Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:29

Namizədlər mahnı oxusa...


Elnur Baimov
«Namizədlər efirdə ağzına gələni danışır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında news.az və armenia.az saytlarının yaradıcısı Elnur Baimov deyib. Onun sözlərinə görə, İctimai Televiziyada namizədlər arasında keçirilən debatlara böyük maraq olsa da, bəziləri buna şou kimi yanaşır.

«Sosial şəbəkələrdə istifadəçilərin rəyini siz alsanız, görərsiniz ki, əksəriyyət İctimai Televiziyada gedən o debatlara üstünlük verir. Və çoxları buna bir şou kimi yanaşır. Yəni texniki nöqteyi-nəzərindən müsbət qiymətləndirərəm ki, efirdən uzaq olan namizədlər efirə çıxıb öz sözlərini demək imkanları var. Amma namizədlər kimi çox pis təşkil olunub. Namizədlərin özləri qeyri peşəkardırlar. Özləri hazırlaşmırlar və peşəkarlarla məsləhətləşmirlər. Yəni efirdə çoxları ağzına gələni danışır. Əfsuslar olsun».

NAMİZƏDLƏR ÖZLƏRİNİ BİABIR EDİR


Elnur Baimovun sözlərinə görə, namizədlərin əksəriyyətini seçicilər tanımadığı üçün onlar bu 4 dəqiqəlik efir vaxtından səmərəli istifadə etməli olsalar da, özlərini biabır edirlər.

«Namizədləri heç kəs tanımır və onlar bu fürsətdən istifadə etmirlər ki, özləri barədə məlumat versinlər. Çoxları bir tikə kağızda yazılan beş sətiri əzbər öyrənə bilməyən adamlar gəlib onu heç normal dildə oxuya da bilmirlər. Onlar özlərini biabır edirlər. Azərbaycanlıların əksəriyyətində böyük eqo hissi var və bu eqodan irəli gələrək onlar özlərini namizəd kimi irəli sürürlər».

Zeynal Məmmədli
Elnur Baimov deyib ki, debatların 90 faizi səviyyəsiz debatlardır və bu da debat iştirakçılarının səviyyəsindən irəli gəlir.

XƏBƏR PROQRAMLARINDA SEÇKİYLƏ BAĞLI NİYƏ HEÇ NƏ YOXDUR?


Jurnalistika nəzəriyyəsi üzrə ekspert Zeynal Məmmədli bildirib ki, seçki dönəmində jurnalistikanın fəaliyyəti bir çox ölkələrdə mass- medianın durumunu qiymətləndirmək üçün hətta yeganə vasitə sayıla bilər.

O deyib ki, efir təcrübəsi olmayan namizədlər efirdən əvvəl psixoloji cəhətdən hazırlanmalıdır.

Zeynal Məmmədli namizədlərin televiziya tərəfindən psixoloji hazırlığına 5 ballıq sistemlə bir bal qiymət düşdüyü fikrindədir.

«Biz bu prosesi bütövlükdə dəyişməliyik. Biz media olaraq bilgi verməliyik. Xəbər proqramlarında seçki ilə bağlı niyə heç nə yoxdur? Və ya debatlar doğrudanmı moderatorlu debat deyil ki, sualı moderator verir, çəkiliş salonuna toplaşan müxtəlif qruplardan olan seyrçilər verir. Bunların seçilməsinin özünün müxtəlif nümunələri var. Çox aktual suallara verilən cavabları seyrçilər müqayisə edə-edə kimə üstünlük verdiyini müəyyənləşdirməlidir. Bunlar niyə bizdə yaşanmasın? Bu debat deyil, bu sadəcə stand-uplardır, monoloqlardır. Bu şəkildə monoloqlar yaxşı olardı ki, klip şəklində olaydı. Belə bir gülməli şey təklif edə bilərəm. Qoy onlar bunu mahnı nəqarəti kimi etsinlər 20 saniyə - 20 saniyə. Bu 4 dəqiqənin içində o, 20 saniyə - 20 saniyə neçə dəfə mahnı oxuya bilərdi? Mesajını mahnı ilə verəydi.
Zəfər Quliyev
Bu, bizim maqazin ruhlu televiziya proqramları üçün heç də pis təklif deyil».

«İMİTASİYA OLUNAN SEÇKYƏ DƏ YOX DEMİŞİK»


Turan informasiya agentliyinin eksperti Zəfər Quliyev isə deyib ki, hazırkı seçkilər sovet dövründəki seçkilərdən heç nə ilə fərqlənmir.

«İndiki parlament seçkiləri Azərbaycanda faktiki olaraq seçkinin bir modelindən o biri modelinə keçid mərhələsidir. Biz artıq hətta imitasiya olunan demokratik seçkilərə əlvida demişik, son prezident seçkiləri, bələdiyyə seçkiləri də göstərdi ki, biz bu modeldən imtina etmişik. Faktiki olaraq Azərbaycan sovet tipli seçki modelinə üstünlük verir, o modelə doğru gedir. Və bu modeldə də heç teledebatlara da yer yoxdur. Mənasız bir elementdir. Və ona görə də faktiki olaraq bu teledebatlarda biz görürük ki, iştirakçılar özləri də ciddi yanaşmırlar».

Zəfər Quliyev deyir ki, debatlarda iştirak edən namizədlərin əksəriyyəti sanki məqsədli şəkildə hazırkı iqtidarı tərifləməklə bəhsə girirlər.

«İndi özümüzü aldatmayaq. Camaat da başa düşür və o debatlarda iştirak edən namizədlər də başa düşür ki, seçən xalq deyil. Ona görə namizədlərin 80 faizi həmin o 4 dəqiqədən istifadə edəndə elə bil xalqa müraciət eləmirlər, iqtidara müraciət edirlər. İqtidarın xoşuna gəlmək istəyirlər. Ona görə ki, seçən odur. Ona görə çalışırlar ki, kim daha çox iqtidarı tərifləyəcək, kim daha çox dövlətin nailiyyətlərindən danışacaq, özünü təklif edəcək ki, bu iqtidarın yolunu mən də getməyə hazıram».

XS
SM
MD
LG