Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:34

«Ziyalılıq könül keyfiyyətidir»


Cavanşir Quliyev
Cavanşir Quliyev
AzadlıqRadiosunun «İşdən sonra» verilişinin qonağı bəstəkar Cavanşir Quliyevdir.

- Mahnı ilə kimi isə işgəncədən çəkindirmək olarmı? Tutalım elə polisi.

- İşgəncə çox ciddi şeydir. Onu mahnı ilə, heç opera ilə saxlamaq olmaz.

Çünki işgəncə cəmiyyətdəki vəziyyətin ucudur, nəticəsidir.

Bir insan başqa insana işgəncə verirsə, demək o, kifayət qədər cəzasız qalacağına arxayındır ki, bu işi görür.

Özü də bu işi dövlət idarəsində edəndə, dövlətin ona verdiyi paltarı geyərək həyata keçirəndə, bu, daha dəhşətli bir şeydir.

Təbii ki, zarafata salıb mahnı da yazmaq olar, hər şey etmək olar.

Ciddi danışsaq, bu işin öhdəsindən mahnı filan gəlməz. Bu iş kökdən təmizlənməlidir.

- Bu yerdə incəsənət adamlarını gözaltına almayaq, onlardan umacağımız olmasın yoxsa?...

- Ziyalı və ölkə, ziyalı və dövlət, ziyalı və hakimiyyət, ziyalı və cəmiyyət prizmasından baxırıqsa, təbii ki, ölkədə baş verən bir çox şeylərin məsuliyyətini ziyalılar çəkir.

Amma baxmaq lazımdır Azərbaycanda nə qədər ziyalı var.

Bunu bilmək üçün biz ziyalı anlayışını bir daha yadımıza salmalıyıq.

Ziyalı anlayışı nə deməkdir? Ziyalı kimə deyilir? Hər musiqi yazan ziyalıdırmı? Hər şeir yazan ziyalıdırmı?

Hər bir bədii sənətlə məşğul olan və yaxud hər bir alim ziyalıdırmı? Məncə, yox. Mən hesab edirəm ki, ziyalılıq könül keyfiyyətidir.

İnsan taksi də sürə bilər, bazarda göyərti də sata bilər. Amma daxilən ziyalı adam ola bilər.

Yəni işıq gətirən, başqalarına işıq verən, özünü yox, başqasını düşünən və geniş anlamda özünü, ailəsini qohum-əqrəbası ilə bərabər millətini də düşünən adama deyirlər.

Ölkədə belə adamların sayı kifayət qədər olsa, o zaman bir zümrə halında olurlar. Zümrə halında olanda isə, o zaman güc olurlar.

Belə bir güc olsa, hər hansı bir ölkədə polis də işgəncəni az yapar və dövlət strukturları bir iş görəndə, üç dəfə fikirləşib sonra edərlər. Azərbaycanda təəssüf ki, kifayət qədər ziyalı qüvvəsi yoxdur.

- Sovet İttifaqında ziyalı az deyildi. Amma bununla belə, insanları fərqli fikir söylədikləri üçün psixiki xəstəxanalara salırdılar, işgəncə də edirdilər.

- Mən bir az fərqli yanaşıram ziyalı anlayışına.

Sovet İttifaqında da ziyalı az idi. Ona görə belə şeylər baş verdi. Tək-tük hadisələr olanda, onu bütün İttifaq danışırdı.

Soljenitsinin bir kitabı, kitabın əslində o qədər də böyük dəyəri yox idi.

Yəni buxalter kitabı kimi bir şeydir. Amma faktın özü çox böyük səsləndi dünyada.

Çünki adam ziyalılığını göstərdi və vicdanı işlədi. Sıradan bir şey olmadığı üçün hər kəsin diqqətini cəlb etdi.

Hətta onu burdan hökumət xaric etdi. O qədər təhlükəli göründü ona. Bu cür hadisələr az oldu Sovet İttifaqında.

Biz barmaqla saya bilərik. Amma 250 milyonluq böyük bir imperiyada 15-20 belə hadisə olub.

Düzdür, bizim bilmədiklərimiz də var idi. Amma cəmiyyətin diqqətini cəlb edən hadisələr az oldu. Bu da ona dəlalət edir ki, Sovet İttifaqında da az idi əsl ziyalılar.

Alimlər çox idi, yazanlar var idi, musiqiçilər var idi, hər şey var idi, amma ziyalılar az idi.

