Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:44

«Balaxanının çözülməyən dərdi: yol, su, qaz...»


- Balaxanı kəndi, köhnə kəndir. Vaxtı ilə bura dövlətli kənd olub. İlk neft də buradan çıxıb. İndi isə Balaxanıya baxanda ancaq dağıntı, zibillik görürük. Baxan yoxdur kəndə.

- Hansı tərəfə baxırsan, neft buruğu, bir də zibillik görünür.

- Zibilliklər dəhşətdir. Bu zibilliklər alışsa, bu buruqları söndürmək mümkün olmaz. Ətraf bütün neft gölməçəsidir.

Bakının Balaxanı kəndinin sakini 75 yaşlı Famil Dostəlioğlu ilə kəndin tən ortasında söhbət edirik. Bura yerli sakinlərin “kənd Balaxanı” adlandırdığı ərazi ilə yeni salınan “yeni Balaxanının” birləşdiyi yerdir.

“ZİBİL POLİQONU...”

Təxminən 300 metr aralıda Bakının ən böyük zibil poliqonu görünür. Ancaq poliqonun haradan başladığını müəyyən etmək çətindir. Çünki ətraf tamam zibillikdir. Saysız neft buruqları, göz işlədikcə uzanan neftlə çirkli ərazilər, neft gölməçələrinə tökülən məişət tullantıları, tullantılar içərisində eşələnən onlarla sahibsiz it, yüzlərlə qarğa görünür.


Bizi Balaxanının mərkəzindən bura gətirən taksi sürücüsü Elçin Hüseynov deyir:

“Bu kənddən neft gedir, bizə ancaq zibili qalır”.

YOL, SU, TƏBİİ QAZ...

Ətrafdakı sahibsiz itlərə yaxalanmamaq üçün yenidən maşına minib yaşayış massivinin içərilərinə doğru yol alırıq. Sürücü deyir ki, Balaxanının uzun illərdir çözülməyən 3 problemi var – yol, su, təbii qaz:

Hələ indi yağışlar başlamayıb. Az yağıntı olan kimi yollar keçilməz olur. Nə maşın gedə, bilir, nə insan. Uşaqların hansı vəziyyətdə məktəbə getdiyini görsəniz, dəhşətə gələrsiniz – üst baş palçıq içində.

12 ASFALT ZAVOD VƏ TORPAQ YOL

Balaxanıda kənd içi yollar asfaltlanmayıb, bütün yollar torpaqdandır. Qəsəbədə nə az-nə çox 12 asfalt zavodu var, ancaq kənd sakinləri onlardan gileylidir:

- Bir dəfə asfalt zavoduna getdik. Hərə bir söz dedi. Tüstüsünü udan biz, xeyiri başqasının. Asfalt istəmirik, heç olmasa qışda o tullantıları gətirib yollara töksünlər ki, evimizə gedə bilək.

Kəndin torpaq yolları ilə maşını saatda 20-30 km sürətlə idarə edən sürücü bizi “Yeni
Balaxanı”ya gətirir. Burada yaşayış massivi 1989-cu ildən salınmağa başlayıb. Sakinlər deyir ki, 20 ildən artıq vaxt keçsə də burada yaşamaq üçün şərait yoxdur:

- 2004-cü ildən Burada yaşayırıq, təbii qaz görməmişik.

- Bəs qazsız necə keçinirsiniz?

- Qışda soyuqdan ölürük. Ordan-burdan odun tapıb odun sobası qururuq.

- Ətrafda xeyli zibillik gördük. Heç bu ərazidə zibil qutuları varmı?

- Yoxdur. Mən zibillərimizi yandırıram. Sonra da oğluma verirəm maşınla aparıb harasa atır. Bir də ki su məsələsi. Suyu pulla nə qədər alıb işlətmək olar? 4 ton suyu 18-20 manata alırıq. O da 15 gün güclə çatır ailəyə.

SUYUN AÇARI...

