Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:24

Afaq Bəşirqızı: “Siyasət - ən acığım gələn sözdür”


Afaq Bəşirqızı
Afaq Bəşirqızı
Xalq artisti Afaq Bəşirqızı “İşdən sonra” verilişinin qonağı olub. Onunla müsahibəni təqdim edirik:

- Adətən gələcək planlar barədə danışmırsız. Bunu sınamısınız?

- Hə sınamışam. Doğrudan da düşmür.

- Bu kiminsə fitnəsi ilə baş verir, yoxsa təbii hadisələrlə bağlıdır?

ƏN BÖYÜK FİTNƏKAR ZAMANDIR

- Ən böyük fitnəkar zamandır. Ona görə də mən öz sirrlərimi ondan gizlədirəm.

- Düşmür nə deməkdir? Bir az açıqlayın zəhmət olmasa.

- Nənəm demişkən axar bulağın suyu quruyur.

- Kimsə qurudur, yoxsa özü özündən?

- Yox. Mənim bulağımı hələm-hələm qurutmaq mümkün deyil. Zaman qurudur.

- Yaman belə iddialı danışdınız.

- Hə. Yaman nə yaman...O da indi dəbdədir. Mən də çox sifətlər görürəm ki, çox özlərindən müştəbeh, razı, öz boşqablarına sığmayan...Çox təəssüflər olsun ki, cəmiyyətimizdə belə insanlar çoxluq təşkil edirlər. İraq olsun, əlbəttə, mən də bir balaca ifadəmdə oxşadım.

- Boşqablarına sığmayan deyirsiniz. Sizcə problem nədədir? Boşqablar balacadır, yoxsa iddialar çox böyükdür?


- Onlar heç boşqaba qoyulmamalı idilər. Çünki boşqab onların yeri deyil.

- Niyə belə oldu? Niyə cəmiyyətimiz çoxluq olaraq belə olsun ki?

- Biz o suala cavab versək ki, insan zamanı idarə edir, yoxsa zaman insanı, onda bu sualların hamısına cavab tapacağıq. Hələ ki biz ona cavab tapa bilməmişik.

- Biz yavaş-yavaş Hegel fəsəfəsinə gedirik ki, fikir şəraiti tikir, yoxsa şərait fikri. Amma yəqin ki, fikir şəraiti tikir. Mən ona inanmağın tərəfdarıyam.

- Görürsünüzmü nə qədər də olsa “yəqin ki” sözünü işlədirsiniz. Yəni, hardasa daxilən zərrə qədər də olsa şübhəniz var. Ona görə də bu sualın cavabı hələ tapılmayıb.

- Şəraiti tikmək imkanı sizdə olsaydı, nəyi dəyişərdiniz?

HƏR KƏSƏ ÖZ YERİNİ TANIDARDIM

- İnsan öz yerini çox çətin tanıyır. Əgər bu imkan məndə olsa, mütləq hər kəsə öz yerini tanıdardım.

- Siz satira aktrisasısınız. Satira isə təkcə incəsənət deyil, həm də bir az siyasətdir. Həm də cəmiyyətin problemləridir. Sizin hədəfə aldığınız problemlər hansılardır?

ÖZÜMÜ GÖRMÜRƏM SİYASƏTDƏ

- Hamı kimi məni də problemlər çox düşündürür və hamının problemi var. Biri var özünə görə olan problem, bir də var cəmiyyətə aid olan problem. Cəmiyyətə aid olan problemi mən öz bacarığımdan istifadə edib, qabardıram. Yəni, öz bacarığım, öz kasam həcmində onu qabarda bilirəm. Siz deyirsiniz ki, satira həm də siyasət deməkdir. Bəlkə də ən acığım gələn sözdür siyasət. Çünki görmürəm özümü onda. Mənim siyasətim rollarım və demək istədiyim sözün ifadə tərzidir.

- Dinləyici yazır: Mən sizə teatr və cəmiyyət mövzusunda maraqlı bir səhnə danışmaq istəyirəm. Azərbaycanda bir nazir oğlu Qəbələdə bir ayını yemişdi. İndi də iki qəzeti bunları yazdıqlarına görə məhkəməyə verib, hərəsindən 250 min manat istəyir. Qəzet də yazır ki, ayını sən yemisən, pulunu niyə biz ödəyək?


