Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:15

Ədalət Tahirzadə: «Tarixçilərimiz arxivdən qorxur!»


Ədalət Tahirzadə
Ədalət Tahirzadə
«May mənim üçün bayramlar ayıdır. Özüm də 23 mayda doğulmuşam. Amma təbii ki, mənim dünyaya gəlişimdən daha önəmli hadisə 28 mayda qurulmuş müstəqil dövlətimiz- Azərbaycan Cümhuriyyətidir».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına qonaq olan araşdırıcı jurnalist Ədalət Tahirzadə söylədi.

Onun sözlərinə görə, biz bu gün Cümhuriyyətin varisi olan bir dövlətdə yaşayırıq və bu bizim üçün çox böyük sevinc və fərəhdir: «Bu günlər mən ilk Azərbaycan dövlətini quran Məhəmməd Əmin Rəsulzadənin və ikinci müstəqil Azərbaycan dövlətini quran Əbülfəz Elçibəyin adını hörmətlə yad edirəm və onların xatirəsi qarşısında baş əyirəm».

ARXİVLƏR NƏ VAXT DANIŞIR?

«Can Bakı» proqramının «Arxivlər nə vaxt bilmədiklərimizi danışır?» mövzusunda açdığı müzakirəyə qatılan Ədalət Tahirzadə: «Arxivlər o vaxt bizə bildiklərimizi danışır ki, biz onu danışdırmaq istəyirik»- dedi.

BİZİM ARXİV İDARƏSİNİN ZALI BOMBOŞDUR...

Ölkə araşdırıcılarını tənbəllikdə suçlayan Ədalət bəy Tiflis arxivlərində gördüyü maraqlı müşahidəni bizə danışdı. «Tiflis Dövlət Arxivində tədqiqatçılar üçün 15-20 oturacaq yeri var. Amma ağzına qədər dolu olur. Hətta keçib müdirin otağında otururlar. Bizim Dövlət Arxivində gözəl bir zal var, amma bomboşdur. Həm də, Tiflis arxivində çalışanlar paqonlulardır- hərbçilərdir, polislərdir, özlərinin hərb tarixini öyrənirlər, Cümhuriyyət tarixini öyrənirlər. Amma bizdə Şəmistan Nəzirlidən başqa arxivlərdə paqonlu insan görməzsən. Bizdə bir nəfər yazır, 15-20 nəfər ondan köçürür. Qaynaq da göstərmir. Bu, bizim tədqiqatçılığımızda qüsurlu haldır».

ARXİVLƏRİMİZ ZƏNGİNDİR

Arxivlərin çox zəngin olduğunu deyən Ədalət bəy «sadəcə, çalışan insanlar lazımdır. Təəssüf ki, çalışanlar eyni adamlardır- Cəmil Həsənli, Eldar İsmayılov, Musa Qasımlı, Vasif Quliyev, İsmayıl Umudlu və s. Onlar gözəl əsərlər ortaya qoyurlar və təəssüf ki, başqaları onların yazdıqlarını köçürməklə məşğuldur».
Azərbaycan parlamentinin işçiləri
ARXİVDƏ ÇALIŞMAQ NƏ TƏLƏB EDİR?

«Arxivdə çalışmaq araşdırıcıdan nə tələb edir- pul-para, vətəndaş qeyrəti, yoxsa hövsələ?»- sualını Ədalət Tahirzadə belə cavabladı: «Elə vaxt olur para tələb edir. Məsələn, mən Tiflisə iki dəfə getmişəm. Orada heç kəsim yoxdur. Otel, nəqliyyat xərcləri var. Sənədlərin üzünü çıxarmaq xərci var. Türkiyəyə getmək istədim. Cümhuriyyət arxivi Ankarada, Osmanlı arxivi İstanbuldadır. Bu iki şəhərdə işləmək üçün xeyli para lazım idi. Bir arkadaş, bir dost kömək edəcəyinə söz vermişdi. İşi düz gətirmədi deyə sözünün üstündə dura bilmədi».

YALNIZ ARKADAŞ?

«Niyə ancaq arkadaşlarımızın, dostlarımızın köməyinə arxalanmalıyıq»- sualına isə qonağımızın cavabı belə oldu: «Yalnız onlara. Başqa bir ümid yerimiz yoxdur».

