Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:50

Akif İslamzadə: «Gücüm özümə çatır»


Akif İslamzadə
Akif İslamzadə
“Azərbaycanda elə bir vəzifə yoxdur ki, o Akif İslamzadə məqamından yüksək olsun”.

AzadlıqRadiosunun “İşdən sonra” proqramında qonaq olan ziyalı Akif İslamzadə dinləyicilərin suallarını cavablandırarkən belə deyib. Veriliş ərzində İslamzadə bir çox məsələlərə aydınlıq gətirib. O, son parlament seçkilərinə qatılmaması barədə sualı da cavablandırıb:

BİR O QALMIŞDI


“Bundan əvvəlki seçkilərdə namizədliyimi irəli sürmüşdüm, sonradan peşman oldum. Gərək heç getməyəydim o seçkilərə. Zaman bu seçkilərdə də göstərdi ki, yaxşı ki namizədliyimi vermədim. Çünki adamı hörmətdən də salardılar. Bir o qalmışdı”.

Akif İslamzadə AXCP sıralarını tərk etməsi barədə deyib ki, o başqa partiyanın üzvü olmaq istəmədiyindən bu addımı atıb:

GÜCÜM ÖZÜMƏ ÇATIR

“Hər bir insanın öz prinsipləri var. Mən gənc dövrümdə, hətta sovetin vaxtında komsomolçu olmamışam. Mən yeganə firqənin, partiyanın üzvü olmuşam, o da Xalq Cəbhəsi. Əgər Xalq Cəbhəsi Partiyası yoxdursa, mən özümü başqa bir partiyada görə bilmirəm. Birləşmə prosesi gedir. Ona görə mənim gücüm özümə çatır. Mən başqa partiyanın üzvü olmaq fikrində deyiləm”.

MÜBARİZƏNİN CÜRBƏCÜR YOLLARI VAR

Buna baxmayaraq, Akif İslamzadə deyir ki, mübarizəsini davam etdirəcək:

“Mücadilə mütləq deyil ki, partiyanın daxilində olsun. Mən öz əqidəmə, öz fikirlərimə heç bir vaxt naxələf çıxan adam deyiləm. Mübarizənin cürbəcür yolları var”.

A.İslamzadə deyir ki, müxalifətdə olmaq hər şeyə tənqidi yanaşmaq, hər şeyi qara görmək demək deyil:

BUNU DA İNKAR EDƏ BİLMƏRİK

“Tənqid xatirinə bu gün mən müxalifətdəyəm, hər şeyi qara görməliyəm, belə olmalı deyil. Bu gün tikintilər, yollarımız...İndi başqa şeydən danışmırıq ki, 3 manat yerinə 5 manat xərclənilir. Axırı tikilir. Bu proses gedir. Yəni, bunu da inkar edə bilmərik”.

Akif İslamzadə AXCP-dən ayrılsa da, birləşmək arzusunda olan partiyalara hakimiyyətə gəlmələri üçün uğur arzulayır:

HAKİMİYYƏT ƏLDƏ OLSA, NƏ OLAR?

“Səmimi arzum odur ki, təki mən səhv edim. Birləşsinlər və hakimiyyətə gəlsinlər. Bunlar hələ hakimiyyətə gəlməyib öz aralarında loru dildə desək yola getmirlər. Hakimiyyət əldə olsa, nə olar? Onda barrikadalar qurular. Özü də yaddan çıxarmaq lazım deyil ki, hakimiyyət olan yerdə maddi maraqlar var. Allah bizə xəlifə adı verdi, amma biz nəfsimizə görə cənnətdən qovulduq”.

A.İslamzadə konkret partiyalar və onların liderləri haqqında mənfi rəy söyləmək istəmədiyini bildirib:

HƏR ŞEY ÜZƏ ÇIXACAQ

“İndidən deyim ki, nəsə olacaq, mümkün deyil. O hakimiyyətdə olanda, o simsim deyəndə ki, qapılar açılacaq, onda hər şey üzə çıxacaq. Kim nəfsinin sahibidir, kim yox. Mən bunlarla işləmişəm. Mən nə Əli bəy haqqında, nə İsa bəy haqqında bir kəlmə mənfi söz deyə bilmərəm. Amma hələ o bizim kövrək addımlarımız idi”.

BU YAŞIMDAN SONRA MƏNƏ VƏZİFƏ TƏKLİF EDƏCƏKLƏR Kİ?

Bu sözlərin arxasında duran mətləblərə aydınlıq gətirməsini istəyən dinləyicilərə Akif İslamzadə “mən həmin Akif İslamzadəyəm” deyib:

“Nə qaranlıq mətləblər?! Mənim bu yaşımdan sonra mənə vəzifə təklif edəcəklər ki? Mən Akif İslamzadəyəm də. Azərbaycanda elə bir vəzifə yoxdur ki, o Akif İslamzadə məqamından yüksək olsun. Mən həmişə xalqın yaddaşında da Akif İslamzadə kimi qalmaq istəyirəm”.

XS
SM
MD
LG