Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Avtoşların canavar ulayan, at kişnəyən siqnalları


Arxiv foto
Arxiv foto
2000 MANATA SİQNAL

Afrika cəngəlliklərini xatırladan səslər indi tez-tez Bakı küçələrində də eşidilir. Canavar ulamasından tutmuş at kişnəməsinədək müxtəlif səslər çıxaran avtomobil siqnallarının sayı getdikcə artır. Baxmayaraq ki, Dövlət Yol Polisi buna görə inzibati cəza tətbiq edir, sürücülər cərimələnir. Standartlara uyğun olmayan siqnalların açıq satışına da rast gəlmək mümkün deyil. Siqnal satışı ilə məşğul olan Əli deyir ki, bu cür siqnalların satışına icazə verilmir:

«O cür siqnallar əldə satılır, daha çox ustalarda və «elektronşik»lərdə olur».

Əli deyir ki, 5-8 manata satılan adi siqnallardan fərqli olaraq çoxavazlı, yüksək tonlu, qeyri-standart səslər çıxaran siqnalların qiyməti 300 manatdan 2000 manatadək olur. Daha çox gənclərin maraq göstərdiyi bu tip siqnallara tələbat da az deyil. Əli deyir ki, az qala hər gün dükana girib bu cür siqnalları xəbər alırlar:

-Maraqlanan çoxdur.

-Maraqlananlar kimlər olur adətən?

-Avtoşlar, uşaq-muşaqlar. Yaşlı adamlar o siqnallardan istifadə etməz axı.

«NƏ VAR, ALƏ, ƏLƏSGƏR»



Siqnal satışı ilə məşğul olanların dediyinə görə, qeyri-standart siqnallar ölkəyə daha çox İtaliya, Almaniya və Polşadan gətirilir. Çindən alınan siqnalların isə avtoşlar üçün bir üstün cəhəti də var – bu cür siqnalların mexanizminə dəyişiklik də etmək olur, başqa sözlə sürücü istədiyi səsi siqnala yazdıra bilir. Məsələn, yəqin bir çoxları «Bəyin oğurlanması» filmində Ələsgər obrazının «nə var alə, Ələsgər» epizodunu Bakı küçələrində eşitməmiş deyillər.

Vaqif Əsədov

60 MANATADƏK CƏRİMƏ

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov deyir ki, ötən il «Yol hərəkəti haqqında» qanuna standartlara uyğun olmayan siqnallarla bağlı dəyişiklik edilsə də, onlardan istifadənin qarşısını tamamilə almaq mümkün deyil. Sürücüləri 60 manatlıq cərimə də bu yoldan çəkindirmir:

«Ötən ilin iyul ayında qanuna dəyişiklik edildi, avtonəqliyyat vasitələrinə quraşdırılmış bu cür siqnallara görə sürücü məsuliyyətə cəlb edilir. Sürücü ilə bağlı tərtib olunmuş protokollar tədbir görülməsi üçün məhkəmələrə göndərilir, hakimlər tərəfindən bu cür səs siqnalları müsadirə edilməklə sürücü müəyyən məbləğdə cərimə də ödəməli olur. Yanvar ayından bu günədək paytaxt üzrə 350-dən çox belə sürücü yol polisi tərəfindən saxlanıb və məsuliyyətə cəlb edilib».

Vaqif Əsədov deyir ki, bu cür sürücülərin aşkarlanaraq məsuliyyətə cəlb olunması ilə bağlı tədbirlərini davam etdirirlər. Amma hesab edir ki, bu yöndə ictimai qınağa da ehtiyac var.

«BİRİ CAMIŞ SƏSİ ÇIXARIR, BİRİ CANAVAR SƏSİ»

Avto xuliqanlara qarşı yol polisinin mübarizəsi

«Aktual» elmi-sosioloji araşdırmalar mərkəzi ötən ay bir sorğu keçirib. «Sizi yersiz siqnalların səsi narahat edirmi?» sualına 80 paytaxt sakinindən ibarət respondentlərin cavabı belə olub: 62 faiz «bəli, edir», 38 faiz isə «xeyr, etmir» deyib. İkincilər arasında gənclər üstünlük təşkil edib. Rəyi soruşulanların 47 faizi deyib ki, qeyri-standart siqnal səsləri onlarda əsəb gərginliyi yaradır, 47 faiz həm də hesab edir ki, bu cür sürücülərə qarşı cəza və cərimələrin miqdarı artırılmalıdır, 16 faiz isə daha sərt tədbiri məqbul sayır – deyir ki, belə sürücülər müəyyən müddətə sürücülük vəsiqəsindən məhrum edilməlidirlər.

Bizim Bakıda söhbətləşdiyimiz sakinlər və sürücülərin məsələyə münasibəti isə birmənalı oldu:

- Axşama kimi onların səsindən qulaqlarım batır. Biri camış səsi çıxarır, biri canavar səsi. Belə siqnal olar? Baxan yoxdur, baxsalar yaxşı olar. Tədbir görmək lazımdır.

- Məncə hamısı boş şeylərdir, havayı yerə pul xərcləyirlər.

- Dəhşətdir, pəncərəm küçəyə baxır, avtoşların və heyvan səsi çıxaran siqnalların əlindən gecədən səhərə kimi yata bilmirik. Siqnalı vurmağın da təhəri var, bütün günü əlləri siqnaldadır.

- Mən bu cür siqnalları bəyənmirəm, camaatı narahat edirlər.

- Gecə 1-dən, 12-dən sonra bu cür siqnallar eşidilir. Hamımız cavanıq, amma ananı, bacını, evdəki xəstəni də fikirləşmək lazımdır.
XS
SM
MD
LG