Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:19

Astanada Qarabağ və demokratiya söhbətləri


Dmitri Medvedev
Dmitri Medvedev
56 üzv dövlət, 12 tərəfdaş ölkənin yüksək rütbəli rəsmiləri dekabrın 1-i ATƏT-in Astandakı toplantısında bir araya gəlib, regional məsələləri müzakirə ediblər. Toplantı hələ bir gün də davam edəcək, amma ilk günün çıxışlarına görə demək olar ki, ATƏT-in nüfuzlu üzvləri hələ ki ya bir-birilərindən, ya da ümumiyyətlə təşkilatın səlahiyyətsizliyindən şikayətləndilər.

Məsələn, Rusiya prezidenti Dmitri Medvedev və ABŞ Dövlət katibi Hillari Klinton ATƏT-in son illər fəallığının azalmasından və mənasızlaşmasından şikayət ediblər. Həm ABŞ, həm də Rusiya ATƏT-i regiondakı müharibələrin qarşısının alınması və regional münaqişələrin həllində daha fəal olmağa çağırıb.

VAHİD MEXANİZM HAZIRLANSIN

Rusiya prezidenti Dmitri Medvedev daha da irəli gedərək, ATƏT-in dondurulmuş münaqişələrin həlli üçün vahid mexanizm hazırlamasının lazım olduğunu vurğulayıb. Və belə münaqişələri hərb yolu ilə həll etmək cəhdlərinin də qarşısını almalı olduğunu bildirib:

«Bir daha təkrarlamaq istəyirəm ki, bu cür məsələlər ancaq sülh yolu ilə həll edilməlidir, Gürcüstan iqtidarının 2008-ci ilin avqustunda Cənubi Osetiyaya qarşı əl atdığı hərbi yoldan istifadə tamamilə yolverilməzdir».

6 ELEMENTLİ BAZA PRİNSİPLƏRİ

Gürcüstanla-Rusiya arasındakı münaqişəyə, eləcə də Moldovadakı Dnestryanı və Azərbaycandakı Dağlıq Qarabağ münaqişəsinə ABŞ Dövlət katibi və digərləri də çıxışlarında toxunublar.
İlham Əliyev
Məsələn, Hillari Klinton Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində həllini dəstəklədiklərini və münaqişənin Medvedev, Sarkozi və Obamanın 2009 və 2010-cu illərdə irəli sürdüyü 6 elementli baza prinsiplərinə əsasən həll edilməli olduğunu təkrarlayıb.

Yeri gəlmişkən, Dağlıq Qarabağla bağlı Astana sammitinə bağlanan ümidlər o qədər də özünü doğrulmayıb. Sammitdən öncə Rusiyanın təşəbbüsü ilə hətta baza prinsipləriylə bağlı ortaq sənəd imzalanacağı deyilsə də, sammitin ilk günündə heç nə baş vermədi. Prezidentlər görüşmədilər də.

İLHAM ƏLİYEV ERMƏNİSTANI İTTİHAM ETDİ

Öncə Azərbaycan prezidenti İlham Əliyev sammitdəki çıxışında Ermənistanı danışıqları mənasız prosesə çevirmək istəməkdə ittiham edib. İlham Əliyev Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal etməsindən, etnik təmizləmə aparmasından və güc tətbiqini davam etdirməsindən danışıb. Prezident Ermənistanın hələ də beynəlxalq qərarları, BMT qətnamələrini qulaqardına vuraraq atəşkəsi pozmaqla danışıqlar prosesini uzatmağa və münaqişəni gərginləşdirməyə çalışdığını deyib.

İlham Əliyev əlavə edib ki. 20 ildir ki, danışıqlardan bir nəticə çıxmasa da, Azərbaycan danışıqları davam etdirməyə, ən qısa müddətdə başa çatdırmağa, beynəlxalq hüquq norma və prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə əsaslanan nəticə əldə etməyə hazırdır.

BİRGƏ BƏYANAT

Gün ərzində daha sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya və Fransa) və Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatı açıqlanıb.

Hillari Klinton
Bəyanatda tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə daha qətiyyətli səylərin atılması vaxtının çatdığını bildiriblər. Əlavə ediblər ki, dinc, razılaşdırılmış nizamlanma, sabitlik və təhlükəsizlik, region xalqlarına sülh gətirəcək yeganə yoldur. Və onlar yekun həllinin axtarışına tərəfdar olduqlarını bildiriblər.

DEMOKRATİYA MƏSƏLƏLƏRİ

Silahlı münaqişələr öz yerində, amma ATƏT-in sammitində iştirakçılar həm də üzv dövlətlərin bu qurum qarşısında götürdükləri öhdəlikləri, demokratiya, insan haqları sahəsindəki öhdəlikləri də xatırladıblar.

ABŞ-ın Dövlət katibi Hillari Klinton regionun bəzi dövlətlərinin sadəcə üzdə islahatlar apardığını, seçkilər keçirdiyini, sözdə insan hüquqlarına təminat verdiyini, reallıqda isə insan haqlarını tapdalayan rejimlər qurduğunu bildirib.

Xanım Klinton deyib ki, dövlətin insan hüquqlarının inkişafı proqramı qəbul etməsi kifayət deyil, əgər bu yerinə yetirilməyəcəksə. Dövlətin ancaq özüylə razılaşan QHT-lərlə əməkdaşlıq etməsi də kifayət deyil, əgər digərlərinə qarşı hüquqi və başqa əngəllər yaradacaqsa. Dövlətin Konstitusiyasında söz azadlığına təminat verməsi də kifayət deyil, əgər reallıqda jurnalistlər təzyiqlərə məruz qalır, hətta təhqir olunurlarsa.

ATƏT-in Astana sammitinin ilk günü də elə məhz insan haqları və fundamental azadlıqların vacibliyi ilə bağlı ortaq bəyanatla başa çatıb. Bəyanatda insan hüquqları, media azadlığı, qanunun aliliyi kimi azadlıqların regionda sülh və əməkdaşlığın təminatında mühüm rol oynadığı vurğulanıb.
XS
SM
MD
LG