Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:25

Naxçıvan sakini nazirin ona işgəncə verdiyini deyir



«BAŞLADI BARMAQLARIMI KƏLBƏTİNLƏ SIXMAĞA»


«Məni nazirin yanına qaldırdılar. İçəri girən kimi soruşdu ki, kimin oğlusan? Sonra məni söyməyə, təhqir etməyə başladı. Mənə dedi ki, hansı əlinlə mətbuata müraciət yazmısan, həmin əlini mənə uzat. Mən də uzatdım. Başladı barmaqlarımı kəlbətinlə sıxmağa. Sədəflərim qapqara qaraldı. Dedi ki, dərini soyaram».

Naxçıvanda müxtəlif bəhanələrlə dəfələrlə yol polisi tərəfindən cərimələnən, daha sonra Daxili İşlər nazirinin qəzəbinə tuş gəldiyini iddia edən Nadir Məmmədov iki gündür MR-dan Bakıya gəlib. Dediyinə görə, fevralın 15-də axşam saatlarında zorla nazir Əhməd Əhmədovun yanına aparılaraq nazirin otağındaca işgəncəyə məruz qalıb. O, bunu polis özbaşınalığı ilə bağlı mətbuata etdiyi müraciətlə bağlayır:

«Əhməd Əhmədov mənə dedi ki, «Naxçıvandan çıx get. Naxçıvan sənə yaraşmır. Niyə mətbuata vermisən? Niyə Azərbaycan, Bakı bunu bilməlidir? Get, müraciət etdiyin müxbirlərə şillə vur, müraciəti də geri götür». Nazir Naxçıvanın sirrinin kənara çıxmasına görə narahat olmuşdu»

Nadir Məmmədov deyir ki, mətbuata müraciət etməzdən əvvəl yol polisinin hərəkətlərindən Naxçıvan DİN-ə şikayət etsə də bir nəticəsi olmayıb.

YOL POLİSİ İLƏ PROBLEM

Nadir Məmmədov ötən il noyabrın 7-də Azərbaycanda keçirilən parlament seçkilərində 4 saylı Naxçıvan şəhər dairəsindən “Qarabağ” blokunun namizədi Faiq Əliyevin müşahidəçisi olub. Naxçıvan sakini özünə qarşı təzyiqləri də müşahidəçi olduğu məntəqədə saxtakarlığa qarşı radikal mövqe tutması ilə əlaqələndirir:

«Ondan sonra hiss edirdim ki, hakimiyyət mənə xətər toxunduracaq. «QAİ»-lər məni tez-tez saxlayıb, sənədlərimi alıb aparırdılar. Sonuncu dəfə bəhanə tapa bilməyib, dedilər ki, maşının niyə çirklidir».

«Qarabağ» blokunun namizədi Faiq Əliyev də hesab edir ki, Nadir Məmmədova qarşı təzyiqlər seçkilərlə bağlıdır. Bu təzyiqlərin seçkidən dərhal sonra başladığını deyir:

«YƏQİN HANSISA GÜNAHI OLUB»

«Məntəqədə bir az aktiv iştirak etmişdi. Saxtakarlığa imkan verməmişdi. Məntəqədən dəfələrlə çıxarmaq istəmişdilər, biz də müdaxilə etmişdik. O zamandan hədələnmişdi Nadir».

Faiq Əliyevlə eyni dairədən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürmüş və deputat seçilmiş Eldar İbrahimov isə Nadir Məmmədovun müşahidəçi olduğuna görə deyil, «yəqin hansısa başqa günahı var deyə təzyiqlə qarşılaşdığını» deyib.

NAZİRİN AZADLIQRADİOSUNA QISA CAVABI

Naxçıvan DİN-nin ən yüksək vəzifəli şəxsi barədə hallanan ittihamlara cavab öyrənmək üçün MR ilə əlaqə saxladıq. Nazir Əhməd Əhmədov telefonumuzu açsa da, məsələdən xəbər tutan kimi cavabı qısa oldu:

- Əhməd müəllim sizi, AzadlıqRadiosundan narahat edirlər”
- Səhv edirlər.

Muxtar Respublika DİN-nin İsmayıl adlı rəsmisi də sualımızı cavabsız qoydu:

«SÖHBƏTİ BAĞLAYIN, XANIM!»

«Onu sizə kim məlumat verib, mən indi- bu dəqiqə onu tapıram. Məni narahat etməyin, işdəyəm. Söhbəti bağlayın, xanım!».

Naxçıvandan xəbər ala bilməyincə Azərbaycanın DİN-nə müraciət etməli olduq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə naxçıvanlı həmkarlarından fərqli olaraq sualımıza şərh verdi və Əhməd Əhmədovun ünvanına səslənən ittihamları «cəfəngiyat» adlandırdı:

DEYİLƏNLƏR «AÇIQ QƏRƏZDİR»

«Son günlər Naxçıvan MR-nın DİN-nə nə bu adda adam dəvət olunub, nə belə bir adam cənab nazirin qəbulunda olub. Ona görə belə xarakterli məlumatları yaymaq açıq qərəzdir və DİN orqanlarının əhali arasındakı yüksək imicinə, nüfuzuna xələl yetirməyə hesablanmış məlum bir kampaniyadır».

Norveç İnsan Haqları Evinin Azərbaycandakı rəhbəri Vüqar Qocayev hesab edir ki, Naxçıvanda mövcud olan qorxu, cəzasızlıq mühiti işgəncə hallarının ictimaiyyətə açıqlanmasının qarşısını alır.

BAKI NAXÇIVANDA BAŞ VERƏNLƏRƏ MÜDAXİLƏ ETMİR

«Təəssüflər olsun ki, Bakıdakı hüquq- mühafizə orqanları da daha çox siyasi səbəblərə görə araşdırmasını heç bir zaman ortaya qoymayıb. Neçə illərin təcrübəsi göstərir ki, konkret işgəncə faktları deyil, digər ciddi hüquq pozuntuları ilə bağlı hallara paytaxtdakı orqanlar siyasi səbəblərdən müdaxilə edə bilmir».

Nadir Məmmədov Naxçıvan Daxili İşlər naziri Əhməd Əhmədovla görüşdən dərhal sonra elə gecə ilə Naxçıvanı tərk edib Bakıya gəlib. O, artıq İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə, Ombudsman aparatına müraciət edib. Ombudsman aparatı ilə danışmağa müvəffəq olmasaq da, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib ki, artıq Naxçıvan sakininin şikayəti ilə bağlı Azərbaycanın Daxili İşlər naziri Ramil Usubova müraciət edib.

Nadir Məmmədov isə artıq evinə, ailəsinin yanına qayıtmağa qorxur və təhlükəsizliyi təmin edilməyincə Naxçıvana qayıtmayacağını deyir. Naxçıvandan isə xəbər gəlib ki, artıq MR DİN-i Nadiri axtarır ki, mətbuata nazirin ona işgəncə verməsi ilə bağlı dediklərinə aydınlıq gətirsin.

Günün sonunda eşitdik ki, Nadir Məmmədovun qardaşı Kərəm Məmmədov da saxlanılıb. Bu haqda AzadlıqRadiosuna Nadir Məmmədovun özü məlumat verib.
XS
SM
MD
LG