Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:52

Elison MakKenzi: Hökumət sözdən işə keçməlidir


Elison MakKenzi
Elison MakKenzi
Beynəlxalq Mətbuat İnstitutunun direktoru Elison MakKenzi (Allison McKenzie) «İşdən sonra» verilişinin suallarını cavablandırır.

- Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycanda mətbuatın problemləri barədə nə qədər xəbəri var və bu problemlərin həllində institut necə iştirak edə bilər?


- Bizim təşkilat Vyanada yerləşir və artıq on ildir ki, Azərbaycanda da bizim bir şöbəmiz fəaliyyət göstərir. Burdakı problemlər barədə kifayət qədər məlumatlıyıq. Biz burda olduğumuz ərəfədə bir çox hökumət, media nümayəndələri, o cümlədən Azərbaycandakı təşkilatın nümayəndələri ilə görüşmüşük və Azərbaycanda mətbuat azadlığı ilə bağlı söhbətlər aparmışıq.

- Sizcə əsas problemlər nədir?


- Əsas problemlərin bir çoxu işin həyata keçirilməsi ilə bağlıdır. Əsas problemlər sırasında aşağı maaşları, reklam və bu kimi bilavasitə mətbuat azadlığı ilə əlaqəli olmayan problemləri qeyd edə bilərik. Sırf mətbuat azadlığının problemlərindən danışarkən, əsas problemlər arasında özünü senzura, hökumət və media arasında münasibətlər, xüsusən də Eynulla Fətullayevin problemini qeyd etməliyik.

- Hökumətin cavabı nə olur bu görüşlərdə? Misal üçün, Eynulla Fətullayevlə bağlı hökumətin verdiyi cavab bundan ibarət olur ki, Fətullayev cinayətkardır, həbsdə oturmalıdır. Sizə cavabları nə olur hökumət nümayəndələrinin?

- Hökumət bizimlə bu barədə danışanda kifayət qədər ehtiyatlı olur. Biz Fətullayevin məsələsini hər yerdə soruşuruq və çatdırmaq istəyirik ki, onun işi ən yüksək məhkəmə instansiyasında - Avropa Məhkəməsindədir və kifayət qədər beynəlxalq aləmdə tanınıb. Eyni zamanda, biz FƏTULLAYEVİN NARKOTİK İŞİ İLƏ DƏ MARAQLANMIŞIQ. Hökumət nümayəndələri bundan Fətullayevin cinayətkar olduğunu sübut etmək üçün istifadə edirlər. Amma bizim fikrimizcə, bu, qeyri realdır. Əsas mümkün variantlardan biri odur ki, bu narkotiklər başqa insanlar tərəfindən onun paltarına atılıb. Biz hazırda bu məsələ ilə bağlı bir sıra təşkilatlarla, bir sıra şəxslərlə səylərimizi birləşdirmişik. O cümlədən «Amnesty International»ın işini qiymətləndirməliyik və hökumətə çatdırmalıyıq ki, bu məsələ ilə bağlı bir sıra təşkilatların və şəxslərin narahatlığı var. Biz inanırıq ki jurnalistlər yazdıqlarına görə həbsə düşməməlidirlər.

- Hökumət bir neçə ildir ki, beynəlxalq təşkilatlardan bu tənqidləri eşidir. Amma ki, yenə də jurnalistləri həbs etməkdə davam edirlər. Bu yaxınlarda bir gənc - Cabbar Savalan «Facebook»da fikirlərini ifadə etdikdən sonra narkotik ittihamı ilə həbs olunub. Sizcə hökumət bu həbs siyasətini davam etdirməkdə özünü niyə belə rahat hiss edir?

- Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri bizimlə söhbətində demişdi ki, Azərbaycan artıq elə bir vəziyyətdədir ki, jurnalistləri həbs edə bilməz. Lakin biz belə düşünürük ki, FƏALİYYƏT SÖZLƏRDƏN DAHA CİDDİDİR. BUNU FƏALİYYƏTLƏ SÜBUT ETMƏK LAZIMDIR. Biz həm də anlayırıq ki, jurnalistlərin həbs olunması və jurnalistlərlə bağlı problemlər özünü senzuraya gətirib çıxarır. Təbii ki, onlar bizim bura gəlməyimiz üçün viza veriblər. Eyni zamanda, biz burda onlar üçün bəlkə də yaxşı olmayan söhbət edirik. Bu sahədə bəzi kiçik irəliləyişlər olsa da, biz ümumi vəziyyətdən narahatıq. Xüsusən jurnalistlərin həbs olunması, jurnalistlərin döyülməsi və ilk növbədə təbii ki, bir jurnalistin həbsdən buraxılmaması bizi narahat edir.

- Prezident seçkilərindən öncə Azərbaycana gəlmək istəyən bir neçə jurnalist vizalarını vaxtında ala bilmədikləri üçün seçkiləri işıqlandıra bilməmişdilər. Azərbaycanda düşünürlər ki, heç bir kanal müstəqil deyil və elektron media hökumətin nəzarəti altındadır. Situasiyanın belə olması ölkəyə necə təsir edir?

- Bizim əsas narahatlıqlarımızdan biri odur ki, ölkəyə xarici jurnalistlərin buraxılması və onların məsələn BBC, CNN telekanalının burdakı fəaliyyəti üçün problemlər yaradılır. Demək istəyirəm ki, İNSANLAR KİFAYƏT QƏDƏR LİMİTLİ XƏBƏRLƏR ALIRLAR. Yəni qəzetlərin yalnız bəlli auditoriyası var və insanların informasiya çıxışı çox məhduddur və insanlar yalnız bir mövqedən xəbər tuta bilirlər. Bu, bizim üçün böyük narahatlıqdır. Bizi narahat edən digər məsələ isə televiziyaların, elektron medianın lisenziyalaşdırılmasıdır, hansı ki, əslində ümumiyyətlə, mövcud deyil. Bu səbəbdən müstəqil elektron media yarana bilmir. Burda söhbət etdiyimiz jurnalistlərin bir çoxu deyir ki, Azərbaycanda müstəqil elektron media mövcud deyil.

- Bəzi adamlar hesab edirlər ki, hökumət bütün bu təzyiqləri jurnalistlərə ona görə edir ki, o, bir nəfəri susdurandan sonra sükutun çökəcəyinə əmindir. Mümkünüdürmü ki, bir peyk telekanalı yaransın, o xaricdən yayımlansın. Bu, hökumətin təzyiqini mənasız edərmi?

- Bu barədə iki fikir mövcuddur. Bir tərəfdən, xaricdən yayımlanan kabel televiziyaları mövcuddursa, o zaman yerli jurnalistlərin yerli xəbərləri işıqlandırmaq imkanı məhdudlaşır. Digər tərəfdən isə, internet var və internetdə kifayət qədər fəaliyyət göstərmək mümkündür. İnternet vasitəsilə informasiya məhdudlaşdırılmamış şəkildə yayılır.

- Artıq müsahibənin sonuna gəldik. Son fikirlərinizi bilmək istəyərdik?

- Biz bura mətbuat azadlığı il bağlı missiya ilə gəlməmişik. Bizim burda əsas məqsədimiz fərqli tərəflərlə dialoq həyata keçirməkdir. Müstəqil, müxalif və hakimiyyətyönlü media ilə danışıqlar aparmaqdır. Biz hökumətin bəzi cüzi irəliləyişləri ilə bağlı razılığımızı bildiririk. Digər tərəfdən, anlayırıq ki, hələ gediləsi uzun bir yol var. Əsas problemlər hələ qalır. Bura özünü senzura, jurnalistlərin döyülməsi və həbs olunması aiddir. Bu problemlər sadəcə qəbuledilməzdir, yolverilməzdir...

XS
SM
MD
LG