Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:42

Azərbaycanda niyə serial çəkilmir?


Arxiv şəkil
Arxiv şəkil

Yaşı 60-dan yuxarı olan Məhəmməd Əliyev harada olur-olsun axşam saat onun yarısına özünü evə çatdırır. Həftənin beş günü İctimai Televiziyadan yayımlanan «Bəxtsiz gözəl» serialının bircə seriyasını da buraxmır.

Niyəsini öz dilindən eşidək:

- Seriala baxıram. Ondan ayrıla bilmirəm. «Taksovatlıq» da edə bilmirəm. İşim də qalır. Bəxtsiz qız var, onun haqqındadır. Ona «bolet» edirəm. Tərbiyəli hərəkətləri məni cəlb edir. Yiyəsiz qız olur.
- Azərbaycan seriallarından nəyə baxırsız?
- Bakıda serial var ki?

Bakıda apardığımız kiçik sorğu zamanı məlum oldu ki, yerli seriala baxmaq istəyən çoxdur. Gəl ki, yerli serial demək olar ki, yoxdur... Niyə? Bununla bağlı sakinlərin öz cavabları da oldu.

Kamran (21 yaş):

- Bir-iki dənə mənasız, boş seriallar var, bizi maraqlandırmır... Problem var, çəkən yoxdur.
- Sizcə, niyə serial çəkilmir?
- Dövlətə sərf eləmir. Millət yatsa yaxşıdır...

Dilarəsə deyir ki, səbəb sadədəir:
- Azərbaycanda kino ölüb...

TAPILDI...

Sorğu zamanı yalnız bircə nəfər yerli seriala baxan seyrçi tapıldı. O da Türkiyə seriallarının azarkeşi 4 yaşlı Leylanın atası Fərid.

- Azərbaycan serialı var ey, təzə başlayıb, indi adını deyəcəm... «Küləlklər şəhəri», hə. Maraqlı serialdır. Ailə münaqişələridir orda... Ona baxıram...

Qısa araşdırma zamanı bəlli olur ki, Azərbaycanda serial çəkmək istəyənlər də yetərincədir. Rejissor Əbdül Mahmudbəyov hələ bir neçə il əvvəl Ağa Məhəmməd Şah Qacar və ya Şah İsmayıl Xətai haqqında çoxseriyalı film çəkmək istədiyini dilə gətirmişdi.

Hətta demişdi ki, Daxili İşlər Nazirliyinin keçmiş polkovnik- leytenantı Hacı Məmmədov və onun dəstəsi ilə bağlı serial çəkilişinə başlamaq fikri var.

«GÜC SALAVATA BAĞLIDIR»

Amma illər ötür. Serial yoxdur. Əbdül Mahmudbəyov söhbətə atalar sözüylə başlayır: «Güc salavata bağlıdır».

Əbdül Mahmudbəyov deyir ki, hər şeydən qabaq müasir texnoloji imkanlar olmalıdır: texnika, aparatura, laboratoriya... Bundan əvvəl də güclü maliyyə:

«OĞURLUQ PULU NECƏ ORTAYA QOYSUNLAR»

«Yüzlərlə Azərbaycanda ziyalı mənə sual verir ki, bu nədir, nə ət tökən serialdır verirlər. Hamısına eyni cavabı verirəm ki, əvvəla Azərbaycanda milli burjuaziya formalaşmayıb. Beş-on nəfər arxalı-dayaqlı, icazəli millyonçular var. Onlar da oğurluq pulu necə ortaya qoysunlar, heç ondan balalarına aliment də verə bilmirlər. Ondan ötrü azad, ürəyi yanan kişilər lazımdır, oğurluqla, qanuna zidd yolla pul qazanmayan kişilər lazımdır. Gürcüstanda sənətə xidmət edən milli burjuanı vergidən azad ediblər... »

Rejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev də milli serialın olmamasını bircə səbəbə bağlayır – maliyyə yoxluğuna. Onun sözlərinə görə, bura böyük yatırımlar olmalıdır, bunun üçün də iş adamları yaranmalıdır:

«Əsas səbəb ancaq və ancaq puldur. Yaradıcı potensial var. Ən yaxşı səviyyədə serial çəkmək üçün potensial var».

Nuşirəvan Məhərrəmli
Son illər dizi və film çəkilişindən Türkiyənin ayrı-ayrı şirkətləri milyonlar qazanırlar. Məsələn, «Ay Yapım» şirkətinin sahibi Kərəm Çatay üç serialdan ildə 1.5 milyon manata yaxın qazanc götürür. Ayrı-ayrı serialların gəlirləri isə milyonlarladır.

Nigeriyada isa serial gəlirləri bircə neft gəlirlərinə uduzur...

Azərbaycana gəlincə, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bir neçə il qabaq bildirmişdi:

«Biz Braziliya seriallarını türk serialları ilə əvəz etmişik. Növbəti mərhələdəsə türk seriallarından Azərbaycan seriallarına keçəcəyik».

«ARAMIZDA QALSIN» PLAGİATLIQDA İTTİHAM OLUNUR

Amma Türkiyə serialları 3 ildir Azərbaycan efirində yoxdur, onun yerini yenə də Braziliya və Argentina serialları tutur.

«Xəzər» televiziyasında yayımlanan «Küləklər şəhəri» və «Aramızda qalsın» adlı yerli seriallar isə istisnadır.

İkinci serialın yaradıcıları plagiatlıqda ittiham olunur. Türkiyəli yapımçılar serialın rejissorunu məhkəməyə verir.
XS
SM
MD
LG