Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:19

Cənub rayonlarının bazarlarında bahalşma


«Ötən ay mal ətinin bir kiloqramı 6 manat idi. İndi 7 manatadır. Ayda iki dəfə ət alırdımsa indi bir dəfəyə gücüm çatır».

Arif adlı Lənkəran şəhər sakini ilin bu vaxtında ətin bahalaşmasını düzgün saymır. Onun sözlərinə görə, əslində ət ucuzlaşmalıdır:

«Yerli tərəvəz məhsulları yetişib. Kasıbların yemək çeşidləri artıb. İlin bu vaxtında ət alanların sayı azalır, nəticədə ət bir qədər ucuzlaşır. Əksinə, ət sistemli şəkildə bahalaşır. Bahalaşmanın səbəbini mən deyə bilmərəm. Əslində, digər mallarda da bahalaşma var».

«CÖNGƏ ƏTİNİ VARLILAR ALIR»


Lənkəran bazarında 10 yerdə ət satışı məntəqəsi fəaliyyət göstərir. Mal ətin bir kiloqramı 6 manata, qoyun ətin 1 kiloqramı 7 manata satılır. «Cöngə (1 yaşlı erkək inək balası) ətinin qiyməti bir həftədir ki, qalxıb. İndi cöngə ətinin 1 kiloqramı 7 manatdır».

Bazarda mal əti satan Kamal Şeyfullayev belə deyir. Onun sözlərinə görə, bunun bir səbəbi cöngələrin azalmasıdır:

«Cöngənin əti keyfiyyətli olur. Buna görə cöngə ətinə təlabat böyükdür. Cöngə ətini əsasən varlılar alır».

K. Seyfullayevin sözlərinə görə, mal-qara saxlamaq da çətinləşib. İldən ilə xərci artır:

«Yancaq, baytarlıq xidməti, mal yemləri bahadır. Əvvəllər kasıblar da mal- qara saxlayırdılar. İnəklərini satdılar, çörək pulu etdilər. Kəndlərdə tədricən mal-qaraların sayı azalır. Ortabablar mal-qara saxlaya bilir. Ət belə halların hesabına bahalaşır, hələ bahalaşacaq. Bu ətin qiymətinin son həddi deyil. Əslində yanacaq da bahadır».

«YERLİ MƏMURLAR BİZİ XƏRCƏ SALIRLAR»

Adının çəkilməsini istəməyən bir qəssabın dediyinə görə, ət tədarükü və satışı ilə məşğul olanlar çoxlu çətinliklərlə rastlaşırlar:

Sovet Məmmədov
«Yerli məmurlar, bazara nəzarət edənlər bizi artıq xərcə salırlar. Əlavə xərclər ətin qiymətinin üstünə gəlir. Nisyə ət alanlar da olur. Yaşlı malın əti bir qədər ucuz satılır. Kasıblar da bu ətdən alır. Cöngə ətinin bahalaşmasının səbəbini deyə bilmərəm. Bəlkə də bu mal-qarnın azalması ilə bağlıdır».

Heyvandarlıq mütəxəssisi Sovet Məmmədovun deməsinə görə, Azərbaycan ət məhsulları ilə heç vaxt özünü tam təmin edə bilməyib. Ölkənin tələbatını ödəmək üçün həmişə kənardan ət gətirilib:

«Sovet dövründə vətəndaşlarımız ətin azlığından əziyyət çəkiblər. Əti, yağı Ermənistandan, Gürcüstandan və Rusiyadan gətirirdilər. Ötən əsrin 80-ci illərin sonlarında əhaliyə kiloqramı 2 sovet manatından «zamarojini» ət satırdılar. Müstəqilliyimizin ilk dövlərində mal-qara artımı müşahidə olunub. Torpaqlar əkilməmiş qaldı. Əhali mal-qar saxlamağa üstünlük verdi. Digər tərəfdən işğal olunmuş ərazilərdən mal-qaralar gətirildi. Bunların hesabına mal ətin qiyməti müəyyən dövrlərdə sabit qaldı. İndi torpaqlar tədricən əkilməyə başlayırlar. Ərazilər azaldıqca mal-qara saxlamaq çətinləşir və baha başa gəlir. 90-cı illərin sonlarında İrana qaçaqmalçılıq yolu ilə çoxlu mal-qar apardılar. Bunun da təsiri var».

