Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:33

Hacı Zeynalabdin Tağıyevin nəticəsi Bakıda


Əli bəy Nadir Safyurdlu
Əli bəy Nadir Safyurdlu
Ötən həftə Milli Tarix Muzeyinin 90 illik yubileyinin qeyd olunduğu günlərdə Bakıya Hacı Zeynalabdin Tağıyevin qızı Leyla xanımın nəvəsi Əli bəy Nadir Safyurdlu gəldi. Həftənin cümə axşamı Əli bəy AzadlıqRadiosunun Bakı bürosuna da baş çəkdi və «Can Bakı» proqramına müsahibə verdi. Müsahibənin birinci hissəsini təqdim edirik:

- Əli bəy, xoş gördük! Vətənə xoş gəldiniz! Azərbaycanın Vətən olduğunu nə zamandan duydunuz?

- Uşaqlıqdan duydum. Lap kiçiklikdən. Evimizdə 3 şəkil gördüm. Hacı Zeynalabdin Tağıyevin, Əli Əsədullayevin və Leyla Tağıyevanın şəkillərini. Bu 3 şəkillə məmləkətimin Azərbaycan olduğunu hiss etdim.

- Evdə-eşikdə ata-ananız, nənə-babanız öz aralarında qoyub getdikləri Vətən barədə nə danışırdılar? Bir hekayət, bir xatirə, bir əhvalat söyləyirdilərmi?

- Elə çox şey söyləməzdilər. Anam Gülnar xanım heç nə danışmazdı. Ancaq Tağıyevin kim olduğunu deyərdi. Anası Leyla xanımdan, atasından-Əli Əsədullayevdən danışardı. Bu qədər.

- Siz nənəniz Leyla xanımı--Hacının qızını heç görmədinizmi?

ATAM GƏNCƏLİ İDİ

- Heç görmədim. Mənə Leyla xanımdan atam danışardı. Atam Gəncəli idi. Leyla xanımı görmüşdü. Deyərdi ki, həyatımda gördüyüm ən zərif xanımdı. Təəssüf ki, nəvələri-iki qız və mən onu görə bilmədik.

- Əli bəy, atanızın Gəncəli olduğunu söylədiniz. Onun haqqında bir az bilgi verə bilərsinizmi?

- Atam Mahmud İskəndər Səfikürdski idi...

- Bu, Azərbaycanda çox məşhur soyad olub. Məncə, bu soyadlı şəxs ADR-in parlament üzvü olub.


- Elədir. Aslan bəy Səfikürdski babam olub. Anam Bakıdan çox danışmazdı. Ona çox çətin idi Bakını xatırlamaq.

- Niyə evinizdə bu mövzu yasaq sayılırdı? Bəlkə sizləri qorumaq istəyirdi ananız?

ANAM AZƏRBAYCANDAN DANIŞINCA KƏDƏRLƏNƏRDİ

- Qorumaq istəyirdi. Ailəsindəki bütün kişilər ölmüşdü. Odur ki, uşaqlarını bu işə qatmaq istəmirdi. Özü həmvətənləri olan azərilərlə görüşərdi, amma bizi görüşdürməzdi. Atam bizi İstanbuldakı Azərbaycan cəmiyyətinə aparardı. Biz orada Azərbaycan rəqsləri öyrənərdik, mahnı oxuyardıq. Atam çox israr etdiyi üçün anam da ora gələrdi. Ancaq anama bura gəlmək, keçmişi xatırlamaq çətin gəlirdi. Odur ki, çox gəlməzdi. Anam çox nəşəli və xoş bir insan idi. Amma Azərbaycandan danışınca kədərlənərdi, danışmaq istəməzdi...

- Əli bəy, ulu babanızın-Hacı Zeynalabdin Tağıyevin Azərbaycanın az qala ən zəngin adamı olduğunu biləndən sonra təəccübləndiniz, yoxsa təəssüfləndiniz?

- Təəccüblənmədik. Sadəcə, tanımaq istədik. Uşaq idik, çox da anlamırdıq. Hacının yardımsevər bir insan olduğunu bildik. Teatr binası olduğunu öyrəndik, neft quyuları olduğunu bildik. Amma rəsminə baxdıq, başqa bir şey bilmədik...

- Əli bəy, siz harada doğuldunuz? Türk dilini necə öyrəndiniz?

- Mən Nyu-Yorkda doğuldum. 4 yaş yarım olanda İstanbula daşındıq. Atam işini İstanbula köçürdü.

- Atanız nə iş görürdü?

- Atam hər cür ticarət yapardı. Elektron ticarətindən tutmuş-heyvan ticarətinədək. O vaxtlar dünyada ticarət yapmaq çətin idi. Hər iş üçün hökumətdən icazə almaq lazım idi. Atam səbirli adam idi. Bunun yolunu da öyrənmişdi. Yavaş-yavaş icazəsini alardı, sonra mallarını alıb-satardı. Həmişə bir deposu-mal saxlamaq üçün anbarı olardı. Bu malları topdan satardı. Pərakəndə iş yapmazdı. Həmişə telefonla danışardı. Yadımda belə qalıb.

- Ananız Gülnar xanım nə yapardı?


