Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:25

Bakıda bağça problemi


Bağçalardakı sıxlığın səbəbi nədir?
Bağçalardakı sıxlığın səbəbi nədir?
«Bu gün Azərbaycanda məktəbəqədər təhsilin inkişafına dövlət tərəfindən də lazımi diqqət yetirilir. Məktəbəqədər təhsil sisteminin təkmilləşdirilməsinə yönəlmiş xüsusi dövlət proqramı qəbul edilmişdir, ümumtəhsil məktəblərində məktəbəqədər yaşlı uşaqlar üçün hazırlıq qrupları şəbəkəsi inkişaf etdirilir».

Bu sözləri Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Moskvada YUNESKO-nun və Rusiyanın keçirdiyi kiçik yaşlı uşaqların tərbiyəsi və təhsili məsələlərinə həsr edilmiş «Millətlərin sərvətinin yaranması» mövzusunda Ümumdünya konfransında bildirib. Mehriban Əliyeva problemlərin də olduğuna toxunub, amma bu barədə detallı danışmayıb.

«GÜCLÜ TAPŞIRIQ OLMASA YER YOXDUR»

Bakı sakini Kərəm Əliyev isə əsas problemi azyaşlı uşaqların öz yaşıdlarıyla bir cəmiyyətdə böyüməsinə kömək edən bağçaların azlığında görür. O, məktəbə hazırlaşan uşağını yaşadığı ərazidəki bağçaya qoya bilmir:

- Bizim evin yanında bir bağça var, Dövlət Neft Şirkətinindir. Biz getdik ora, müdirə də dedi ki, yeri yoxdur. Gərək rəhbərliyə müraciət eləyək. Getdik şirkətə. Orda da dedilər ki, nə qədər adam ərizə verib, növbə gözləyir. Biz təkid elədik ki, mən də, yoldaşım da işləyirik, uşağa mütləq bağça lazımdı. Yaşadığımız ərazidə isə yalnız bu bağçadır. Onda dedilər ki, gərək şirkətdən kimsə güclü tapşırsın.

ARDNŞ-dən deyilər ki, onların nəzdində olan bağçalarda sıxlıq hökm sürür
Kərəm Əliyev neft şirkətində tanıdığı bir kimsə olmadığını, özəl bağçalara isə imkanı çatmadığını deyir.

«ARDNŞ BAĞÇAYA UŞAQ DÜZƏLTMİR!»

Azərbaycan Dövlət Neft Şirkətindən isə AzadlıqRadiosuna dedilər ki, onların nəzdində olan bağçalarda sıxlıq hökm sürür. Əsasən neftçi uşaqlarını götürürlər, yalnız yer qaldığı təqdirdə qeyri-neftçi uşaqları da qəbul edilir. Üstəlik, şirkət rəhbərliyi bağçaya uşaq düzəltmir.

Amma elə Bakıda, təhsil idarəsinin nəzdində olan uşaq bağçalarında da sıxlıqdır. Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin mətbuat katibi Zəminə Əliqızı deyir ki, onlarda olan 308 bağçanın bəzilərində məcburi köçkünlər yerləşib, amma hətta bu bağçalar da tam istifadəyə verilsə belə, tələbatı ödəmək mümkün olmayacaq.

«UŞAQLARIN 50 FAİZİ ƏN YAXŞI HALDA BAĞÇAYLA TƏMİN EDİLƏ BİLƏR…»


- Bakı şəhərində qeydiyyatı olan uşaqların 50 faizi ən yaxşı halda bağçayla təmin oluna bilər. Qalanlar istəsək də, istəməsək də bağçadan kənarda qalacaqlar. Bu məsələ hökumət qarşısında qaldırılıb, yəqin ki, işlər görüləcək.

Ancaq hökumət əlac edənə qədər, Zəminə Əliqızının fikrincə, iş adamları uşaq bağçaları yaratsalar, problemin həllinə xeyli kömək etmiş olarlar. Həm də özəl uşaq bağçalarının qiymətləri rəqabət şəraitində aşağı düşər:

Zəminə Əliqızı
- İndi özəl uşaq bağçalarının qiyməti 200 manatdan başlayır 800 manata qədər. Bu da əlbəttə hər ailənin imkanı daxilində deyil. Özəl bağça çox və qiyməti də əlverişli olsa, nisbətən imkanlı valideynlər uşaqlarını bu bağçaya verər, aztəminatlı ailələr isə dövlət bağçasına. Tələbat var, amma təəssüf ki, qolunu çırmalayıb işə girişən yoxdur.

ALMANİYADA BAĞÇALARIN QİYMƏTLƏRİ BAKIDAN UCUZDUR…

Bir çox Avropa ölkələrində də uşaq bağçasında yer tapmaq problemi var. Almaniyada yaşayan azərbaycanlı Gülnarə Rödel deyir ki, valideynləri işləyən uşaqlara güzəştlər var. Hətta valideynin müraciət etdiyi bağçada yer olmasa, onda başqasını məsləhət görürlər. Qiymətlər də fərdidir, daha doğrusu, valideynin gəlirinə uyğun...Məsələn, az maaşlı valideyn 45 avro ödədiyi halda yüksək maaşı olan valideyn üçün bu rəqəm 70 avro olur.

Gülnarə Rödel deyir ki, almanlar da uşaqlarını daha çox dövlət bağçasına verməyə meyl edir. Özü də bu bağçalardakı şərait heç də özəldəkilərdən geri qalmır. Məsələn, uşaqlar ildə bir dəfə, düşərgəyə gedirlər. Üstəlik, yay ayları ərzində əlavə bir həftəlik düşərgə də mümkündür.

Azərbaycanda da nisbətən ucuz uşaq bağçası yaratmaq olar. «Ümidli Gələcək Gənclər» təşkilatının icraçı direktoru Dadaş Əhmədov deyir ki, bunun üçün icmalara dəstək olmaq lazımdır. Onun fikrincə, əgər dövlətin marağı olsa, icmaların köməyi ilə yaxın illərdə bu problemi həll etmək mümkündür.
XS
SM
MD
LG