Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:20

Sübadasında qızlar ağ qayıqlı şahzadə gözləyir...


Sübadası
Sübadası
Bakıdan Neftçala rayonuna, necə deyərlər, quş uçuşu ilə, Neftçalanın mərkəzindən gedəcəyimiz adaya isə tısbağa yerişiylə üz tutası olduq. Səbəb isə yol – bir hissəsi çınqıllı, bir hissəsi dağılmış asfaltlı, kələ-kötür…

Bizi ora aparan avtomobilin altı da yolun qabarmış hissəsinə dəydi…

Gəlib çatdıq Kür qırağına. Kür daşqınının izi bu bir ildə silinməyib. Sahilboyu skeleti görünən evlərdən birinin sahibəsi bizi qarşılayır. Jurnalist olduğumuzu bilən kimi başlayır şikayətə:

«Yeddi övladım var, altı qızım, bir oğlum. Oğlum hərbi xidmətdədir, Naxçıvanda qulluq edir, daxili qoşunlarda. Azyaşlı nəvəmlə qalıram. Xahiş edirəm, mənim üçün də ev tikilsin. Dəfələrlə yazmışam, Mehriban Əliyevaya. Cavab gəlib ki, artıq nəzərə alındı, sizin üçün də ev tikiləcək. Hələ ki, bir xəbər yoxdur».

QAYIQÇI MAHİRƏ XALA

Mahirə Mustafayeva Kürün o tayını göstərib deyir ki, orada camışlara baxır, süd sağır. Onun danışdığı «o tayı» Sübadası adlandırırlar. Ancaq bu adın mənasını bilmirlər.

SÜBADASI

Sübadası Kür çayı və Xəzər dənizi ilə əhatəlidir. İnsanlar o adaya getmək üçün qayıqdan nəqliyyat vasitəsi kimi istifadə edirlər. Qayığı olmayanların karına Mahirə xala və onun qayığı gəlir. O, 7 ildir insanları o taydan bu taya keçirməklə çörəkpulu qazanır:

Qayığı olmayanların karına Mahirə xala və onun qayığı gəlir
- Qadın üçün qayıq sürmək çətindir?

- Əvvəllər çətin idi, indi öyrəşmişik. Küləyində, yağışında…

Biz də Mahirə xalanın qayığı ilə çayın o biri tərəfinə keçirik.

Bu adanın sakinləri iki yerə bölünür – müvəqqəti və daimi yaşayanlar.

İnsana boy verməyən kiçikboylu alaçıq, ocaq, odun şələsi, köz üstündə hislənmiş çaynik və qazan. Bir də ki, alaçığın ətrafında girlənən camışlar... Bu adanın müvəqqəti sakinlərinin yaşam şəraitinin detallarıdır.

76 yaşlı Naibə Heybətova bizi çardağına çay içməyə dəvət edir:

- Elə bil ki, meşədə yaşayırıq, ay bala... Nə şəraiti var? Peyinin içində qalırıq. Çörək ucbatından gəlmişik. Ağartı qayırırıq özümüzçün – pendir, yağ. Sonra da qış uzunu yeyirik. Mağazadan gedib yağ, süd, qatıq, pendir almırıq. Qazımız, işığımız yoxdur. Ancaq ocaqla dolanırıq, ay bala...

- Bəs qışda nə edirsiz?

- Payızdan bir ay otururuq, ondan sonra mən çıxıb gedirəm.

YENİ DOĞULAN BALAĞ

Biz adaya ayaq basar basmaz bir balağ – camışın balası doğuldu. Sahibəsi Naibə nənə deyir ki, camış gedib çöldə doğanda, gərək bir 20 manat da cavanlara verəsən ki, onu gətirsinlər.

Biz adaya ayaq basar basmaz bir balağ – camışın balası doğuldu
Sübadası adlanan bu yerin sakinləri deyir ki, bizim bəxtimiz işləyib ki, burda külək var. Yoxsa biz milçək əlindən yol gedə bilməzdik.

1 km addımlayıb Sübadasının daimi sakinlərinin yaşadığı əraziyə çatdıq. Obaya səs-küy düşdü. Gəlişimizdən xəbər tutanlar təəccüblərini belə gizlətmədilər:

- «49 ildir mən belə şey görməmişdim. Allah köməyiniz olsun, gəlmisiz...».