S. Məmmədovun fikrincə ət biznesi başqa sahələrdən heç də az qazanc gətirmir. Sadəcə bu sahə elmi yanaşma istəyir:

«Hollandiya kimi bir ölkə bu sahə ilə məşhurlaşıb. Onların ətlik kimi yetişdirdikləri bir cöngənin diri çəkisi 1 tondan yuxarı olur. Bizdə 50-60 kiloqramlıq cöngəni də kəsirlər».

«ƏT ÜZƏRİNDƏ İNHİSARÇILIQ VAR»


Mütəxəssis ət üzərində inhisarın olmasını da inkar etmir:

«İri şəhərlərdə ət üzərində inhisarçılıq var. Lakin rayon və kənd yerlərində inhisarçılıq etmək çətindir. Çünki kənddə hər qapıda mal-qara var. Rayonlarda mal-qara kəsilən yerlər olmalıdır. Rayonların bazarlarında ət növlərə görə, satılmır. Məsələn Astara, Lerik, Yardımlı rayonlarında bir qayda olaraq ətin bir kiloqramı 6 manatdır. Kim harada istəyir malı orada kəsir. Malın sümüyünü və digər içalatını tullayırlar. Əvvəllər, malın dərisini toplayardılar, indi onu da götürmürlər. Mal-qaranı kəsmək üçün sallaxana yaradılsa tullantı olmaz. Digər ölkələrdə olduğu kimi malın sümüyündən də istifadə edilər. Həm də mal-qarada olan xəstəliklər yayılmaz».

S. Məmmədov belə hesab edir ki, ətin qiymətini süni şəkildə qaldıranlar da olur:

«Lakin süni şəkildə qaldırılan qiymət o qədər də yüksək olmur. Əksər vaxtları qiyməti bazar qaldırır. Ət az olanda qiymət də artır. Bu təbiidir. Əsas odur ki, ət məhsullarına görə, başqa ölkələrdən tam asılı olmayaq».

Statistik məlumata görə Lənkəran rayonunda 50 min başa yaxın mal-qara var.

«KƏND TƏSƏRRÜFATI MƏHSULLARI BAHADIR»


İş adamı Faiq Cəfərov təkcə ətin deyil, kənd təsərrüfatı və ərzaq məhsulların da ötən ilə nisbətən baha olduğunu deyir:

«Badımcan Türkiyədən, İrandan gətirilir, bir kiloqramı 2 manata verilir. Pomidorun bir kiloqramı 1,5- 2 manata, xiyar 80 qəpik, kartof 60-70 qəpik, soğan 70-80 qəpiyə satılır. Ötən il bunları çox aşağı qiymətə idi. İndi mövsüm vaxtıdır, kənd təsərrüfatı məhsulları ucuz olmalıdır. Bura rayon yeridir axı».

F. Cəfərov hesab edir ki, ölkədə monopoliya bahalaşmaya rəvac verən amillərdəndir:

«İRANDA BANANIN BİR KİLOQRAMI 40-60 QƏPİYƏDİR»


«İranda bananın bir kiloqramı 40-60 qəpiyədir. Bananı bizim bazar çıxardanda kiloqramı 2-3 manata qalxır. Bizimlə İran arasında 1-2 kilometr məsafə var .Səbəb aydındır, monopoliyadır. Digər tərəfdən torpaqlarımız əkilmir. Kəndlilər üçün nəzərdə tutulmuş güzəştlər təyinatı üzrə xərclənmir»
XS
SM
MD
LG