Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:25

Hər ay prezidentə məktub yazırlar ki...


Cəlilabad rayonunun Göytəpə kəndində məskunlaşmış Xocalı köçkünü Zakir Ələkbərov AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edir ki, özü və həyat yoldaşı Asiya Ələkbərova 2-ci qrup əlildirlər. Əlilliyə görə Cəlilabad rayon xəstəxanasından pulsuz verilməli olan dərmanlar onlara verilmir. Daha doğrusu, gərək hər ay prezidentə, yaxud hər dəfə bir nazirə şikayət məktubu göndərsinlər ki, pulsuz dərmanları əldə edə bilsinlər:

“DƏRMANLARIN ÇOXUNU TƏQAÜDÜMLƏ ALIRAM”


“Bir ildir ömürlük dərmanlara məhkum olmuşam. Dərmanların çoxunu öz təqaüdümlə alıram. 1996-cı ildə də, 2006-cı ildə də belə prezident fərmanları olub ki, Qarabağ əlilləri dərmanla pulsuz təmin olunsunlar. Bir dəfə Prezidentə müraciət elədim, oradan şikayətimi göndərmişdilər Səhiyyə Nazirliyinə, oradan da bizim Mərkəzi Xəstəxanaya. Heç onda da dərmanların hamısını vermədilər, yarısını onlar verdilər, yarısını özüm təqaüdümlə aldım. Beş ay belə davam elədi, bir dəfə prezidentə yazdım, bir dəfə Nazirlər Kabinetinə yazdım, Bir dəfə Milli Məclisə yazdım, bir dəfə Səhiyyə Nazirliyinə yazdım, bir dəfə də rayonun icra hakimiyyətinə yazdım, yəni hər dəfə birinə yazandan sonra alırdım dərmanları. Həyat yoldaşım da Qarabağ əlilidir, mən bədənimdə qəlpə gəzdirirəm, kontuziya almışam, bronxlarım xəstədir, şəkərəm, həyat yoldaşım da şəkər xəstəsidir”.

“OLA BİLMƏZ”


Cəlilabad rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Vidadi Dövlətov isə əlilin dərmanla bağlı şikayətini araşdıracağını dedi:

“Onlara dərman verilir, ancaq mən yenə maraqlanaram, ola bilməz ki, onlara dərman verilməsin”.

- Şikayətçi deyir ki, hər ay müxtəlif yerlərə yazmayana kimi ona və həyat yoldaşına dərman verilmir.

- Ola bilməz, mənim də o ailəyə böyük hörmətim var, ancaq gərək elə danışmasınlar, hər şeyi haqqına danışmaq lazımdır, mən bilən onlara dərman verilir. Mən onları dəvət edərəm, bir də danışaram, əgər belə bir problemləri varsa, mütləq həll edərik”.

Buna da bax:

XS
SM
MD
LG