsa Qəmbər zala doğru dönərək, «o zaman sakitcə hamı əlini qaldırsın» deyə müraciət etdi və bütün zaldakılar əllərini bir neçə saniyəlik görə qaldıraraq həmrəylik nümayiş etdirdilər.

«KQB» FORMASINDA GENERALLAR

Bir saatlıq fasilədən sonra son söz deyən Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı da hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirdi:

«Məni dəhşətə gətirən nədir bilirsiz? Bizi 37-də repressiyaya məruz qoyublar. 90 –cı illərdə bizi repressiya ediblər. Hamısında da deyilir bizi «NKVD» və «KQB» qırıb. Bu gün məni əliqandallı müstəqil Azərbaycanın polis idarəsinə aparırlar, həmin polis idarəsinin rəisinin başı üstündə «KQB» formasında olan generalların şəkilləri. Bu indiki rejimin mahiyyətinin necə olmasının göstəricisidir».

Arxiv foto: Məhəmməd Məcidli məhkəmədən sonra
Növbə AXCP-nin şöbə müdiri Məhəmməd Məcidliyə çatanda, o, özünü yaxşı hiss etmədiyi üçün son söz deyə bilməyəcəyini bildirdi. Hakimdən xahiş etdi ki, bunu nəzərə alıb prosesi növbəti günlərə təyin etsin. Hakim Famil Nəsibov isə buna razı olmadığını bildirdi və Məhəmməd Məcidlini prosesi süni şəkildə uzatmaqda günahlandırdı. Məhəmməd Məcidli isə bu fikirlərinə görə, hakimi antihumanizmdə suçladı.

«AZADLIQ!» «İSTEFA!» ŞÜARLARI

Hakim «çıxış etməsəniz, yazacam ki, son söz deməkdən imtina etdi».

Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

Gərginliyi aradan qaldırmaq üçün hakim 5 dəqiqəlik fasilə elan etdi.

Fasilə bitəndən sonra geri dönən hakim Famil Nəsibov məhkəmə prosesinin oktyabrın 3-də davam edəcəyini elan etdi.

Proses başa çatandan sonra məhkəmə qarşısına toplaşanlar «Azadlıq», «İstefa» şüarları səsləndirməyə başladı. 200-ə yaxın adam məhkəmənin qarşısından keçən yolun kənarı ilə 10-15 dəqiqəlik yürüş etdilər. Polisin müdaxiləsindən sonra aksiya dayandırıldı.
XS
SM
MD
LG