Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:31

Heydər Əliyevin büstünə məktub yazan vətəndaş


Məhkəmə çəkişmələrindən, dövlət qurumlarına ərizələr yazmaqdan taqətdən düşmüş Bakı sakini Yaşar Abdullayev keçmiş prezident Heydər Əliyevin Fəxri Xiyabandakı büstünə şikayət məktubu yazıb. Özünün nömrələməyinə görə, bu, onun müxtəlif qurumlara ərizələrinin davamı kimi 272-ci məktubudur. Məktubun surəti prezidentə, onun xanımına, uyğun dövlət orqanlarına və beynəlxalq təşkilatlara göndərilib.

LENİNİN MAVZOLEYİ VƏ...

«Eşitmişdim ki, Leninin mavzoleyinə yazılmış ərizələr cavabsız qalmır. O baxımdan bunu fikirləşdim. Yəni çoxsaylı get-gəllərdən sonra, heç bir müsbət nəticə almayandan sonra, bu dərəbəyliyin, maxinasiyanın, korrupsiyanın yaratdıqlarından belə nəticəyə gəldim ki, bəlkə, ora yazsam, mənim ərizəmə müsbət cavab verələr. Çox təəssüf ki, ordan da müsbət cavab ala bilmədim».

51 yaşlı Yaşar Abdullayev 1983-cü ildən Bakı Şin Zavodunda fəhlə işləyir. 1988-ci ildən Şin zavodunda ev növbəsinə dayanıb. 1998-ci ildən onu ödənişsiz məzuniyyətə göndəriblər. 26 ildir ki, 5 ailə üzvü ilə Şin Zavodunun yataqxanasında yaşayır. Deyir ki, sosial problemləri boğazacandır:

«Evdir, əməkhaqqımdır, əmlak payımdır, zavoda qoyduğum səhmlərimdir, dividentimdir... Dövlətin əmanət bankında 1992-ci ilə qədər mən milyarder idim. Bax, bugünkü günlə müqayisə edəndə mən milyarder idim. Əmanət Bankında 17 min pulum var idi».

BÜSTƏ 8 SƏHİFƏLİK MƏKTUB


Yaşar Abdullayev mənzil problemi ilə əlaqədar illərdir məhkəmələrdə olduğunu deyir. Heydər Əliyevin büstünə yazdığı 8 səhifəlik məktubunda da ədalətsiz məhkəmə qərarlarından, qərarların icra olunmamasından yazır. Bugünkü problemləri Heydər Əliyevin hakimiyyəti dövründən bəri davam etsə də, ona indi müraciət etməyinin səbəbi var:

«Heydər Əliyevin gəldiyi dövrdə Azərbaycanın iqtisadiyyatında çox böyük böhranlar var idi. «Keçid dövrü», «müharibə şəraiti», «1 milyon qaçqınımız var», «43 milyon tərki-vətənimiz var», «Azərbaycanın yaşı budur, hələ 6 ildir milli müstəqilliyimizi elan etmişik», «Azərbaycan dövlətinin bir uşaq kimi əlindən tutmalıyıq, məktəbə aparmalıyıq, ona yazmağı, oxumağı öyrətməliyik», bax belə-belə çağırışlar məni şikayət etməkdən sanki uzaqlaşdırırdı. Ki, hələ mən gözləməliyəm».

«ULU ÖNDƏRİN RUHU MÜQƏDDƏSDİR»


Milli Məclisin insan hüquqları komitəsinin üzvü, deputat Astan Şahverdiyev deyir ki, lazımi idarələr qala-qala, vətəndaşın Heydər Əliyevin büstünə müraciətini müsbət qarşılamır:

«Azərbaycanda 9 milyon əhali var. 9 milyondan 1 nəfərdir o. Bəlkə, o, psixi xəstədir, ya nədir. Bilmirəm. Zavodun müdiriyyətinə, rayon icra hakimiyyətinə müraciət eləsin, Bakı Sovetinə müraciət eləsin. Hər halda, hər bir adamın çətinliyi olur. Amma ulu öndərin ruhu müqəddəs ruhdur deyə ona məktub yazmağı mən bəyənmirəm».

Yaşar Abdullayevin yazdığı məktub
Hüquqşünas İradə Cavadova deyir ki, Yaşar Abdullayev kimi dövlət qurumlarının diqqətini vətəndaşın probleminə yönəltmək məqsədilə fərqli yollar seçən şikayətçilər çoxdur. O hesab edir ki, bu, gücü heç nəyə çatmayan vətəndaşın etiraz aksiyasıdır:

«Bir çox insanlar ədalətsiz məhkəmə qərarlarından, süründürməçilikdən, icra hakimiyyətlərindən şikayət edərək, nəticə verməyəndə gəlib mənə deyirlər ki, Azərbaycan vətəndaşlığından çıxmaq istəyirik. Bəzən insan düşünür ki, gedib hər hansı ölkənin vətəndaşı olmaq yolverilməzdir. Hətta bizə düşmən mövqeyində olan ölkənin vətəndaşı olmaq istəyənlər də var. Mən buna pis baxıram. Amma sonra fikirləşirəm, doğrudan da, bu insanın başqa əlacı yoxdur. Bu, artıq SOS deməkdir. Dövlət qurumları ciddi yanaşmalıdır».

Özünü korrupsiyanın qurbanı hesab edən Şikayətçi Yaşar Abdullayev ölkədə başlanan anti-korrupsiya kampaniyasını alqışladığını deyir. Amma o bildirir ki, bu kampaniyanı vətəndaş olaraq illərdir aparsa da, vəziyyəti dəyişməyib.
XS
SM
MD
LG