Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:34

İslam PArtiyasının sədri vəkildən imtina edib


Mövsüm Səmədov
Mövsüm Səmədov
Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakimiyyəti zorla ələ keçirməkdə və terrora hazırlıq görməkdə ittiham olunan İslam Partiyasının sədri Mövsüm Səmədov və partiya üzvlərinin məhkəməsi davam edib.

Məhkəmə iclası başlayan kimi Mövsüm Səmədovun vəkili Anar Qasımlı vəsatət qaldırıb ki, iclasların gedişatı videolentə alınsın. Vəkil deyib ki, məhkəmə ittiham tərəfinə sərf edən ifadə verən şahidləri himayə edir, vəkillərin həmin şahidlərə suallar verməsinin qarşısını alır. Təqsirləndirilənlərin xeyrinə ifadə verən şahidlərə isə təzyiq göstərir. Gələcəkdə yerli məhkəmənin çıxardığı hökmdən Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilərkən obyektivliyin təmin olunması üçün videoçəkiliş zəruridir. Hakim Eldar İsmayılov isə deyib ki, ötən proseslərdə bu vəsatətə münasibət bildirilib və vəsatət təmin olunmayıb. Ona görə də vəsatətə baxmayıb. Vəkilsə növbəti vəsatətində audioyazıya icazə verilməsini xahiş edib. Bu vəsatət də təmin olunmayıb. Üçüncü vəsatət Mövsüm Səmədov tərtəfindən verilib və vəkillər üçün də gözlənilməz olub. Mövsüm Səmədov məhkəməyə gəlməkdən və vəkillərdən imtina edib. «Mənim vəkilimlə heç bir problemim yoxdur, sadəcə, istəmirəm ki, məhkəmənin qanunsuzluqlara don geydirməsində mənim və vəkilimin rolu olmasın. Əgər gələcəkdə minimal hüququmuz olan videoçəkilişdən istifadəyə icazə verilərsə, mən yenə də vəkilimlə təkrar müqavilə bağlayacam» – Mövsüm Səmədov deyib.

Ev dustaqlığında olan Zülfüqar Mikayılovdan başqa digər təqsirləndirilənlər də vəkillərindən imtina ediblər.

Hakimsə bildirib ki, məhkəmə müttəhimləri dövlət hesabına vəkillərlə təmin edəcək.

Məhkəmə iclası sentyabrın 2-də davam edəcək. Vəkil Anar Qasımov AzadlıqRadiosuna bildirib ki, onun və digər vəkillərin həmin işdə fəaliyyətinə xitam verildiyindən onlar məhkəmənin işində iştirak etməyəcəklər. Məhkəməyə gəlməkdən imtina edən müttəhimlərin həmin gün prosesdə iştirak edəcəkləri isə sual altındadır.

İttiham aktına əsasən, Mövsüm Səmədov İslam Partiyası adı altında rəsmi dövlət qeydiyyatı olmayan quruma daxil olan bir neçə nəfərlə ölkədə terrora hazırlıq işləri aparıb. Cihada çağırışa, mövcud hakimiyyəti dəyişməyə yönələn hərəkətlər edib. Bu ittihamlar sübut olunsa, onlar 10 ildən 15 ilədək və ya ömürlük azadlıqdan məhrum edilə bilərlər. Amma özləri ittihamları rədd edirlər.

M. Səmədov bu il yanvarın 2-də partiyasının iclasında orta məktəb şagirdlərinə hicab geyməyin qadağan edilməsinə görə hakimiyyəti sərt tənqid etmişdi. Tərəfdarları onun və partiya fəallarının əslində bu çıxışa görə həbs olunduqlarını deyirlər.
XS
SM
MD
LG