- «Özünüz görürsüz ki, dükanımız yox, heç nəyimiz yox. Bir şey olan kimi, Neftçalaya gedirik. Uşaqlar xəstə olur, bilmirsən hara aparasan. Heç kəs gəlib baxmır, bəlkə də bilmirlər ki, belə bir yer var. Siz də yəqin təsadüfən gəlmisiz...».

- «Bizə həkim lazımdır. Xəstə olanda, həkim gəlmir, o taydan bəri keçə bilmir».

BİR MÜƏLLİMLİ MƏKTƏB...

Adada nə bir mağaza, nə bir aptek, nə xəstəxana var. Məktəbləri isə 15 kvadratmetrlik birotaqlı tiklidən ibarətdir ki, orada birdən dördə kimi bütün siniflər dərs keçir. Üstəlik, onların bütün fənlər üzrə yalnız bir müəllimi var:

- Neçənci sinifdə oxuyursan?

- Biri qurtarıb, ikiyə keçdim.

Məktəb 15 kvadratmetrlik birotaqlı tiklidən ibarətdir
- Xədicə, bu məktəbdə oxumaq xoşuna gəlirmi?

- Yox...

Tətil olduğundan 7 yaşlı Xədicənin oxuduğu məktəbi yalnız çöldən görə bildik. Pəncərələri kartonla bağlanıb, qapısının ağzında da qıfıl. 49 yaşlı Bənövşə Qarayeva deyir ki, uşaqlar savadsızlıqdan yaşlarını da düz əməlli deyə bilmir.

Neftçala rayon icra hakimiyyətindən isə bildirirlər ki, Sübadasında yeni məktəb tikintisi hələ ki, nəzərdə tutulmasa da, cari təmir ilə məşğul olacaqlar.

BİR AYLIQ AZUQƏ

Amma Sübadasında təmir edilməli olan təkcə məktəb deyil. Bu kəndin yollarının da yenidən qurulmaya ehtiyacı var. Adaya avtobus gündə iki dəfə işləyir. Sakinlər az qala bir aylıq azuqələrini alıb yığırlar:

«Hə, «lotka»ya minirik, gedirik, bazarlığımızı edirik. Bir dükan yoxdur. Qışda gəlib yolumuzu çəkəsiz, yol «sovsem» yoxdur. Neçə dəfələrlə dərəyə düşmüşük, saat 5-də gəlib evə çıxmışıq. Öləsən də, elə-elə qalacaqsan».

Neftçala İcra Hakimiyyətində ictimai-siyasi şöbənin müdiri Anar Cəfərov bu problemləri adadakı əhalinin az olması ilə bağlayır:

Sübadasının sakinləri deyir ki, sübhdən ta gecəyə kimi danışsalar problemləri bitməz
«Hələ ki, daxili imkanlar hesabına cari təmir işləri görülür. Amma gələcəkdə maliyyə vəsaiti ayrıldıqda kəndarası yollar da təmir olunacaq. İndi hissə-hissə daxili imkanlar hesabına yolüstü kəndlərdə, bir az uzaq kəndlərdə bunu həyata keçirə bilirik».

İŞSİZLİK...

Sübadasının sakinləri deyir ki, sübhdən ta gecəyə kimi danışsalar problemləri bitməz. Birini qoyub, o birindən danışırlar... Amma həmrəy olduqları yalnız bir istək var – işləmək:

İcra hakimiyyətinin şöbə müdiri Anar Cəfərov deyir ki, Sübadasında hansısa zavod açılması planda olmasa da, rayonda yeni iş yerləri açılır:

«Yod-brom zavodu fəaliyyətə başlayıb, «Neftchala Operating» şirkəti açılıb. Motor sexi, şüşə zavodu, Xıllı Nərə Balıqartırma Zavodu işə başlayıb. O insanlar istəsələr, yəqin ki, o müəssisələrdə çalışa bilərlər».

AĞ QAYIQLI ŞAHZADƏ

Sübadası əhalisinin çörəkpulusu əsasən heyvandarlıqdan çıxır. Bu adada gənc oğlanlar qarşımıza demək olar ki, çıxmadı.

Valideynləri deyir ki, iş tapmaq üçün nəinki öz kəndlərindən, hətta rayonlarından da çıxıb getməli olurlar. Qızlar isə 4-cü sinifdən sonra evdə oturur. Ağ qayıqlı şahzadələrini gözləyir...

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA NÖVBƏTI GÜNLƏRDƏ

Gəncə: Sahibkarlar hansı seçim qarşısında qalıblar?

Astara: İrana gəlin gedən Leylanın 7 aylıq evliliyi necə keçdi?
XS
SM
MD
LG