YERSİZ SUALDIR


- Elə qəribə bir labirint hadisə danışdınız ki, əgər mən bunu danışsaydım, yəqin ki, mənim tamaşaçımın sayı sıfıra enərdi. Çünki hər bir şeyin bir hüdudu var. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində ikinci səhnədə deyilir ki, sizin xəbəriniz varmı Hacı filankəs dirilib? Bütün əyalətə xəbər yayılır ki, doğrudan da Hacı filankəs dirilib. Axı indi 21-ci əsrdir. Və bizdə inkişaf dövrü gedir. Ölünün dirilməyinə siz bu qədərmi inanırsınız? Ayı yeməyə gəldikdə isə, çoban oğlu da ayı əti yeyə bilər, əgər o yeməlidirsə. Bir də ki siz azərbaycanlısınız və heç vaxt ziyalınızın və yaxud da tərəqqiyə bilavasitə səbəb olan amillərin qabağını kəsən insanlardan, yəni, o boşboğazlıqdan və bir parça ət olan dilin həddindən ziyadə sağa-sola fırlanmasından bir az uzaq gəzin. Bir də siz sənətkara sual verirsiniz. Mən nə iqtisad şöbəsinin rəisiyəm, nə də ki, ümumiyyətlə elə işlərdə işləmişəm, ümumiyyətlə marağım yoxdur. Verilən sual yersiz olduğu üçün mən sizdən üzr istəyirəm.

- Dinləyici yazır: Afaq xanım, siz ölkədə bir dənə də olsun müxalifət partiyası tanıyırsınızmı? Ümumiyyətlə, bir müxalifətçi dostunuz varmı? Yaxud İlham Əliyevin Dubayda öz oğluna aldığı villadan xəbəriniz varmı? Varsa, buna necə münasibət bildirərsiniz?

- Mən siyasətə qoşulan adam deyiləm. Lakin müəyyən siyasi partiyalarda sinif yoldaşlarım olublar vaxtilə. İkincisi də mən dövlətimin və dövlətçiliyimin mənafeyini qoruyan adamam. Ona görə də çox xahiş edirəm sizdən, bu bayağı sualları mənə verməyəsiniz. Həqiqətənmi televizorlarda gedən lazımsız şou-proqramlar zövqünüzü bu qədər korlayıb...

- Amma belə də deyirlər ki, bu şou-proqramları ona görə göstərirlər ki, camaat ciddi məsələlərə qarışmasın.

BU SUALLAR ANCAQ ŞOU XARAKTERİ DAŞIYIR

- Bir nəfərə deyirlər ki, niyə atanı öldürdün? Deyir: goruna and içmək üçün. İndi şablon suallar, bayağı cavablar, lazımsız, başım çıxmayan, adi bir fəziyyəm olmayan məsələlərə qarışmaq mənim xasiyyətimə yad bir şeydir. Ona görə də mənə belə gəlir ki, bu suallar ancaq şou xarakteri daşıyır.

- Dinləyici yazır: “Ölülər”in bugünki versiyasını hazırlayıb, səhnələşdirə bilərsinizmi?

- “Ölülər”i mən səhnələşdirə bilmərəm. Ən azı ona görə ki, onun ikinci hissəsindəki kütləvi səhnədə oynayan aktyorları yığa bilmərəm. Çünki əsas onurğa onlar idilər. Dinləyici bugünki ölülər deyəndə kimi nəzərdə tutur mən bilmirəm. Amma mən şəxsən heç vaxt ətrafımdakıları ölü adlandırmazdım.

- Dinləyici yazır: Niyə deputat olmursunuz?

- Mən görmürəm özümü Milli Məclisdə.

- Dinləyici yazır: Deyirsiniz ki, ölü yoxdur Azərbaycanda. Necə olur ki, telekanallar Şeyx Nəsrullahlarla doludur. Ekstrasens, baxıcı, görücü...Bunları görmürsünüz? Şəmkirdə kəndin seyidi müalicə adı ilə qızları zorlayırmış. Bütün bunlar Şeyx Nəsrullahı xatırlatmır sizə?


O İNSANIN TALEYİ VERİLSİN KƏNDDƏKİLƏRİN ƏLİNƏ

- Əgər hər hansı bir kənddə bir dinə qulluq edən adam belə bir alçaqlığa yol veribsə...İnsan ümidlə yaşayır. Müharibə şəraitində, torpaqlarımızın işğalda olduğu bir vaxtda bizdə pessimizm olur. Biz dinə ibadətimizlə, Allaha olan yalvarışımızla təskinlik tapırıq. Mən o kəndin camaatını qınamıram ki, onlar inanıblar buna. Görürsünüzmü artıq üçüncü qızda bu bəlli oldu ki, sən demə belə bir alçaq hərəkətə yol verirmiş. İnanın ki, mən özüm də çox qəzəbləndim və çox istədim ki, məhz o insanın taleyi verilsin kənddəkilərin əlinə. Mənim həqiqətən belə alçaq, vicdansız insanlara və cəmiyyətdə bu dəqiqə çoxluq təşkil edən, qadınlığı, kişiliyi məlum olmayan kişilərə qarşı çox böyük nifrətim var. Hətta sizə deyim ki, bu, nifrətdən daha çox qisasa oxşayır.

