Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:45

Cabbar Savalanlının anası: «Oğlumu tutardılar, amma şərləməzdilər»


Cabbar Savalanlının anası Təravət Əliyeva
Cabbar Savalanlının anası Təravət Əliyeva
«Haqq sevgisi varmı sizdə?
Vatan bitmiş dilinizdə
Qan izi var əlinizdə
Məzarıma toxunmayın».

Anadolu türkcəsində deyir bu şeiri Cabbar Savalanlı. Narkotik maddə saxlama ittihamı ilə 2 il 6 aylıq həbs cəzasına məhkum edilmiş, adı beynəlxalq təşkilatların, hüquq müdafiəçilərinin siyahısına «vicdan məhbusu» kimi düşən 19 yaşlı bu gəncin səsini onun mobil telefonundan eşidirəm.

Qardaşı Yamin anası Təravət Əliyevanın xahişi ilə Cabbarın mobil telefonuna yazdırdığı şeirləri oxudur; hər şeirdən vətən, millət sözü eşidilir. Təravət Əliyeva özünü toxtaq saxlamaq istəsə də, göz yaşını saxlaya bilmir, «ürəyi bu hisslərlə alışıb-yanan oğul narkoman olarmı» soruşur:

«Oğlumu yenə də tutardılar, amma şərləməzdilər. Bu ləkə mənə təsir edir. Bu ləkəni necə təmizləyəcək?»

«CABBAR TUTULANDAN ANAM DƏRMANSIZ YATIR»

O, iki oğlunu 12 ildi necə tək böyütdüyündən, çəkdiyi əziyyətlərdən danışır. Cabbar atası rəhmətə gedəndə üçüncü sinifdə oxuyurmuş. Təravət xanım xatırlayır ki, həmin gün sabiq prezident Əbülfəz Elçibəyin dəfn günü olub və həyat yoldaşı da dəfnə gedib:

- Xüsusi bir Elçibəyçi deyildi, nə də cəbhəçi idi, yalan nə deyim. Amma həmin gün dəfnə getmişdi. Axşam da evə gec gəldi. Dedi, ölürəm, ürəyim sıxılır.

Təravət xanım danışır ki, təcili yardım çağırsalar da, həkim həyat yoldaşına «səndə heç nə yoxdur» diaqnozunu qoyub, o gedəndən az sonra isə yoldaşı keçinib.

- Yoldaşımdan sonra dəli kimi oldum. 12 ildi yuxuya gedə bilmirəm. Dərman içirəm, sonra yuxuya gedirəm.

Görünür, anasının göz yaşlarından sıxıldığından tez-tez otaqdan çıxıb sonra da dərhal da qayıdan Yamin bu acı xatirələrin yaratdığı kədəri dağıtmağa çalışır:

- Yaxşı ki, Cabbarı tutdular, anam indi dərmansız yatır.

- Yamin toxtaqdır, mənə ürək-dirək verir.

Cabbar Savalanlının qardaşı Yamin
«ÇOXLARI BİZDƏN ÜZ DÖNDƏRDİ»

Təravət xanım iki oğlunu böyütmək üçün gecə-gündüz işlədiyini söyləyir, deyir ki, eyvan onun iş otağı imiş, çərəzləri, kişmişi qablayıb satırmış. Sonradan sertifikat tələb olunduğundan bu işini dayandırmağa məcbur olub, «4 qardaşın bacısıyam, bizi ac-susuz qoymazdılar» deyir.

Qohumlarından elə gileyi olmasa da, Təravət xanım danışır ki, Cabbar həbs olunandan sonra bir çoxları onlardan üz döndərib:

- Bir qonşum vardı, can bir qəlbdəydik, Cabbarın həbsindən sonra ayağını bizə basmadı.

Elə Cabbarın orta məktəbdən, institutdan tanıdığı bəzi dostları da onun həbsindən sonra ailə ilə əlaqə saxlamaqdan çəkinib:

- Bəlkə də özləri gələrlər, valideynlər qoymur gəlməyə. Bir dəfə biri gəlmişdi, hazırlığa bir yerdə getmişdilər, elə maraqlanırdı ki, hadisə necə olub, anası beş dəqiqədən bir zəng edirdi ki, dur gəl. Hamı qorxur.

Yamin söhbətə müdaxilə edir:

- Yaxşı ki Cabbar həbs olundu, biz də adamları tanıdıq. Həm adamların etibarını gördük, həm də çoxlu yeni adamlar tanıdıq. Cabbarın həbsindən sonra adamlar ayıldı elə bil. Biz məhkəmələrin nə olduğunu gördük, polisi tanıdıq. Elə adamlar da gördük, fikirləşdik ki, belələrinə görə yaşamağına dəyər.