BAKIDA İŞLƏMƏK ASANDIR

Ədalət bəy Bakıda işləməyin asan olduğunu da vurğuladı: «Səndən sənədin üzünü çıxarmaq üçün pul da istəmirlər.Təkcə yolxərci ödəyirsən. Burada ancaq çalışmaq lazımdır, bir də ürəkdə istək lazımdır».

TARİXÇİLƏRİMİZİN ÇOXU ARXİV TOZU UDMAQ İSTƏMİR


Qonağımız tarixçilərin əksəriyyətinin tarixdən qorxduğunu iddia etdi: «Tarixçilərimiz arxivdən qorxur və arxiv tozu udmaq istəmir!».

ARXİVDƏ İŞLƏMƏK BÖYÜK ZÖVQDÜR!

Ədalət bəy arxivdə işləməyin böyük zövq olduğunu da qeyd etdi. «Bəziləri yaxşı yeyib-içməkdən zövq alır, bəziləri xarici ölkə gəzməkdən, bəziləri şıq geyməkdən. Eləsi də var arxivdə işləməkdən! Mən o cür insanlardanam. Bir yeni insan üzə çıxaranda, onun zövqü mənə bir həftə bəs edir. Bir misal, Üzeyir bəyin ev muzeyində 1919-cu ildə çəkilmiş Cümhuriyyətin orqanı olan «Azərbaycan» qəzetinin redaksiya heyətinin üzvlərinin şəklini gördüm. Üzeyir bəy o qəzetin baş redaktoru idi. Ortada Məhəmməd Əmin Rəsulzadə oturub. Üzeyir bəy, Mustafa Vəkilov və başqaları.Bütün redaksiya heyəti. İnanın, düz bir həftə o şəklin zövqü ilə yaşadım».

CÜMHURİYYƏT SEVGİSİ...


Cümhuriyyət tarixini çox sevdiyini deyən Ədalət Tahirzadə maraqlı bir bənzətmə göstərdi: «Anamı, ailəmi nə qədər sevirəm, Cümhuriyyəti də o qədər sevirəm. Çünki Cümhuriyyət mənim ilk dövlətimdir, dövlətçiliyimdir. Mənim varlığımdır, mənəviyyatımdır».

Cümhuriyyət tələbələri
- Ədalət Tahirzadə Tiflis arxivindən hansı qiymətli sənədlər gətirdi?
- Cümhuriyyət tariximizlə bağlı hansı yanlışlıqları düzəltdi?
- 10 ildən artıqdır bu işə girişən araşdırıcı hansı istiqamətlərdə çalışır?
- «Şəkinin tarixi» kitabını yazanda niyə ikinci dəfə Tiflis arxivinə üz tutdu? Hansı görkəmli adamların izinə düşdü? 6 il Parisdə fransızca oxuyan və Sultan Əbdülhəmidin saray kitabxanasında çalışan Şəkili kimdir?
- Ədalət Tahirzadə tarixi fotoları necə toplayır?
- Bir şəklin izinə düşməklə onu əldə etmək nə qədər zaman aparır?
- Hərdən bu işə üç il vaxt itirilir desək inanarsınızmı?
- Bəs şəkildəkilərin kim olduğunu bir-bir müəyyənləşdirmək nə qədər vaxt itkisi tələb edir?
- Ədalət bəy 5 qədim albomun izinə necə düşdü və bu albomdakı 150 nadir fotonu necə əldə etdi? Albomda kimlər vardı? Repressiya olunmuşların şəkli 37-ci ilin tufanlarından necə sağ çıxmışdı?
- Ölümünü gözünün altına alıb dostlarının fotolarını necə var eləcə saxlayan bu adam kim olub?
- Ədalət Tahirzadə həyatından nələr danışdı? Kimlərə minnətdar oldu? Kimləri sayğı ilə xatırladı?
- MTN arxivindən nə dedi? Nədən oranı bizim milli sərvətimiz adlandırdı?
- Cümhuriyyət parlamentinin 100 müsəlman üzvündən 96-nın fotosunu tapan, bir dost rəssama onların kətan üzərində rəngli portretini çəkdirən qonağımız bu portretlərin sərgisini keçirəcəkmi?
- On minlərlə foto arxivi olan araşdırıcı gələcəkdə nə etmək fikrindədir?

Suallar bitməyəcək. Ən yaxşısı, «Can Bakı»nı özünüz dinləyin. Və bu fədakar insanın tarix sevgisini öz dilindən eşidin.
XS
SM
MD
LG