- Dinləyici yazır: 1993-cü ildə “525-ci qəzet”ə qarşı hücumlar olanda siz onu müdafiəyə qalxdınız. Həmin hücum da bu hakimiyyət tərəfindən idi. Amma bu gün mətbuata qarşı hücumlara səsinizi çıxarmırsınız. Bu illər ərzində nə dəyişib?

QARABAĞA GÖRƏ BİGANƏ QALA BİLMƏZDİM

- Həmin vaxt “525-ci qəzet” Qarabağla bağlı ən qaynar nöqtələrdən silsilə yazılar çap edirdi. Həddindən ziyadə fəal qəzet idi. Mən də Qarabağa görə biganə qala bilməzdim. Yəni, mənim bu qəzetə həmişə xüsusi hörmətim olub. İndi siz hansı mətbuatdan danışırsız? Mən qaynayıb-qarışdığım, əhatəsində olduğum işlərə öz səsimi qaldıra bilərəm. Tanış olmadığım və yaxud mənim üçün maraqlı olmayan işdə susmağı daha vacib bilirəm.

- Yəni, o vaxtdan daha qəzet oxumursunuz?

- (Gülür) Yox. Qəzet oxumağa son qoymamışam. Mənim stolüstü 7 qəzetim var. Adlarını da sizə deməyəcəm. Mən bütün o qəzetlərin hamısını oxuyuram.

- Dinləyici soruşur: Afaq xanım bayaqdan siyasətlə maraqlanmadığını iddia edir. Ancaq uzun illər Milli İstiqlal Partiyasının rəhbər orqanlarında təmsil olunub. Bu adam siyasətlə məşğul olmursa, niyə partiyada təmsil olunurdu?

- Səhv məlumatdır. Mən heç vaxt heç bir siyasi partiyanın üzvü olmamışam. Lakin həmin partiyada mənim sevimli dostum və bu günə qədər də dostluq etdiyim, önəmli insan Etibar Məmmədov sədr olub. O mənimlə bir sinifdə oxuyub. Bizim bir yerdə çox ağrılı-acılı günlərimiz olub. Amma hər hansı bir siyasi partiyanın rəhbərinin dostu olmaq, sinif yoldaşı olmaq həmin o partiyanın üzvü olmaq demək deyil.

- Dinləyici yazır: İlham Əliyev və İsa Qəmbərdən birini prezident seçməli olsaydınız, kimi seçərdiniz?

GİZLİ SƏS VERƏRDİM

- Hər halda səsvermə gizlidir. Mən də gizli səs verərdim.

- Dinləyici yazır: Müharibə gedən ölkədə 10 milyon manata Gül bayramı keçirmək olarmı?

- Sən bu müharibəyə öz xoşunla getmək istəmisənmi? Sən Şuşaya gücün çatdığın bir köməkliyi aparanda Daşaltında mühasirəyə düşmüsənmi? Sən hər şeyi yadından çıxarıb, Qarabağ yollarında əsir-yesir olub Laçında türk himni oxunanda Azərbaycan himnini yaratmaq arzusunda olmusanmı? Həmin o himni yaratmaq xatirinə gecə gedib, yenə o gecə qayıdıb, həmin o bəstəkarı Laçına aparıb, o sözlərdən Azərbaycan himninin yaranmasında zərrə də olsa qüvvən olubmu? Bu gün sən həmin Qarabağda şəhidlərdən heç olmasa ikisini tanıyırsanmı?

Afaq Bəşirqızı qastrollar barədə nə dedi?

O niyə bir vaxtlar çətinliklərlə qarşılaşıb? Bunun onun yaratdığı obrazlarla əlaqəsi varmı?

“Bəşir” teatrı niyə və kimin dəstəyi ilə Rusiyada fəaliyyət göstərir?

Afaq Bəşirqızı kimləri yer üzündən silmək istəyir? O kimləri öldürmək istəyir?

Afaq Bəşirqızı korrupsiya ilə bağlı niyə danışmaq istəmədi?

Xalq artisti aylıq maaşını niyə gizlətdi?


XS
SM
MD
LG