«SEÇİMİM OLSAYDI, DEYƏRDİM BƏXTİYARI BURAXIN»

Cabbarın həbsindən sonra onun qapısını bir necə xarici ölkənin Azərbaycandakı səfirliklərinin əməkdaşları, hüquq müdafiəçiləri, jurnalistlər döyür, ailəyə dəstək verirlər: «Adnan Hacızadə ilə Emin Milli də (bu yaxınlarda həbsdən buraxılan gənc fəallar- S.A.) gəlmişdi, həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin ailəsi ilə də tanış olduq", - Təravət xanım deyir.

Bəxtiyarın anası, qardaşı Cabbarın məhkəməsinə gəliblərmiş, sonra bir yerdə Eynulla Fətullayevin yanına gediblər:

19 yaşlı Cabbar Savalanlı
- Yolda söhbət elədik, dedi, mənim oğlumu gec buraxsalar, narahat olmaram, amma Cabbar uşaqdı, gərək onu tutmayaydılar.

Yamin anasının sözünü kəsir:

- Bizə, millətə, dövlətə Cabbardan çox Bəxtiyar lazımdır. Bəxtiyar Harvardda oxuyub gəlib, ondan təhsil naziri olardı. Təcrübəsini, biliyini ölkəyə sərf eləyəsi vaxtı idi Bəxtiyarın. Amma Cabbar hələ çox gəncdir, öyrənəcəkləri qabaqdadır. Mən qardaşıyam, amma bu dəqiqə qarşıma seçim qoysaydılar, mən Bəxtiyarın azad olunmasını seçərdim.

«CƏBHƏÇİ OLDUĞUNU BİLƏNDƏ HİRSLƏNDİM»

Lap unutmuşdum, Yamin bu günlərdə tələbə adını qazanıb, 590 balla ali məktəbə qəbul olub, gələcəkdə iqtisadçı olacaq. «Anası ölsün, Cabbarın həbsinə, məhkəmələrə görə 3 ay əlinə dəftər-kitab ala bilmədi, yoxsa 700 bal toplayardı», deyə Təravət xanım gətirdiyi çayı stolun üstünə qoyur:

- Cabbar deyirdi ki, siyasətçi olacam. Xoşu gəlirdi, bir xəbər buraxmazdı, qəzet oxuyurdu. Cəbhəçilərdən danışırdı. O qədər yanımda demişdi ki, cəbhəçiləri şərləyib tuturlar, qorxurdum, deyirdim ki, Cəbhənin (AXCP nəzərdə tutulur- müəl.) üzvü olma. Bir gün kefi kök gəldi evə ki, Cəbhənin üzvü olmuşam, bu da vəsiqəm. Çox acığım tutmuşdu onda. Hətta hirsimdən köynəyini də cırdım ki, bəs deyirsən, cəbhəçiləri tuturlar, özün də gedib bu partiyanın üzvü olmusan.

PALÇIQ DAŞIYIB 50-60 MANAT QAZANIBMIŞ

Kameramın batareyasının tükəndiyini görüb enerji yığması üçün evdə kompyuter olub-olmadığını soruşuram. Təravət xanım təəssüflə «yoxlarıdır, deyirdi ki, «ana, Yamin də məktəbi bitirir, təqaüdümü yığıb bir kompyuter alarıq evə» söyləyir. Sonra kövrələ-kövrələ Cabbarın bir qonşunun bağında palçıq daşıyıb aldığı 50-60 manatlıq zəhmət haqqına əyin-başını təzələməyini xatırlayır.

Evdə kompüteri, İnterneti olmasa da, bu, Cabbarın sosial şəbəkələrə üzv olub özünə dost tapmasına maneə yaratmayıb. «Facebook»-dakı virtual dostluqları real dostluğa çevrilən Cavid isə deyir ki, Cabbarın türkçü olması onun diqqətini cəlb etmişdi:

Cabbar Savalanlının dərslik kitabı
- Gördüm ki, fikirlərimiz, əqidəmiz tutur, o da Sumqayıtda yaşadığından görüşdük, tanış olduq. Cabbar başqa oğlanlar kimi əyləncəyə meylli deyildi, söhbətlərimiz daha çox yaşadığımız proseslər, ictimai-siyasi həyat barədə olardı.

«SƏN TARİXİN ÖZÜSƏN»

Yamin qardaşının dərs kitablarını ortaya tökür. Tarix kitablarının səhifələri Cabbarın əlavələri ilə qızarıb. Məsələn, dərsliyin Gəncə üsyanları ilə bağlı bölümündə Cabbar bu sözləri yazıb: «Eşq olsun Azərbaycan xalqının azadlıq mücahidlərinə. Siz vətən qarşısında borcunuzu sona qədər yerinə yetirdiniz». Kitabın bir səhifəsində isə yazıb: «Cabbar Savalan – Sən tarixin özüsən. XXI əsr tarixini sən yazacaqsan, tarix sənə boyun əyəcək».

Kim bilir, bəlkə də Cabbarın 11-ci sinif şagirdi olarkən yazdığı bu sözlər nə zamansa həqiqət olacaq?
XS
SM
MD
LG