Su demişkən, sakinlər deyir ki, bu ərazidə ümumiyyətlə su xətti yoxdur. Ceyranbatan su xəttindən Balaxanıya ayrılan suyun açarı Zabrat kəndindədir. Borular köhnə olduğundan su açarı açıq qalan kimi Zabratı su basır. İndi bu açarı Balaxanı sakinləri açmaqla, zabratlılar da bağlamaqla məşğuldur:

- O kranı açdıq, kəndə su gəlir. Yarım saatdan, bir saatdan sonra xəbər tutub bağlayırlar, yenə qalırıq susuz. Ancaq bu yeni massivdə ümumiyyətlə su xətti çəkilməyib.

Kənd sakinləri yerli qurumlardan da şikayətçidir. Deyirlər ki, şikayətlərinə baxan yoxdur:

2013-CÜ İLDƏ NƏ OLACAQ?

- Kimin yanına gedirik deyir, 2013-cü ildə yaxşı olacaq. 2013-cü ilə qədər biz yaşamalıyıq, yoxsa yox?

Yeri gəlmişkən 2013-ci ildə “Bakı kəndlərinin sosial inkişafına dair dövlət proqramı” başa çatacaq.

Balaxanı kəndində yaşayan sakinlər həm də marşrut sarıdan əziyyət çəkirlər. Dediklərinə görə, 340 nömrəli marşrut ləğv ediləndən sonra işləri lap çətinləşib:

- 340 tez-tez işləyirdi. Şəhərə tez çıxa bilirdik. İndi 15 saylı marşrutun ümidinə qalmışıq. O da Sabunçudan mədənlərin arası ilə bura düz 1 saata gəlir. İnterval o qədər böyükdür ki, kəndin bu başından o başına ayaqla getsən daha tez çatarsan.

Balaxanıda sahibsiz itlər də çoxdur. Uşaq bağçasının qarşısında, avtobus dayanacaqlarında, hətta icra nümayəndəliyinin qarşısında da sahibsiz itlər dolaşırdı. İcra nümayəndəsi ilə görüşmək üçün sahibsiz itin binadan uzaqlaşmasını gözləməkdən başqa çarəmiz yox idi.

İcra nümayəndəsi Fərhad Qurbanovla onun iş otağında görüşdük. İcra nümayəndəsi isə deyir ki, kəndin problemləri o qədər də çox deyil:

BALAXANI RƏSMİLƏRİN GÖZÜ İLƏ...

-Yollar pis deyil. Asfalt zavodları təmir işlərində bizə yardım edir. İndi su problemimiz də yoxdur. Yayda su qıtlığı çəkirik.

Küçə itlərinin çoxluğunun, zibillərin yığışdırılmamağınının da icra nümayəndəsinə görə öz səbəbləri var:

- Küçə itlərini ancaq Balaxanıda görmüsünüzsə, qəribədir. Zibilliyi də ancaq Balaxanıda görmüsünüzsə, o da qəribədir. Bunlar hamısı vəsaitlə bağlı olan məsələlərdir. Əhali kommunal ödənişləri gec ödəyir, ona görə də əldə yetərli vəsait yoxdur.

- Biz kənddə zibil qutusu görmədik. Onlar harada qoyulur?

Qəsəbənin mərkəzində zibil görə bilməzsiniz, kənarda ola bilər. Bu da onunla bağlıdır ki, Bakı şəhərinin 1 nömrəli zibil poliqonu Balaxanıdadır. Bütün MİS-lərin zibildaşıyan maşınları buradan keçir. Həm də onların heç də hamısı daşınma qaydalarına riayət etmir. Bu səbəbdən poliqona qədər yol kənarları zibillənir.

İcra nümayəndəsinin sözlərinə görə, Balaxanının zibil problemi Məişət Tullantılarının Emalı Zavodu tikiləndə çözüləcək. İndi tikinti işləri davam edir. Tullantılar emal ediləndən sonra yanan maddələrdən elektrik enerjisi alınacaq, küldən isə gübrə əldə ediləcək.

Altı neftlə zəngin Balaxanı torpağı indi ətraf qəsəbə və kəndlərdə özünün zibil poliqonu ilə necə deyərlər dilə-dişə düşüb. Balaxanını zibil poliqonsuz görmək indi əksər yerli sakinlərin arzusudur.
XS
SM
MD
LG