Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:21

Ermənistanda qiymət artımı


«İnflyasiya göz qabağındadır, bütün istehlakçılar bunu hiss edir. İnflyasiyanın daimi artma tendensiyası var, bəzənsə sıçrayışla müşahidə olunur. Hazırda bu sıçrayış yenidən yaşanır. Məhsullar xeyli bahalanıb. Biz daim istehlakçılardan şikayətlər alırıq. Un, bitki yağı, şəkər tozu – mühüm zəruri məhsullar bahalanıb».

«İstehlakçılar assosiyasiasının» rəhbəri Armen Poqosyanın inflyasiya ilə bağlı narahatlığını çoxları bölüşür.

Yerevan bazarlarında 50 kq-lıq un kisəsinin qiyməti son ayda 2 dəfə artıb, 13 min dram olub - təxminən 35 dollar. Ötən istirahət günləri 50 kq-lıq kisə min dram bahalanıb, yəni 3 dollara yaxın. İqtisadçılar hesab edirlər ki, Ermənistanda unun bahalaşması bilavasitə dünya bazarlarında taxılın qiymətinin artmasından qaynaqlanır. Bununla belə ekspert Samvel Avakyan subyektiv amillərin də mövcud olduğunu qeyd edir:

Armen Poqasyan
«Dövlət gəlirləri Komitəsinin qərarına əsasən taxıl üçün gömrük rüsumu artırılıb. Əgər əvvəllər taxılın hər tonuna 250 dollar rüsum qoyulurdusa, artıq fevralın 1-dən rüsum 350 dollara artırılıb. Bu dəyişikliklər idxalçılar üçün ölkəyə gətirilən taxılın maya dəyərini 20 dollar artırıb. Nəticədə bu daxili bazarda unun qiymətinə təsir edib. Çünki bütün taxıl idxalçıları həm də un istehsalçılarıdırlar».

ÇÖRƏYİN ÇƏKİSİ AZALDILIR

Samvel Avakyanın sözlərinə görə, əgər fevralın 1-nə kimi Dövlət gəlirləri üzrə Komitə idxal olunan buğdanın 1 tonunu 250 dollardan hesablayırdısa və bu məbləğdən gömrük rüsumu tuturdusa, fevralın 1-dən 1 ton buğda 350 dollardan hesablanır. Qiymət artımı özünü çox zaman çörəyin qiymətində deyil, onun keyfiyyətində göstərir. «İstehlakçılar assosiasiyası» ictimai birliyinin sədri qeyd edir ki, çörəyin qiyməti və keyfiyyəti uzun müddət onların tədqiqat predmeti olub.

«Çəkini azaltmaqla dolayı yolla qiymət artımına imkan vermirlər. Araşdırmamıza görə, bəzən çörəyin çəkisi normadan 30 faiz əskik olub. Bu o deməkdir ki, biz hava almaq üçün pul veririk. Biz pul verib çörək alırıq, elə bilirik bu çörəkdir, ancaq əvəzində köpdürülmüş çörək verirlər».

ERMƏNİSTAN MƏRKƏZİ BANKI NƏ EDİR?

Ermənistanın Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq üçün ötən həftə pul-kredit şərtlərini sərtləşdirib. Mərkəzi Bank Şurası yenidən maliyyələşmə üçün faiz dərəcələrini 0.5 faiz artıraraq 7.75 faizə çatdırıb.

Kreditlərin bahalaşması adətən daha az kreditin götürülməsi və iqtisadiyyatda aktivliyin azalması ilə müşayiət olunur. Bu isə qiymət artımı tempinin zəifləməsi ilə nəticələnir. Mərkəzi Bankın keçmiş sədri Baqrat Asatryan və «Daşnaksütün» partiyasından olan deputat Ara Nranyan inflyasiyanın cilovlanmasını «səmərəsiz» addım hesab edir.

«Ermənistan hökuməti pulun dəyərini artırır. Hökumət hər şey edir ki, əhalinin gəliri az olsun, düşünür ki, gəlirləri az olarsa qiymətlər də aşağı düşməlidir. Ancaq sual doğur: məsələn, buğdanın qiymətinin artması xarici bazarlardakı siyasətlə əlaqədardırsa, o zaman 3 milyonluq ölkə istehlak qabiliyyətini aşağı salmaqla dünya qiymətlərini necə aşağı sala bilər? Bu, sadəcə cəfəngiyatdır.

«DAŞNAKSÜTÜN» TƏKLİF EDİR Kİ...

«Daşnaksütün» partiyasının deputatı Ara Nranyan deyir ki, «əgər inflyasiya dünya qiymətlərinin artmasından asılıdırsa iqtisadiyyatın quruluşunu dəyişən addımlar atılmalıdır». Deputat kəskin qiymət artımını vergilərin ağırlaşması və inflyasiya ilə mübarizədə dövlət siyasətinin olmaması ilə əlaqələndirir.

«Əgər biz idxaldan, xüsusilə strateji əhəmiyyətli məhsulları: taxıl, şəkər tozu, bitki yağı və s. idxalından asılı olduğumuzu deyiriksə, sual yaranır ki, bəs dövlət ehtiyatları haradadır? Bizim qanunumuz var ki, hökumət strateji əhəmiyyətli məhsulların ehtiyatını təmin etməlidir və hətta qiymətlərin kəskin şəkildə yüksəldiyi halda biz iqtisadiyyatın sarsıntı keçirməməsi üçün qiymətlərin rəvan artımını təmin edə bilərik. Hökumət nə ərzaq, nə də digər müdaxilələrdən istifadə etmir. Ərzaq təhlükəsizliyi üçün heç bir addım atmır. Biz taxıla olan tələbatımızın 35 faizini istehsal edir, təxminən 65 faizini idxal edirik».

«İstehlakçılar assosiasiyası»nın sədri Armen Poqosyanın fikrincə, inflyasiya ilə ən səmərəli mübarizə üsulu ölkədə qida məhsullarının istehsalıdır. O qeyd edir ki, son zamanlar Ermənistanın hətta quşçuluq müəssisələrində istehsal azalıb.

«Bazarda bolqar və İran yumurtalarının peyda olma səbəbləri məlum deyil. Bu, mənasızdır. Hələlik səbəbin nə olduğunu bilmirəm, ancaq, mal-qaranın sayında və istehsalın həcmində azalma müşahidə olunur və əvəzində idxala xüsusi diqqət yetirilir. Vaxt vardı biz özümüz həmin məhsulları ixrac edirdik».
XS
SM
MD
LG