Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:29

«İstiqlal muzeyi Şəhidlər Xiyabanında tikilsin»


Şəhidlər xiyabanı
Şəhidlər xiyabanı

Məmməd Əmin Rəsulzadənin nəvəsi Firuzə Məmmədova və onun oğlu Həsən Məmmədovdur. 2004-cü ildə AzadlıqRadiosuna müsahibə verərkən Firuzə xanım gileylənmişdi ki, Qazaxıstandakı sürgün düşərgələrindən, uşaq evlərindən min bir müsibətlə qoruya-qoruya gətirdiyi bu şəkillərə sahib duran yoxdur:

- Məmməd Əminin ailəsidir bu. Yoldaşıdır, Ümmülbanu, bu da övladlarıdır. Anam öləndə bircə bu şəkilləri götürdüm. Başqa heç nə...

Onun ən böyük arzusu həmin şəkilləri Məmməd Əmin Rəsulzadənin ev muzeyinə bağışlamaq idi.

Oğlu Həsən Məmmədov deyir ki, anası bu arzuyla da dünyadan köçüb:

- Anam sağlığında gileylənmişdi ki, elə muzey yaradılmayıb ki, yəni ya Məmməd Əminin, ya İstiqlal mücadiləsi ya da Demokratik Cümhuriyyət dövrünə aid elə muzey yoxdur ki, biz o şəkilləri ora təqdim edək…

Məmməd Əmin Rəsulzadənin ev muzeyi olmasa da, Azərbaycanda İstiqlal Muzeyi var. 1991-ci ildə yaradılıb və Muzey Mərkəzində yerləşir.

Avqustun 2-də isə prezident İlham Əliyev Bakıda İstiqlal Muzeyi üçün ayrıca bina tikilməsi ilə bağlı sərəncam imzalayıb. Muzeyin tikintisinə prezidentin Ehtiyat Fondundan bir milyon manat vəsait ayrılacaq.

«ÖZLƏRİ HARDA LAYİQ BİLSƏLƏR»

İlham Əliyev sərəncam imzalayıb
Amma hələlik muzeyin harada tikiləcəyi bəlli deyil. Hər halda, İstiqlal Muzeyinin elmi katibi Nigar Qazızadə AzadlıqRadiosuna belə deyib. O yeni muzey binasının layihəsinin olub-olmamasından da xəbərsizdir:

- Hələ heç nə bilmirik. Təkliflərimiz də yoxdur. Özləri harada layiq bilsələr, harada mümkün olsa orda olacaq.

Nigar Qazızadə İstiqlal Muzeyi üçün yeni bina tikilməsinin zərurətini də izah edir:

- Hər halda, muzeydi, öz binası olmalıdır, o baxımdan. Bizdə 20 mindən çox eksponat var. Amma hamısı nümayiş olunmur. Fondda daha çoxdur. Qədim dövrdən başlayaraq müasir dövrədək.

İSTİQLAL MUZEYİNƏ EKSKURSİYA

Burda İstiqlal muzeyi haqda azacıq məlumat verim. Muzey 6 zala bölünüb. Azərbaycan xalqının XIX əsrə qədərki istiqlal mübarizəsi birinci zala sığışdırılıb.

İkinci zalda «XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlindəki mübarizənin tarixinə» yer ayrılıb. Yəni burda bir guşə Demokratik Cümhuriyyət dövrünə həsr olunub. Həmin dövrə dair məxsusi, fərqli eksponat axtarsan da, ancaq siyasi liderlərin fotoları, bəzi sənədlərin surəti, pul əskinazları, bayraq və himn haqda məlumatlarla rastlaşırsan…

Son iki zala baxaq. XX əsrin axırlarında Azərbaycandakı milli-azadlıq hərəkatına və Qarabağ müharibəsinə həsr edilib. Burda müharibə dövrünə aid silah-sursat da yerləşdirilib.

Və sonuncu zal: «Müstəqil Azərbaycan Respublikasının tarixi və ümummilli lider Heydər Əliyevin fəaliyyəti».

Nəsiman Yaqublu
Muzeydə gözə dəyən xəritələr, rəsmlər, kitablar, pul əskinazları, bayraqlar və bir də silah-sursatdır.

«NECƏ OLA BİLƏR Kİ, 70 İLLİK SİYASİ MÜHACİRƏT DÖVRÜ ƏKSİNİ TAPMASIN?»

Məmməd Əmin Rəsulzadə Fondunun rəhbəri Nəsiman Yaqublu:

- Avropa muzeylərinə gedəndə biz orda yalnız kağız toplantılarını, fotolar görmürük, vizual görüntülərlə rastlaşırıq. İkincisi, Amsterdamda, Varşavada belə muzeylər var. Oradan çıxanda həmin xalqın azadlıq mübarizəsi haqda geniş təəssürat yaranır. Elə olmasın ki, yarımçıq təsəvvür yaransın. Kiminsə arzu və istəyi əsasında İstiqlal muzeyi yaratmaq düz deyil. Bu muzeydə Rəsulzadənin, Topçubaşovun, Xoyskinin fəaliyyəti əksini tapmayacaqsa, onda muzey yaradılmasına ehtiyac da yoxdur. Necə ola bilər ki, orda 70 illik mühacirət dövrü əksini tapmasın? Bunun üçün sənədlər, fotolar toplanmalıdır. Bu nə dərəcədə yerinə yetirilib?

Muzeyin elmi katibi Nigar Qazızadə deyir ki, yeni binada ADR dövrünə mütləq yer ayrılacaq. Amma nə qədər yer ayrılacaq bilmir. Üstəlik 70 illik siyasi mühacirət dövrünün araşdırılmasından da xəbərsizdir.

Nəsiman Yaqubludan son təklif. O yeni İstiqlal Muzeyinin Şəhidlər Xiyabanına yaxın yerdə tikilməsini istəyir.

Şirməmməd Hüseynov
«İSTİQLAL MUZEYİ GƏRƏK ƏZƏMƏTLİ OLA»

Tədqiqatçı alim, professor Şirməmməd Hüseynov isə düşünür ki, İstiqlal Muzeyinin tikilməsi haqda qərar 20 il gecikib:

- Alqışlamaq lazımdır. İstiqlal Muzeyi bizə lazımdır. Harada tikiləcək, harada olacaq bu muzey? Söhbət bundadır. İstiqlal Muzeyi gərək əzəmətli ola. Türk tarixçisi Mustafa Yazıçının 1990-cı ildə çıxan bir kitabı var: «Tarixdə 128 türk dövləti». O kitabda yazır ki, Azərbaycan Xalq Cümhuriyyətinə qədər Azərbaycan türklərinin müstəqil 5 dövləti olub. Yəni istiqlal təzə deyil bizim üçün. Buna görə də 1918-ci ildə demədilər ki, yeni dövlət yaradırıq. Dedilər ki, müstəqilliyimizi bərpa edirik. Deməli, İstiqlal Muzeyi bu millətin istiqlal tarixini əks etdirməlidir. Görək necə olacaq… Yəni o İstiqlal Muzeyi 20 illik istiqlal tarixi olacaqsa, demək yarımçıq olacaq.

«O MUZEYİN HAQQI VARMI?»

…Rəsulzadənin nəticəsi Həsən Məmmədov isə ailə yadigarı fotoları İstiqlal muzeyinə verməyə tələsmir:

- Biz tanış olmaq istərdik. O muzeyin həqiqətən də həmin şəkilləri nümayiş etdirməyə haqqı varmı?..
XS
SM
MD
LG