O yüzdən də o dövlət gəldi elə iyrənc sifətə düşdü ki,
parçalandı.

SEVİMLİ SOVET DÖVLƏTİ ÇALIŞIB Kİ, SƏNƏTKARLAR KASIB OLSUN

- Bu gün ziyalını qorxudan nədir? Ziyalı bu gün nəyi itirir? Axı deyəsən, qara maşınlarla gəlib heç kəsi gecələr aparmırlar.


- Amma vicdanı evdə sandığa qoyanlara ev verirlər.

Ayda min manat rüşvət verirlər yuxarıdan aşağı. Vəzifə verirlər. Fəxri adlar, ordenlər verirlər.

İndi bir az başqa cürdür. Qabaq tuturdular, əzab verirdilər. İndi əzab vermirlər, amma deyirlər ki, siz sussanız sizə imtiyazlar verərik. İnsanlar da görünür, bunu istəyirlər.

- Yəni yenə də seçim məsələsidir.

- İndi seçim var. Yenə də əksəriyyət nədənsə bu hədiyyələri seçir. Bu da onu göstərir ki, ölkənin yaradıcı ziyalıları ümumilikdə kasıbdırlar.

Təbii ki, indi bu hakimiyyəti günahlandırmaq olmaz,

Sovet İttifaqından gələn şeydir. Bir ev və yaxud başqa bir maddi hədiyyə onlar üçün çox dəyərli bir şeyə çevrilib ki, xalqın problemləri ilə artıq məşğul olmurlar.

İqtisadi azadlığın olmaması onların fərdi biznesinin də olmaması ilə nəticələnib.

Bunun üçün uzun müddət sevimli sovet dövləti çalışıb ki, sənətkarlar kasıb olsun.

Davamı da hələlik gəlir. Azərbaycanda bəsit sənətlə məşğul olan ən istedadlı və ən məhsuldar adamlar gizlətməsələr, açıq desələr onların qonorarları nə qədərdir, görəcəksiniz ki, o paraya yaşamaq çox zordur.

Amma başqa imtiyazlar təqdim ediləndə də imtina etmirlər.

- İndiki rejim arasında sovet rejimi arasında eyniliyi yoxsa fərqi hiss edirsiniz?

- Fərq çoxdur. Çünki o biri sistem idi. Sovet sistemi idi və orada hər şey sistemə tabe olunmuşdu.

Hətta kommunizm qurucusunun mənəvi kodeksi deyilən 10 kitabçadan ibarət toplu yayılırdı.

Səhv etmirəmsə, havayı paylanırdı insanlara ki, gələcəyin kommunizm qurucusunun mənəvi keyfiyyətləri necə olmalıdır.

Hər şey sistemə tabe idi onda. İndi isə əslində sistem yoxdur.

Çox böyük fərq var. İndiki quruluş sistemsizlikdir.

- Dinləyici yazır: Niyə ziyalılar azdır?

- Çox ağır sualdır. Mən bilmirəm niyə azdır. Bəzən biz axtarırıq niyə azdır. Öz aramızda deyirik ki, 37-ci ildə qırdılar.

Çoxunu göndərdilər Sibirə, qırdılar. Qalanlar da qorxaqlar qaldı. İndiki də onların oğul-uşağıdır.

Yarı zarafat, yarı gerçək belə bir nəzəriyyə də var. Amma bilmirəm niyə. Amma doğurdan azdır.

- 7 noyabr seçkilərində iştirak etmisinizmi?

- Mən burda olmamışam. Mən burda yaşamıram. Ona görə artıq bu seçki məsələlərində informasiyam bir o qədər çox deyil.

Amma bundan öncəki seçkilərdə özüm namizəd idim. Azərbaycanda seçkilər necə keçir?

Kifayət qədər yaxşı bilirəm. Başıma gəlib.

Bəstəkar özünün yazdığı «Əsgər marşı»nın oğurluq olması ilə bağlı fikirlərə nə dedi?

Cavanşir Quliyev dini görüşünü açıqladımı?

Bəstəkar indiki quruluşu niyə bəyənmir?

Cavanşir Quliyev Azərbaycanın «Sarı gəlin» xalq mahnısının başqa millətlərin adı ilə bağlanması barədə nələri dedi?

Bəstəkar hazır baletini niyə səhnəyə çıxara bilmir?

Cavanşir Quliyev hazırda hansı balet üzərində çalışır?


XS
SM
MD
LG