- Anamın 3 uşağı vardı. Bizimlə məşğul olardı. Nyu-Yorkda yaşayarkən evdə kiçik bir iş yapardı. İstanbula gəlincə, biz bir az böyüdüyümüzdən, o «Florence Nightingale»ə (eyni adlı dünyada məşhur şəfqət bacısı adina xeyriyyəçi cəmiyyət - red.) yardım edərdi. Bir də yardımsevərlər dərnəyində çalışardı. Evimiz çox böyük idi. Anam evimizi, bağçamızı çox sevərdi. Vaxtı olanda, çiçəklərə qulluq edərdi. Böyükqaladakı evimiz indi də durur. İndi həm atam, həm anam Böyükqaladakı məzarlıqda uyuyurlar. Ora gedəndə qəbirlərini ziyarət edirik.

- Gülnar xanım sizi necə tərbiyə etdi? Türkcəni necə öyrəndiniz, yoxsa aranızda azəricə danışırdınız?

BİZİ ƏYLƏNDİRMƏK İSTƏYƏNDƏ, TÜRKCƏNİ BURAXIB AZƏRBAYCANCAYA KEÇƏRDİ

- Atam azəricə çox gözəl danışırdı. Bizi əyləndirmək istəyəndə, türkcəni buraxıb Azərbaycancaya keçərdi. Biz də ətrafına toplanıb radio dinlər kimi, kinoya baxan kimi onu dinlərdik. Ətrafımızda heç kim belə danışmırdı. Təkcə Azərbaycan cəmiyyətində hamı belə danışırdı.

- Azəricə danışıq sizin xoşunuza gəlirdimi?

- Bəli. Bizə çox maraqlı gələrdi. Çünki biz eyni kəlmələri dostlarımıza başqa cür söylərdik, əylənərdik...

- Bir misal çəkərsinizmi?

- Atam «alma» deyərdi. Biz də məktəbdə hər kəsə «elma» yox, «alma» deyərdik. Gülüşərdilər. Bir gün «yaxşı» sözünü öyrədərdi. Biz də qaçıb bu sözü dostlarımıza çatdırardıq. Hər dəfə iki-üç kəlmə öyrədib bizi məktəbə yollamağı çox xoşlayardı. Anamgil Bakını tərk edəndən sonra İran-Türkiyə yolu ilə Fransaya-Parisə getmişdilər. O vaxt anamın 4 yaşı varmış. Odur ki, ibtidai məktəbi Parisdə oxudu. Onun fransızcası çox gözəl idi. Fransa ədəbiyyatını çox sevərdi. Xatırlayıram ki, İstanbuldakı Fransa səfirliyinin kitabxanasından kitablar alıb oxuyardı.

- Atanızla ananız harada tanış olmuşdular?

- Atamın ilk evləndiyi xanım Rusiyalı idi. Yuqoslaviyada evlənmişdilər. O evlilikdən Mələk adlı bir qızı vardı. O xanımdan ayrıldıqdan sonra İstanbulda dostlarının evində anamla tanış olurlar, evlənirlər və Nyu-Yorka köçürlər. Biz də Nyu-Yorkda doğulduq. Bacım Mələk 5 dildə tərcüməçilik edirdi. BMT-də çalışdı. Cenevrədə yaşayırdı. Təəssüf ki, erkən yaşda öldü...Toyu Böyükadada olmuşdu. Yaxşı ki, atam onun ölümünü görmədi.

- İstanbula ilk dəfə gəldiyinizi necə xatırlayırsınız?

BACILARIM İNDİ DƏ ŞİMALİ VİRCİNİYADA YAŞAYIRLAR

- Üçümüz də kiçik idik. Bir gün bizi gəmiyə qoyub Türkiyəyə yolladılar. O zaman şəhərdə evimiz yox idi. Atam Böyükadadakı evi almışdı. Yayı orada yaşayıb, sonra şəhərə daşındıq. Məktəbə görə şəhərdə yaşamağa məcburduq. Ancaq bayramlarda və tətillərdə Böyükadaya gedərdik. Orta məktəbi İstanbulda bitirdik. Sonra mən ABŞ-a köçdüm. Orada təhsilimi davam etdirdim. Sonra bacılarım arxamca gəldilər. Bacılarım indi də Vaşinqton ətrafında-Şimali Virciniyada yaşayırlar. İkisi də evlidir. İkisinin də iki oğlu var.

- Bəs ata-ananız nə vaxt vəfat etdi? Siz Amerikaya gedəndən sonra?


- Xeyr. Mən 1973-də İstanbuldan getdim. Atamız 1971-ci ildə öldü. O öləndə hamımız bir yerdəydik. Anam 2007-də öldü. Yenə hamımız Böyükadadaydıq...İkisinin də qəbri oradadır.

- Bəs əvvəllər Leyla xanım kiminlə yaşayırdı?

- Leyla xanım qızı Gülnar xanımla İstanbula köçmüşdü. Anamla atam evlənəndə, Leyla xanım onlarla bərabər idi. Və İstanbulda rəhmətə getdi. Qəbri də ordadır.

- Əli bəyin həyat yoldaşı kimdir?
- Qonağımızın sənəti nədir? Sənət baxımından ulu babasına bir az yaxınlığı varmı?
- Bakıya gəlmək təşəbbüsü haradan doğdu? Niyə belə gec doğdu?
- Bakı Əli bəy Nadir Safyurdluda hansı duyğular oyatdı? Bakını indiyədək gördüyü hansı şəhərə bənzətdi?
- Babasının binaları ilə tanışlıq necə keçdi?
- Bakı Vətən oldumu?
- Və nəhayət, Əli bəy Safyurdlu söhbət boyu bizdən nəyi gizlətdi? Hacının qızı Leyla xanımın başına gələn hadisəni bizə kim anlatdı? Azərbaycanda heç kəsin bilmədiyi o sirdə nələr gizlənir?

XS
SM
MD
LG