Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:43

Çayxanada asudə vaxt...


...Bakı Dövlət Universitetində dərnəklərin yerləşdiyi otaqlarda tələbələr məşq edirdilər. Məşqə vaxtından tez gələn tələbələr də var idi ki, elə dəhlizdəcə rəqsə hazırlaşırdılar.

Gənclər təşkilatının sədri, 1-ci kurs tələbəsi Günay Quluzadə qrup yoldaşlarının dərnəklərdə iştiraka maraqları olduğunu desə də, bəzi tələbələr dərslərə görə özfəaliyyət dərnəklərinə çox vaxt qalmadığından gileyləndilər:

“Dərslərim çox olduğundan vaxt qalmır. Mənə dərnəklərdə iştirak etmək yox, dərnəklərin üzvlərinin hazırladığı tədbirlərə baxmaq maraqlıdır”.

BDU-nun klub müdiri Bayram Məmmədov deyir ki, universitet yaranandan tələbələrin özfəaliyyət dərnəkləri də fəaliyyətdədir. Hazırda milli rəqs, break-dans, xor dərnəyi, Şən və Hazırcavablar Klubu, instrumental ansambl qrupu dərnəklərinin 100-dən çox üzvü var. Onun sözlərinə görə, BDU-nun tələbələri universitetdaxili və dövlət tədbirlərində, bəzən xarici festivallarda iştirak edirlər.

Bayram Məmmədov deyir ki, dərnək vəsaitləri üçün maliyyəni Universitet rəhbərliyi ayırır. Universitetdə ictimai işlərlə məşğul olan tələbələrə müəyyən güzəştlər edilir.

SLAVYAN UNİVERSİTETİNDƏ XOR DA VAR, RƏSM DƏ, TEATR DA...
Slavyan Universitetinin özfəaliyyət qrupunun üzvləri və rəhbəri


Slavyan Universitetində isə Yeni İl bayramı hazırlıqları gedir. Tələbələrin çəkdiyi rəsm əsərləri dəhlizin bir hissəsində sərgilənirdi. Özfəaliyyət dərnəklərinin üzvləri olan tələbələr bayram tədbirinə hazırlaşırlar.

Rəsm dərnəyinin rəhbəri Müjgan Xalıqova dərnəyin 36 üzvünün olduğunu söyləyir:

“Bizim tələbələrin rəsm əsərləri sərgilərdə nümayiş etdirilir. Universitet nəzdində bayramlarda bəzən bu rəsmlərini auksiona da çıxarırıq”.

Dram dərnəyinin rəhbəri Gülnarə Məmmədova T.O.T.E.M. teatr dərnəyinin 2009-cu ilin noyabrın 5-də rəsmən fəaliyyətə başladığını qeyd edir:

“Dərnək “Üzeyir Hacıbəyovun 125 illiyinə “Ər və arvad” tamaşasını hazır edərək bir neçə orta məktəbdə, Mərkəzi Muzeydə nümayiş etdirib və təşəkkürnamələr alıb”.

Bakı Slavyan Universitetində özfəaliyyət dərnəkləri 10 ildir yaranıb. Universitetdə 7-8 özfəaliyyət dərnəyi var ki, onlara dram, xor, rəsm, toxuculuq, “Şən və hazırcavablar klubu” və vokal qrupları daxildir. Dərnəklərə tələbələr seçim yolu ilə qəbul olunurlar. Həmkarlar İttifaqından verilən məlumata görə, “özfəaliyyət dərnəyi hər il oktyabr və mart aylarında Beyləqan, Horadiz, Ağdam zonalarında əsgərlər qarşısında konsert proqramı ilə çıxış edirlər.

Təlim-tərbiyə üzrə prorektor Oqtay Səmədov bu ali məktəbdə dərnəklər üçün ayrılan vəsaitlərin tələbələrin özlərinin yardımı və universitetin büdcəsi hesabına təchiz olunduğunu söylədi. Onun sözlərinə görə, bəzən tələbələrin əl işləri Universitet rəhbərliyi tərəfindən alınır. Bu isə həmin tələbəyə həm maddi cəhətdən yardım olur, həm də onların sənətə olan marağı artır.

BİLDİM DEYƏN OLMADI...

Təfəkkür Universitetində isə tələbələrin ali məktəbdəki dərnəklər barədə məlumatları yox idi.

-Dərnək olsa, iştirak edərsiniz?
-Pulsuz çalıb-oxumaq, şəkil çəkmək nəyimə lazım?
-Xeyr, istəmərəm.
-Boş vaxtım olanda Sabir adına kitabxanada təşkil olunan şeir dərnəyində iştirak edirəm.

“Bəs siz tələbə kimi öz asudə vaxtınızı harada keçirirsiniz?” sualına tələbə oğlanların çoxu “çayxanada” cavabını verdi.

ÖZFƏALİYYƏT DƏRNƏYİNƏ 1000-1500 MANAT


Ancaq Azad Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Ruzbeh Rüstəmov Universitetin “Şən və Hazırcavablar Klubu”nun olduğunu dedi:

“Bu klubun 15-dən çox üzvü var. Onlar bir qrup olaraq müsabiqələrdə iştirak edərək qaliblər sırasında yer almışlar. Dəfələrlə Respublika çempionu olublar. Universitet tələbələrin hər çıxışı üçün dekorasiya tərtibatı və avadanlıqlara görə təqribi olaraq, 1000-1500 manat maliyyə ayırır.”
Ruzbeh Rüstəmov istedadlı tələbələrin potensialını üzə çıxarmaqda “Şən və Hazırcavablar klubu”nu yetərli hesab edir.

Qərb Universitetlərində özfəaliyyət dərnəklərini tələbələr də təşkil edə bilər. Hər bir tələbə könüllü tələbə təşkilatı yaradıb tədbirlər keçirə bilər. Universitet bu yolda tələbələrin qarşısında qadağalar qoymur. Kent Dövlət Universitetinin tələbəsi Ülviyyə Əsədzadə bu cür dərnəklərin ABŞ universitetlərində çoxluq təşkil etdiyini söyləyir. Ülviyyə özü də rəqs dərnəyinin üzvüdür və buna görə pul ödədiyini deyir.
XS
SM
MD
LG